Azərbaycan: saatların geri çəkilməsinə "ehtiyac yoxdur"

saat Fotonun müəllifi Jeff J Mitchell

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Azərbaycanda oktyabrın 30-da saatların 1 saat geri çəkilməsinə ehtiyac qalmadığını bildirib.

Nazirliyin məlumatında bildirilir ki, bu, Nazirlər Kabinetinin qərarı ilə Azərbaycanda martın 27-də yay vaxtına keçidin baş verməməsi ilə əlaqədardır.

Qurum bu xəbərdarlığı bəzi mobil qurğularında gecə vaxtı saatların avtomatik olaraq 1 saat geri çəkilməsi səbəbilə verdiyini deyir.

"Buna həmin cihazlarda müvafiq proqram yenilənmələrinin quraşdırılmaması və istifadəçinin telefonunun tənzimləmə parametrlərində "Vaxtın şəbəkədən avtomatik təyin edilməsi" və "Vaxt zonasının avtomatik təyin edilməsi" imkanlarını seçilməməsi səbəb olub. Hazırda bu göstəriciləri seçməklə baş vermiş xətanı aradan qaldırmaq mümkündür. Əgər hər hansı kompüter sistemlərində də belə hallar aşkarlanarsa, vaxtın təyin edilməsi panelindən "avtomatik vaxt zonasının seçilməsi" imkanını aktivləşdirmək lazımdır", APA Nazirliyin mətbuat xidmətinin məlumatında yazır.

Nazirlik Azərbaycanda standart vaxt zonasının GMT+4 olaraq qaldığını bildirib.

Həmçinin oxu: