Mətbuat icmalı: Bankların birləşməsi niyə mümkün olmur?

Fotonun müəllifi President.az

"Azərbaycan": İlham ƏLİYEV: "Azərbaycan və Xorvatiya xalqları arasında oxşarlıqlara əsaslanan münasibətlərə önəm veririk"

Oktyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından ölkəmizdə rəsmi səfərdə olan Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviçin və həyat yoldaşı Yakov Kitaroviçin şərəfinə rəsmi ziyafət verilib.

Dövlət başçıları ziyafətdə çıxış ediblər.

Prezident İlham Əliyev öz çıxışında bildirib ki, iki ölkə regional təhlükəsizlik məsələlərinə eyni yanaşmanı tətbiq edir, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıq aparır.

"Biz Xorvatiyanı dost və tərəfdaş ölkə hesab edirik. Biz üç il bundan əvvəl strateji tərəfdaşlıq və dostluq üzrə mühüm sənəd imzalamışıq. Bu sənəd gələcəyə doğru yolumuzu göstərir...Balkanlarda, Avropada, Qafqazda, Xəzər regionunda ticarət, sərmayə qoyuluşu, enerji sahələrində çoxlu imkanlar var və bunlar bizim müzakirələrimizin və əməkdaşlığımızın vacib bir hissəsidir.

Əlbəttə ki, biz yaxın gələcəkdə Avropa enerji bazarında önəmli tərəflərə və yaxın tərəfdaşlara çevriləcəyik. Bu tərəfdaşlıq onilliklərlə davam edəcək. Çünki Azərbaycanın təbii qaz ehtiyatları ən azı 100 il ərzində bizim üçün və istehlakçılar üçün kifayət edəcək. Buna görə də enerji təhlükəsizliyində əməkdaşlıq uzunmüddətli və strateji xarakter daşıyacaq."

Prezident Kolinda Qrabar-Kitaroviç isə çıxışında belə deyib: "...Biz... Avropa İttifaqında da sizin yanınızda olacağıq. Sizi yenə də əmin etmək istəyirəm ki, həm NATO-da, həm də Avropa İttifaqında dostunuz var. Biz strateji tərəfdaşlıq razılaşmasının məqsədyönlü və həqiqətən də strateji olması üçün fəal çalışacağıq. Ölkələrimiz arasında strateji tərəfdaşlıq və dostluq razılaşması üzrə Zaqreb Bəyannaməsinə gəldikdə isə, düşünürəm ki, gələcəkdə birgə komissiyalar və ya başqa qurumlar vasitəsilə əsasını qoyduğumuz dostluq və tərəfdaşlıq çərçivəsinə önəm vermək üçün hər iki ölkənin hökumətinin bir-biri ilə daha da yaxından çalışmasını təmin edəcəyik."

"Yeni Müsavat": Bankların birləşməsi niyə mümkün olmur?

Ölkə banklarının durumu yaxşı olmadığından onların birləşdirilməsi məsələsi müntəzəm olaraq gündəmə gəlir. Ancaq dəfələrlə edilən təkliflərə baxmayaraq, banklar bu məsələdə maraqlı görünmürlər. Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı bildirib ki, bankların məcburi təmərküzləşdirilməsi siyasət elementi kimi qəbul edilmir:

"Biz tənzimləyici olaraq 2-3 bankın, sığorta şirkətinin, qurumun birləşdirilməsini uğursuz cəhd sayırıq. Bu məsələlər əvvəllər sınaqdan keçirilib. Məcburi qaydada iki qrupun birləşməsi idarəetmədə fəsadlar yaradır. İki problem üst-üstə gəlir. Mahiyyət və məsuliyyət dəyişmir. Bank sektorunun sağlamlaşdırılmasında dünya təcrübəsini əsas götürmüşük".

İqtisadçı Natiq Cəfərli qeyd edib ki, Azərbaycanda bu günə kimi birləşmə ənənəsi yoxdur.

