3 uşaqlı hamilə qadının qətlində günahkar kimdir?

25 yaşlı Səbinə Verdiyeva və həyat yoldaşı 31 yaşlı Xəyal Verdiyev Fotonun müəllifi APA
Image caption Bazar günü Qəbələnin Kürd kənd sakini, 25 yaşlı Səbinə Verdiyeva həyat yoldaşı 31 yaşlı Xəyal Verdiyev tərəfindən "ailə münaqişəsi zəminində aralarında baş verən dava zamanı əli ilə boğaraq öldürülüb, media xəbər verir.

Azərbaycanda üç uşaqlı hamilə qadının qətlə yetirilməsi sosial mediada kampaniyanın başlamasına səbəb olub.

Kampaniya iştirakçıları qadınlara qarşı zorakılıq hallarına diqqət yetirmək, həmçinin belə hadisələrin baş vermə səbəbləri barədə suallar edirlər.

Belə hallara daha çox diqqət yönəldilməsini istəyənlər zorakılıq hallarının təkrarlanmasına görə höküməti ittiham edir.

Ailə, Qadın və Uşaq Problemləri Komitəsi isə bildirir ki, müəyyən problemlər olsa da, hökümətdən məişət zorakılığı problemini həll etmək üçün "siyasi dəstək" mövcuddur.

Bazar günü Qəbələnin Kürd kənd sakini, 25 yaşlı Səbinə Verdiyeva həyat yoldaşı 31 yaşlı Xəyal Verdiyev tərəfindən "ailə münaqişəsi zəminində aralarında baş verən dava zamanı əli ilə boğaraq öldürülüb, yerli media xəbər verir. Qadının valideynləri qızlarının boğulma ilə deyil, "xüsusi amansızlıqla, küt alətlərdən və bıçaqdan istifadə edilərək qətlə yetirildiyini" iddia edib.

Onlar APA-ya bildirib ki, qızları əvvəllər də döyülüb, hətta mart ayında qadının burnu sındırılıb, amma "polis hər hansı tədbir görməyib". Valideynlər bu dəfə evlərinə qayıtmış 3 uşaqlı və hamilə olan qızlarının "kənd icra nümayəndəsi Eyyub Alıyevin zəmanəti ilə geri qayıtdığını" deyib. Eyyub Alıyevdən bu barədə şərh almaq mümkün olmayıb.

"Üç uşaq anası nə edibki?

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü, deputat Tahir Rzayev isə belə məsələlərlə bağlı narahat edilməməyi və sualların sosial siyasət komitəsinə ünvanlanmasını istəyib.

Baş vermiş faktdan xəbəri olmadığını bildirən deputat müxbirimizə ilk olaraq "üç uşaq anası nə edib ki" sualını verib.

Tahir Rzayev sonradan "faktın özü yaxşı fakt deyil... vəhşilikdir... başqa heç nə deyə bilmərəm" deyə əlavə edib.

Hüquqşünas, feminist fəal Zaur Qurbanlı qadınlara qarşı zorakılıq hallarının 90 faizinə görə höküməti ittiham edir.

"Mentaliteti hökümət formalaşdırır"

"İnsanların mentaliletini formalaşdıran rejimdir və cinayətə qiymət verilməsi, maarifləndirici təbliğatın aparılması da, ilk növbədə, hökümətin üzərinə düşür.. Belə mentalitet hökümətə sərf edir", cənab Qurbanlı deyir.

Onun sözlərinə görə, insanların öz hüquqlarını başqa yerdə realizə edə bilməməsi cəmiyyətin fiziki və hüquqlarının qorunması cəhətlərindən nisbətən zəif olan qadınlara və uşaqlara ziyan gətirir.

"Heç kim - öldürülənin nə qardaşı, nə də atası qisas almalıdır. Qisas fərdi deyil, ictimailəşdirilməli və ona ictimai olaraq cəza kəsilməlidir. Məhkəmələrdə polisdə rüşvət olmamalıdır ki, insanlar qisas hisslərinin təmin olunacağına inansınlar", o əlavə edir.

Sabiq deputat və Milli Şura üzvü Gültəkin Hacıbəyli baş vermiş hadisəni "dəhşətli" adlandırıb.

"Bu, cəmiyyətin hansı səviyyədə olduğunun, qadınlara qarşı zorakılığın hansı səviyyədə yayıldığının göstəricidir", xanım Hacıbəyli əlavə edib.

"Qadının atası deyib ki, qadın dəfələrlə qaynanası, qaynatası, həyat yoldaşı tərəfindən dəfələrlə döyülüb, burnu sındırılıb, başqa bədən xəsarətləri alıb, bunun əksinə o ailə cəzalandırılmayıb, əksinə qızın valideynləri səhv edərək onu həmin vəhşi mühitə qaytarıblar. Bu cəmiyyətdə qadın zorakılığı məsələsinin nə qədər aktual olduğunu göstərir. Bu, həm də hakimiyyət orqanlarının nə qədər yerində olmadığını, nə qədər fəaliyyət göstərə bilməməsini sübut edir".

