Qadınlar kənd təsərrüfatı səhəsində daha çox "muzdlu işçi kimi çalışır"

qadın fermerin əlləri

Azərbaycanda kənd təsərrüfatı sahəsində sahibkarların əksəriyyəti kişilər olsa da, muzdlu işçilər kimi əsasən qadınlar işləyir, millət vəkili Fəzail Ağamalı deyib.

"Ailənin yükünü çiyinlərində daşıyan qadın, eyni zamanda ailənin dolanışığı ilə də məşğul olur" deyən millət vəkili təəssüflə qeyd edib ki, kənd təsərrüfatı sahəsində çalışan fermerlər arasında qadınların sayı azlıq təşkil edir.

Fəzail Ağamalı Azərbaycanda qanun çərçivəsində gender bərabərliyi təmin edilsə də, müşahidələrin kənd təsərrüfatı sahəsində bunun əksini göstərdiyini bildirib.

"Bu sahədə daha çox kişilər çalışır. Fermer təsərrüfatının rəsmiləşdirilməsində və qurulmasında iştirak etmədiyinə görə qadınların fəaliyyəti statistikada öz əksini tapmayıb", o deyib.

Onun sözlərinə görə, bu sahədə qadınların daha çox muzdlu işçi kimi istifadə edilir və rəhbərlər, sahibkarlar isə əsasən kişilərdir.

"Salyandan Astaraya kimi gedərkən magistral yolun kənarında sahələrdə işləyənlərin əksəriyyəti qadınlardır", deyən cənab Ağamalı muzdlu əməyin də yetərincə qiymətləndirilmədiyini qeyd edir.

Çərşənbə günü "Qadın fermer təsərrüfatları: problemlər, təşəbbüslər və uğurlar" mövzusunda layihənin təqdimatında çıxış edən millət vəkili hazırda dövlətin kənd təsərrüfatı sahəsinə diqqət etdiyini vurğulasa da, o, bu məsələdə 10-15 ilin itirildiyini də təkzib etmir.

Tədbir iştirakçıları ölkədə özəlliklə kənd təsərrüfatı sahəsində çaışan qadın sahibkarların çoxsayılı problemləri olduğunu bildirib.

Layihənin rəhbəri Fainə Hənifəyeva qadın fermerlərin texnologiya və innovativ biliklərin azlığı, bazarın əlçatan olmaması, maddi çətinliklər, diskriminasiya və seksizm kimi problemlərlə üzləşdiyini bildirib.

Layihəni keçirən Qadın Konsensus Mərkəzinin rəhbəri Aynur Camalqızı kənd təsərüfatı ilə məşğul olan fərdi sahibkarların neçə faizinin qadın olması ilə bağlı rəsmi statistikanın olmadığını deyib.

Onun sözlərinə görə, hazırda ancaq kənd təsərrüfatında muzdlu işləyən qadınların sayı məlumdur. Bu say 2014-cü ildə - 10125, 2015-ci ildə isə 9733 nəfər olub.

"Ehtiyac yaranıb, hamı işləməlidir"

Millət vəkili Çingiz Qənizadə isə "zərif cinsin nümayəndələrinin kənd təsərrüfatı sahəsində işləməyini" istəmədiyini deyib. Daha sonra o bildirib ki, bu ilin kənd təsərrüfatı ili elan olunması 5-10 ilə öz nəticələrini verəcək.

"Çətin sahədir, nəzəri savadlı yanaşma lazımdır. … Xalqda tənbəllik də var, neft gəlirləri gəldi, social müavinətlər də xalqda tənbəllik yaratdı. Ancaq ehtiyac yaranıb hamı işləməlidir", o bildirib.

Millət vəkili həmçinin, ölkədəki daha böyük təsərrüfatların olması üçün kiçik təsərrüfatlar birləşdirilməsini təklif edib.

Həmçinin oxu:

Gəncədə mənzillənən "Sahibkar Qadınlar" İctimai Birliyinin sözçüsü Zemfira Ağayeva da kənd təsərrüfatında çalışan qadınların hüquqi biliklərinin azlığından danışaraq, bu biliklərin təbliğ edilməsini dəstəkləyib.

Fəzail Ağamalı təklif edib ki, kənd təsərrüfatı sahəsində maarifləndirmə və stimullaşdırma işləri aparılsın. O, həmçinin İqtisadi İnkişaf və Kənd Təsərrüfatı nazirliklərinin bu işdə birgə çalışmalı olmasının əhəmiyyəti olacağını qeyd edib.

İqtisadiyyat Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Ceyhun İsayevin sözlərinə görə, Azərbaycanda sahibkarlıqla məşğul olan fiziki şəxslərin 20 faizini qadınlar təşkil edir.

O deyir ki, sahibkar qadınların 37 faizi Bakıda, 16 faizi Aran, 15 faizi Gəncə- Qazax, qalanları isə digər iqtiadi rayonlarda qeydiyyatdan keçib. Nazirlik sözçüsü bildirib ki, 2002- 2015-ci illər rəzində 3524 qadın sahibkara Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə 55, 5 milyon manat güzəştli kredit verilib.

2016-cı ilin birinci yarımilində isə 154 qadın sahibkara 8,1 milyon manta güzəştli kredit verilib.

Əlaqəli mövzular

Bu barədə daha geniş