Mətbuat icmalı: "Respublika" qəzeti Təhsil Nazirliyinin məqaləsi barədə yazıb

Fotonun müəllifi Getty Images

"Respublika": Mikayıl Cabbarovun imzası ilə dərc edilmiş məqalə barədə

Qəzet cümə axşamı Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarovun imzasıyla dərc edilmiş "Müstəqillik illərində Azərbaycanda təhsilin inkişafı" adlı məqalə ətrafında yaranmış müzakirələrdən sonra məlumat yayıb:

Azərbaycan Respublikasının Təhsil Nazirliyi və "Respublika" qəzeti bildirirlər ki, qəzetin 2016-cı il 27 oktyabr tarixli nömrəsində dərc olunmuş "Müstəqillik illərində Azərbaycanda təhsilin inkişafı" adlı məqalə nazirliyin strukturları tərəfindən təqdim olunmuş statistik məlumatlara əsaslanıb", məlumatda deyilir.

"Azərbaycan Respublikasının Təhsil Nazirliyi və "Respublika" qəzeti mövzu ilə bağlı əlavə şərhlərə ehtiyac görümürlər", məlumatda qeyd olunur.

Təhsil Nazirliyi "Respublika" qəzetində dərc olunmuş məqalənin Mikayıl Cabbarova aid olmadığını bildirib.

"Azadlıq": Ağacların qanunsuz kəsilməsi ilə bağlı cəzalar sərtləşdirilir

Azərbaycanda meşələrin və yaşıllıqların qanunsuz kəsilməsi ilə bağlı cəzaların sərtləşdirilməsi üçün İnzibati Xətalar Məcəlləsinin 253-cü maddəsinə dəyişikliklər edilməsi təklif edilir.

"Layihəyə əsasən, meşə fonduna daxil olmayan ağac və ya kol əkililərinin qanunsuz kəsilməsinə və ya məhv edilməsinə görə fiziki şəxslər 2000 manat miqdarında, vəzifəli şəxslər 4000 manat miqdarında, hüquqi şəxslər isə 25000 manat miqdarında cərimə ediləcək," - yazıda deyilir.

Şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıq sahələrində tikinti və abadlaşdırma işləri aparılarkən hər bir ağacın və ya kol əkililərinin qanunsuz kəsilməsinə, zədələnməsinə və ya məhv edilməsinə görə fiziki şəxslər 1200 manat, vəzifəli şəxslər 5000 manat hüquqi şəxslər isə 35000 manat miqdarında cərimələnəcək.

Bundan başqa, magistral avtomobil yollarının və dəmir yolunun mühafizə zolaqlarında yerləşən yaşıllıq sahələrində hər bir ağacın və ya kol əkililərinin məhv edilməsinə, habelə qanunsuz kəsilməsinə görə fiziki şəxslərə 2500 manat, vəzifəli şəxslərə 6000 manat, hüquqi şəxslərə isə 40000 manat miqdarında cərimə kəsiləcək.

Meşə fonduna daxil olmayan ağac və ya kol əkililərinin zədələnməsinə görə fiziki şəxslərin 100, vəzifəli şəxslərin 200, hüquqi şəxslərinsə 1000 manat cərimələnəcəyi bildirilir.

"Azərbaycan": İki səfir geri çağırılıb

Prezident İlham Əliyev Lətif Seyfəddin oğlu Qəndilovun "Azərbaycan Respublikasının Çin Xalq Respublikasında və eyni zamanda Monqolustanda, Koreya Xalq Demokratik Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması" barədə sərəncam imzalayıb.

Ötən gün prezident həm də Elxan Polux oğlu Poluxovun Azərbaycan Respublikasının Cənubi Afrika Respublikasında və eyni zamanda Anqola Respublikasında, Zimbabve Respublikasında, Mozambik Respublikasında, Svazilend Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqda sərəncam verib.

Əlaqəli mövzular