"Artıq heç kimə inamımız qalmayıb"
Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

Motodromdan köçürülən sakinlər təzminat məbləğindən narazıdır

Xocəsən qəsəbəsi Motodrom yaşayış massivində yerləşən 65 ev sahibi evlərinin qəzalı vəziyyətə düşdüyünü deyir. Onlar bunun ərazidə Metropolitenin bənövşəyi xətti üçün deponun tikilməsi və qazıntı işlərinə görə baş verdiyini deyir.

Tikinti işini aparan “BakıMetropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sözçüsü Nəsimi Paşayev isə ərazidə yaşayışın təhlükəli olduğunu bildirir.

Ancaq massivdə yaşayan və əsasən Qarabağdan olan məcburi köçkün ailələri evləri tərk etmək istəmirlər, çünki təklif olunan təzminat məbləğinin miqdarına qane deyillər.

Təzminat məbləği kimi hər kvadrat metrə 500 manat təklif edilir.

Sakinlər deyir ki, Prezident aparatına, Maliyyə nazirliyinə və digər qurumlara məktublar ünvanlasalar da qənaətbəxş cavablar ala bilməyiblər.

Təzminat məbləğinə etiraz edən sakinlər ayın əvvəlində Bakı-Sumqayıt yolunu bağlayıb və əraziyə polis qüvvələri gəlib.

Sakinlər bildirirlər ki, həmin hadisədən sonra onların hərəkətləri izlənilir.

Prezident Aparatına getmək istəyən sakinlər bu cəhdlərinə polisin mane olduğunu və onlara qarşı zorakılıq etdiyini də qeyd edir.

Metropoliten sözçüsü Nəsimi Paşayev Xocəsən qəsəbəsində tikilən depo ilə Avtovağzal stansiyası arasında iki tunelin çəkilməli olduğunu deyir.

O bildirir ki, depo və tunellərin tikilişinə bir neçə il əvvəl başlanılıb.

Qurum sözçüsü tunellərin keçdiyi ərazidə torpğın quruluşunun mürəkkəb olduğunu və mütəxəssislərin ərazini yaşayış üçün təhlükəli hesab etdiyini qeyd edir.

Tikinti işini aparmağına baxmayaraq Nəsimi Paşayev qurumun təzminat vermədiyini və qiymətləndirmə məsələlərinə cavabdeh olmadığını da qeyd edir.

Məsələ ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyəti və Maliyyə Nazirliyindən şərh almaq mümkün olmayıb.