Natiq Əliyev: OPEC razılaşması İran və İraqın mövqeyindən "asılı olacaq"

Fotonun müəllifi AFP/Getty images
Image caption Natiq Əliyev hesab edir ki, OPEC qərarının gerçəkləşməsi İran və İraqdan asılıdır.

Vyanada OPEC-in xüsusi komitəsinin iclası cərçivəsində təşkilata daxil ölkələrin rəsmilərilə kartelə üzv olmayan dövlətlərin nümayəndələri neft hasilatının sabitləşdirilməsini müzakirə ediblər.

Ötən ay Əlcəzairdə keçirilən görüş vaxtı OPEC istehsalın məhdudlaşdırılacağı barədə bəyanat yaysa da, ölkələr üzrə limitlərin təyin olunması məsələsi öz həllini tapmayıb.

RİA Novosti agentliyinə əsasən Azərbaycanın energetika naziri deyib ki, Əlcəzair qərarlarının gerçəkləşməsi indiyədək hasilatı azaltmağa razılaşmayan İranla İraqın mövqeyindən asılı olacaq.

"‎Hər şey ölkələrin, ilk növbədə İran və İraq kimi OPEC üzvlərinin mövqeyindən asılı olacaq", - Vyanada jurnalistlərə açıqlamasında Natiq Əliyev bildirib.

Onun sözlərinə görə İran və İraq istehsalın artırılması və hasilatın əvvəlki səviyyəsinin bərpasında maraqlıdırlar.

Sentyabrın 28-də OPEC təşkilatı neft qiymətlərini sabitləşdirmək üçün istehsalın gündəlik 32.5-33 mln. barel səviyyəsində məhdudlaşdırılacağı barədə bəyanat yayıb.

Ölkələr üzrə konkret limitlər barədə qərar noyabrın 30-da Vyanada keçirilən görüşdə razılaşdırılmalıdır. OPEC həmin razılaşmaya kartelə üzv olmayan ölkələrin də qoşula biləcəyinə ümid edir, RİA Novosti agentliyi bildirir.

İlin əvvəlində Azərbaycan aşırı neft təchizatının azaldılmasına dair razılaşmanın əldə olunması təqdirində istehsal sahəsində OPEC təşkilatı ilə əməkdaşlığa hazır olduğunu deyib.

Bu barədə daha geniş