Mətbuat icmalı: Xalq artisti Fuad Poladov "Akademik Milli Dram Teatrından ayrılıb"

Fotonun müəllifi Getty Images

"Azadlıq": Xalq artisti Fuad Poladov Akademik Milli Dram Teatrından ayrılıb

Sənətkarın Akademik Milli Dram Teatrından işdən qovulan Hikmət Rəhimova qarşı edilən haqsızlığa etiraz əlaməti olaraq belə bir addım atdığı bildirilir.

"Məlumata görə, F.Poladov teatrın rəhbəri, Xalq artisti Azər Paşa Nemətovdan Hikmət Rəhimovun geri qaytarılmasını xahiş edib. Müsbət cavab ala bilməyən sənətkar teatrda oynayacağı rolları ilə vidalaşaçağını dilə gətirib.

Xalq artisti Fuad Poladov AzNews.az-a açıqlamasında məsələ ilə bağlı əlavə şərh verə bilməyəcəyini deyib," deyə yazıda qeyd edilir.

Fotonun müəllifi Vikipedia
Image caption Xalq artisti Fuad Poladov AzNews.az-a açıqlamasında məsələ ilə bağlı əlavə şərh verə bilməyəcəyini deyib

Aktyor Hikmət Rəhimov isə məsələni təsdiq edib: "Bunu deməliyəm. Başıma gələn olaylarla bağlı mənə dəstək olan və arxamda dayanan insan Fuad Poladova minnətdaram. Polis bölməsinə, rayon polis idarəsinə məndən xəbərsiz gedən və mənə görə oradakılara narahatlığını bildirən və sonra teatrdan çıxdığını açıqlayan Fuad Poladovdur. İnanın səmimiyyətimə, bununla fəxr etmirəm və şok da yaşamıram. Çünki bu, Fuad müəllimdir. Hər gün mənə ən azı 2 dəfə zəng vurub, ürək-dirək verən Fuad müəllim. Mən sizə bu dünyada da, o dünyada da minnətdaram. Bunu heç kim eləməzdi - heç kim. Hər şeyə görə çox sağ olun".

"Azərbaycan": Əfqanıstandakı sülhməramlılarımızın bir qrupu Azərbaycana qayıdıb

NATO-nun 2015-ci ilin yanvar ayından Əfqanıstan İslam Respublikasında həyata keçirdiyi yeni "Qətiyyətli Dəstək" qeyri-döyüş missiyasının tərkibində fəaliyyət göstərən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 50 nəfərdən ibarət qrupu plana uyğun olaraq rotasiya qaydasında Bakıya qayıdıb.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci il noyabrın 20-dən başlayıb.

Hazırda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 hərbi qulluqçusu, 2 hərbi həkimi və mühəndis-istehkam ixtisası üzrə 2 zabitinin Əfqanıstandakı missiyada iştirak etdiyi bildirilir.

"Yeni Müsavat": Malena Mard: "Avropa İttifaqının Dağlıq Qarabağ münaqişəsi tərəfləri ilə kontaktda olması çox vacibdir"

Avropa İttifaqının (Aİ) Azərbaycan Nümayəndəliyinin rəhbəri Malena Mard bildirib ki, Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberi mütəmadi olaraq Azərbaycan və Ermənistana səfərlər edir.

O qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini dəstəkləmək xüsusi nümayəndənin mandatına daxildir: "Avropa İttifaqı ilə tərəflərlə kontaktda olmaq çox vacibdir. Biz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini və Minsk qrupunun vasitəçilik missiyasını güclü şəkildə dəstəkləyirik," deyə Malena Mard vurğulayıb.

Bu barədə daha geniş