Azərbaycanda "silahlı dəstə zərərsizləşdirilib"

DTX Azərbaycanda "Qafqaz camaatı" adlı silahlı qruplaşma yaradılmasına hazırlıq görən dəstəni zərərsizləşdirib. Fotonun müəllifi mtn.az
Image caption DTX Azərbaycanda "Qafqaz camaatı" adlı silahlı qruplaşma yaradılmasına hazırlıq görən dəstəni zərərsizləşdirib

Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti (DTX) terror aktları və silahlı basqınlar törətməyi planlaşdıran silahlı dəstəni zərərsizləşdirdiyini deyir.

DTX-nın keçirdiyi əməliyyat tədbirləri nəticəsində dəstənin 2 üzvü "məhv edilib", bir nəfər isə şübhəli şəxs qismində saxlanılıb, qurumun rəsmi saytında yayılan məlumatda deyilir.

Məlumata əsasən, oktyabrın 26-27-də ölkənin müxtəlif rayonlarında keçirilən kompleks əməliyyat tədbirləri zamanı A. Quliyev saxlanılmasına müqavimət göstərərək ictimai yerdə F-1 tipli əl qumbarasını partlatmağa cəhd edib.

Digər dəstə üzvü, F. Rüstəmovun "Steçkin" markalı tapançadan istifadə edərək xidməti vəzifələrini yerinə yetirən əməkdaşlara atəş açdığı bildirilir.

"Ətrafdakıların həyat və sağlamlığının ümumi təhlükəli, real və qəfil cinayətkar qəsddən qorunması və cinayətkar əməllərə qarşı cavab tədbiri olaraq xüsusi əməliyyat qrupu tərəfindən xidməti silahdan istifadə edilməklə [A.Quliyev, F.Rüstəmov] məhv edilmiş, A.Gülməmmədov isə şübhəli şəxs qismində tutulmuşdur", məlumatda vurğulanır.

Məlumata görə, dəstə ölkə hüdudlarından kənardakı silahlı münaqişələrdə iştirak edən terrorçu silahlı birləşmələrin tabeçiliyini qəbul edərək onlarla əlaqəli "Qafqaz camaatı" adlı silahlı qruplaşma yaratmağa hazırlıq görüb.

Məlumatda həmçinin əlavə olunur ki, onlar "qanunsuz olaraq odlu silah və partlayıcı vasitələr əldə edib terror aktları və silahlı basqınlar törətməyə hazırlıq hərəkətləri görüblər".

Qurumun yaydığı məlumatda deyilir ki, dəstə müxtəlif tarixlərdə "gizli toplaşaraq ölkədən kənarda fəaliyyət göstərən terror təşkilatının rəhbərinə mütləq tabeçiliklərini və sədaqət andını bəyan etmələrinin videoçəkilişini aparıb".

"Cinayətkar niyyətlərinin həyata keçirilməsi, əlavə silah-sursat əldə edilməsi, vəsait toplanılması üçün tədbirlər görmüş, ayrı-ayrı şəxslərə hədə-qorxu altında aylıq ödənişlər tətbiq etmiş, basqın ediləcək konkret şəxslərin güdülməsini həyata keçirmiş, ictimai qaydanı pozmaq, əhali arasında vahimə yaratmaq məqsədi ilə planlaşdırılan xüsusilə ağır cinayət əməlinin törədilməsi ilə bağlı dəstə üzvləri arasında vəzifə bölgüsü aparmışlar", məlumatda deyilir.

Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidməti İstintaq baş idarəsi tərəfindən cinayət işi başlanıb, bəyanatda deyilir.

Əlaqəli mövzular