Qadının valideynlərini də "mənəvi təqsirdə" ittiham edən Hacıbəyli deyir ki, qızın "dəhşətli işgəncə faktlarının olduğunu bilə-bilə icra nümayəndəsinin xahişi ilə ər evinə yola salınması da cinayətdir".

Ümumilikdə isə o məişət zorakılığı halllarının artmasını cəmiyyətdə "işsizlik, yoxsulluq və iqtisadi vəziyyətdən yaranmış gərginliklə" əlaqələndirir.

"Uzun müddət dövlət orqanları mentalitetlə izah etməyə çalışıblar, amma burada dövlətin buraxdığı çox böyük səhvlər var. Qadınları döymək inzibati xətalar məcəlləsinə keçirilməsəydi prokurorluq qadına əl qaldıranlara qarşı müəyyən addımlar ata bilərdi. Bu cinayətə bərabər səhvdir".

Xanım Hacıbəyli tez-tez təkrarlanan qadın ölüm hallarını nəzərdə tutaraq deyir ki, qadınların vəziyyətiylə bağlı "həyəcan təbili çalmağın vaxtıdır".

"Siyasi dəstək"

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sözçüsü Elgün Səfərov deyir ki, ailə-məişət zəminində zorakılıq hallarının aradan qaldırılması üçün addımların atılması və qadınların hüquqi müdafiəsi üçün "siyasi dəstək mövcuddur".

Cənab Səfərov əlavə edir ki, məişət zorakılığı istiqamətində yeni Milli Fəalliyyət Planı da hazırlanıb.

"1 ildir ki hər rayon icra hakimiyyətlərində xüsusi monitorinq komissiyaları yaradılıb. Bugün onlar bütün zorakılıq hallarının baş verməsinin qarşısının alınması və zorakılıq baş vermiş ailələri nəzarətdə saxlamaq üçün müvafiq addımlar atır".

Onun sözlərinə görə, həmçinin qanunvericiliyin təkmilləşdirilməsi və yeni qanun təkliflərinin edilməsi, yeni planın qəbulu ilə koordinasiya işlərinin gücləndirilməsi və dövlət qurumlarının bu işə koordinasiya ilə yanaşması planlaşdırılır.

"Xüsusi fiziki zorakılığa görə Cinayət Məcəlləsində məsuliyyət növu əks etdirilməyib. Burada hüquq-mühafizə orqanları daha çox döymə maddəsinə -az və ya orta sağlamlığa zərər vurma maddələrinə müraciət edirlər - bunun isə təkmilləşdirməyə ehtiyac var, xüsusi maddənin - ailə üzvləri tərəfindən bir-birinə qarşı zorakılıq halları törədiləndə ağırlaşdırıcı hallar kimi qeyd edilməlidir".

Cənab Səfərov qeyd edir ki, həmin fəaliyyət planı 2017-ci ildə qəbul edilərək tətbiqinə başlanılacaq.

O son 6 ildə hökümət tərəfindən xüsusi ("Məişət zorakılığının qarşısının alınması haqqında") qanunun qəbul edildiyini, tənzimləmələr həyata keçirildiyini və Komitənin 300-dən çox ümümrespublika, 1000-dən çox kiçik layihələr etdiyini söyləyib. O 2012-ci ildən bəri bu layihələrə icra hakimiyyətləri və polis şöbələrinin də daxil edildiyini deyir.

"Hüquq-mühafizə orqanları və icra nümayəndələri, ümumiyyətlə, yerlərdə fəaliyyət göstərən hüquq müdafiəçilərinin xüsusi peşə hazırlığı ilə ixtisaslaşmalıdır".

Sözçü əlavə edir ki, həyata keçirilməli olan növbəti addımlardan biri də "dövlət sığınacağının yaradılması"dır.

Hərçənd o, qanunvericilik baxımından Azərbaycanın region ölkələrindən - Rusiya, Gürcüstan və Türkiyədən qabaqda olduğunu deyir.

Komitə bildirib ki, Azərbaycanda qadınlara qarşı zorakılıq hallarının statistikasında 2014-cü ildə 2114, 2015-ci ildə isə 2248 cinayət və inzibati iş qeydə alınıb. Onlardan qısqanclıq və ailə-məişət zəminində 2014-cü ildə 809, 2015-ci ildə isə 867 fakt baş verib.

2015-ci ildən bəri Komitə, DİN və icra hakimiyyətlərindən alınan məlumatlar əsasında məlumat bankı hazırlayır. Məlumat bankının rəqəmlərinə əsasən 2015-ci ildə 346, 2016-cı ilin ilk yarısında isə 183 işlə bağlı araşdırmalar edilib. 2014-cü ildə 23 fakt və 2015-ci ildə 32 fakt ölümlə bitib.

Əlaqəli mövzular

Bu barədə daha geniş