Mətbuat icmalı: "Daha iki bank dollar satışını dayandırıb"

Fotonun müəllifi Getty Images

"Azadlıq": "İşini itirən bank işçilərinin sayı 10 minə çatacaq"

Azərbaycanda işini itirən bank işçilərinin sayı 3 min nəfərə yaxınlaşır. Ancaq bu, məşğulluq idarəsinə müraciət edərək, işsizlik statusu almış şəxslərin sayıdır.

Ekspertlər bildirirlər ki, bankların bağlanması prosesi davam etdiyinə görə sektorda işinə son verilənlərin sayı yaxın gələcəkdə xeyli artacaq.

İqtisadçı Azər Mehtiyev Echo.az xəbər saytına bildirib ki, yaxın zamanda ölkədəki maliyyə təşkilatlarının sayında yenidən azalma baş verəcək, əlavə olaraq, hazırda fəaliyyət göstərən banklarda da işçilərin ixtisarı davam edəcək.

Ekspertin sözlərinə görə, maliyyə sektorunun vəziyyətində heç bir yaxşılaşma qeydə alınmır, gələcəkdə işsizlərin sayı daha da artacaq. İxtisarların həcmini təxmin etmək çətindir.

"Hazırkı gündə 3 minə yaxın bank əməkdaşı iş üçün məşğulluq mərkəzinə üz tutub. Nəzərə alsaq ki, vətəndaşların çoxu yeni iş axtarışını özü həyata keçirir, işdən atılanların sayının hansı həcmdə olmasını təsəvvür etmək belə çətindir. Bir şey dəqiqdir ki, real rəqəmlər rəsmi rəqəmlərdən kəskin surətdə fərqlənir", deyə o bildirib.

İqtisadçı Samir Əliyevsə işdən atılan əməkdaşların sayının daha böyük olduğunu deyir:

"İki devalvasiyadan sonra Azərbaycanda 13 bank bağlanıb, axırıncısı Bank Standard oldu. Bazardakı bankların sayı 45-dən 32-yə düşüb. İşdən atılan əməkdaşların sayı təxminən 6500 nəfərə çatıb. Nəzərə alsaq ki, yaxın zamanlarda ölkədə minimum daha 3 bank bağlanacaq, işini itirənlərin sayı daha da artacaq. İşdən çıxarılan bank işçilərinin sayı təxminən 10 minə çatacaq", deyə o qeyd edib.

"Azərbaycan": Xorvatiya prezidenti Azərbaycana rəsmi səfərə gəlib

Oktyabrın 23-də Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Azərtac xəbər verir ki, ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

"Xorvatiya Prezidenti Kolinda Qrabar-Kitaroviçi hava limanında Azərbaycanın baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Nadir Hüseynov və digər rəsmi şəxslər qarşıladılar," deyə məlumatda bildirilir.

"Xalq qəzeti": "İşğal edilmiş torpaqlar Azərbaycanın nəzarətinə qaytarılmalıdır"

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri James Warlick oktyabrın 22-də Bakıda keçirdiyi mətbuat konfransında vurğulayıb ki, Azərbaycanın işğal edilmiş torpaqları bu ölkənin nəzarətinə qaytarılmalıdır.

O, qaçqın və məcburi köçkünlərin öz torpaqlarına qaytarılmasının da danışıqların elementlərinə daxil olduğunu bildirib.

Münaqişənin həlli istiqamətində görüşlərin davam etdirilməsinin əhəmiyyətini vurğulayan James Warlick deyib: "Həmsədrlər artıq bəyan ediblər ki, mövcud status-kvo davamlı deyil".

Fins.az: Daha iki bank dollar satışını dayandırıb

Bu gün, oktyabrın 24-də daha 2 bank, "Azər-Türk bank" və Pakistan Milli Bankının Bakı filialı dollar satışını dayandırıb. Ancaq bank rəsmiləri dollar satışının dayandırılmasının səbəblərini açıqlamayıblar.

"Ötən həftənin son iş günü "Ekspresbank" dollar satışını dayandırmışdı. Artıq bu gün bank 500 dollarlıq limitlə valyuta satışını bərpa edib.

Bundan başqa "Bank VTB (Azərbaycan)" və "Naxçıvanbank" dollar satışını dayandırıb. "Paşa Bank" da xarici valyuta satışını dayandırıb. Bank ancaq öz müştərilərinə 500 dollarlıq limitlə satır.

"Bank Respublika" isə valyuta alıcılarına 5 min dollarlıq limit tətbiq edir.

Beləliklə, dollar satmayan bankların sayı 5-ə çatıb," məlumatda deyilir.

Əlaqəli mövzular