"İkinci səbəb odur ki, bankların sahiblərindən başqa, qeyri-rəsmi banklara nəzarət edən şəxslər də var. Hökumətin müxtəlif pillələrində təmsil olunmuş şəxslərdir. Onların öz aralarında münasibətlərindən tutmuş, bankların vəziyyətinə qədər obyektiv və subyektiv məsələlər bankların konsolidasiya məsələsinə maneçilik törədir. Hər bir bank öz problemlərinin ən azı, bir hissəsini həll etmədən birləşmə mümkün olmayacaq. Çünki o, ancaq problemlərin toplanmasına, böyüməsinə gətirib çıxaracaq. Düşünürəm ki, bu yolun da başqa alternativi yoxdur. Ölkədə yaxın gələcəkdə problemli banklar ya birləşdirilməlidir, ya da bağlanmalıdır. Buna məcburən gediləcək, çox banklar bazardan çıxacaq. Çünki bir çox bankların tədiyyə balansında, kredit portfelində də ciddi problemlər var".

Ekspert Əkrəm Həsənovsa bildirib ki, 15 bank ötən rüb üzrə hesabatı gizlədib:

"Hər şey yaxşıdırsa, niyə hesabatlarını gizlədirlər? Belə rəqəm heç Mərkəzi Bankın nəzarət dövründə olmayıb. Vəziyyətin pisləşdiyini görmək üçün təkcə bu kifayətdir. Bir tərəfdən də bankların açıqladığı ötən il üzrə maliyyə hesabatları göstərir ki, xeyli bankın kifayət qədər kapitalı yoxdur. Çoxunun əlli milyonluq kapitalları yoxdur, kapital tələblərinə cavab vermirlər. Bəziləri əmanətləri də qaytarmırlar. Amma təbii ki, lap dərinə gedib, yoxlama aparsaq, ortaya başqa şeylər də çıxacaq. Yəni buna görə də rəsmilər hərdən sadəcə sakitləşdirici fikirlər bildirirlər. Əhali banklara etibar etmir ki, banklarda pul saxlasın. Adi obyektiv göstəricilər göstərir ki, bank sistemində vəziyyət pisdir. Növbəti banklar da bağlanacaq".

Oxu.az: Missiya rəhbəri: USAİD Azərbaycanda BMT İnkişaf proqramı ilə birlikdə layihələr həyata keçirir

"ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) Azərbaycanda BMT İnkişaf proqramı ilə birlikdə Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı bir sıra proqram və layihələr həyata keçirir," deyə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin missiya direktoru Mikaela S.Meredis bildirib.

M.S.Meredisin qeyd edin ki, bu layihələrin bir hissəsi gənclərlə işlə bağlıdır.

"Biz gəncləri cəmiyyətin çox vacib hissəsi hesab edirik. Bunlardan biri gənclərin işsizlik məsələsi ilə bağlıdır. Digəri isə Beynəlxalq Miqrasiya təşkilatı ilə birlikdə reallaşan insan alverinə qarşı müxtəlif proqramlardır. Biz həmçinin UNDP ilə fiziki məhdudiyyəti olan insanların təhsili proqramlarına öz töhfəmizi veririk. Bununla yanaşı, Azərbaycan gənclərinə korrupsiya və onun nəticələri barədə məlumatlar veririk", deyə o qeyd edib.

"Azadlıq": Yanan bina işi: "300 min istədilər"

Image caption 2015-ci ilin mayında Binəqədidə 15 nəfərin ölümü ilə nəticələnən bina yanıb

"Xətaidəki bina yanğınından sonra MTN bizdən 300 min pul istədi. Dedilər ki, həmin hadisədən sonra dövlət rəhbərliyinə təqdim etməyə rəy hazırlanır. Bizim şirkət haqqında orada müsbət fikir getməsi üçün tələb olunurdu bu məbləğ".

Bu sözləri ötən ilin mayında Binəqədidəki yaşayış binasında 15 nəfərin ölümü ilə nəticələnmiş yanğına görə həbs olunanlardan Ələkbər Əsgərov deyib. Ə.Əsgərov binanı üzləmiş "Global Stone" MMC-nin direktoru olub.

O, bu sözləri oktyabrın 24-də keçirilən məhkəmə iclası zamanı verdiyi ifadəsində deyib.

Əlaqəli mövzular