Mətbuat icmalı: "Manatın məzənnəsi bank sektorunun vəziyyətindən asılı olacaq"

Fotonun müəllifi Getty Images

"Azadlıq": Azərbaycanın beynəlxalq təşkilatdan çıxarılmasına çağırış edilib

"Global Witness" beynəlxalq qeyri-hökumət təşkilatı Azərbaycanın vətəndaş cəmiyyətinə olan təzyiqlərdən və ölkənin Mədən Sənayesində Şəffaflıq Təşəbbüsündəki (EİTİ) statusunu saxlamaq cəhdlərindən bəhs edən təhlil yazısı hazırlayıb.

Təşkilat həmçinin Azərbaycanın ciddi islahatlara getməyəcəyi təqdirdə onun EİTİ üzvlüyündən çıxarılmasına çağırış edir. Yazıda deyilir:

"Müstəqil vətəndaş cəmiyyətinə - jurnalistlərə, müxalif siyasətçilərə, insan haqları müdafiəçilərinə, digər müxalif səslərə qarşı sürəkli zorakı repressiya və rəsmilərlə bağlı korrupsiya faktları bir çox azərbaycanlının baxışında artıq adiləşib. Belə bir şəraitdə Azərbaycanın hələ də nüfuzlu EİTİ təşkilatının üzvü olaraq qalması necə mümkün olur?..

... Bir neçə gün qabaq isə EİTİ İdarə Heyətində Azərbaycanın təşəbbüsdəki fəaliyyətinə xitam verilməyi barədə müzakirə aparıldı. Amma Azərbaycan hökuməti sanksiyalardan yaxa qurtarmaq üçün vətəndaş cəmiyyətinə qarşı kosmetik yumşalmalar irəli sürdü...

Məsələ odur ki, Azərbaycan problemləri həll etmək üçün heç bir addım atmır. Azərbaycan sanksiyalardan yaxa qurtarmaq üçün çoxlu öhdəlik götürüb, ancaq qaydaları pozaraq, hələ də bu öhdəlikləri yerinə yetirmir.

Dəyişikliyi kağız üzərində deyil, praktikada həyata keçirdiyini göstərən zəruri islahatlar hələ də həyata keçirilməyib", yazıda deyilir.

...Əgər Azərbaycan hökuməti vətəndaş cəmiyyətinə qarşı təqibləri dayandırmasa, bunun nəticələri ilə üzləşməli və təşkilata üzvlüyün verdiyi faydalardan məhrum olunmalıdır..."

Fins.az: Azərbaycanda "Yerli Demokratiya həftəsi" başlayır

2016-cı ilin oktyabrın 31-dən noyabrın 5-dək "Azərbaycanda Yerli Demokratiya Həftəsi"keçiriləcək.

"Ardıcıl olaraq yeddinci dəfə keçiriləcək həftə çərçivəsində bələdiyyələr sosial layihələri reallaşdıracaq, seçiciləriylə görüşlər təşkil edəcəklər.

Bu işdə Azərbaycan Milli Bələdiyyə Assosiasiyaları da ciddi şəkildə bələdiyyələrə öz metodik tövsiyyələrini göndəriblər," - məlumatda deyilir.

"Yeni Müsavat": "Manatın məzənnəsi birbaşa bank sektorunun vəziyyətindən asılı olacaq"

İqtisadçı Vüqar Bayramov qəzetə geniş müsahibə verib.

O qeyd edib ki, manatın məzənnəsini Mərkəzi Bank inzibati yolla müəyyənləşdirməyə çalışır: "Əvvəlki kimi tam inzibati deyil, üzən məzənnə siyasəti olsa da, tənzimlənən üzən məzənnə siyasətidir, liberal üzən məzənnə siyasəti deyil."

Ancaq iqtisadçı həm də bu yolun qısamüddətli dövr üçün effektli olduğunu qeyd eidb. "Mərkəzi Bank məzənnəyə qısamüddətli deyil, daha çox strateji mövqedən yanaşmalıdır.

Nə qədər ki, qısamüddətli dövr üçün prioritetlər müəyyənləşdirilir, o qədər də manat bir müddət dəyər itirəcək, sonra qısa müddət möhkəmlənəcək, sonra yenidən dəyər itirəcək. Praktiki olaraq, manatın bazar dəyəri müəyyənləşdirilməyəcək.

Ona görə də, strateji olaraq manatın bazar dəyərinin möhkəmləndirilməsinə çalışmaq lazımdır. Dollara tələb yüksəkdir və bu səbəbdən manatın məzənnəsi aşağı düşüb.

...İlin sonunda istər bankların, istər şirkətlərin, istərsə də dövlətin xarici borc öhdəlikləri həyata keçirilir. Həmçinin ilin sonunda xaricə gedənlərin sayında artımlar müşhidə olunur.

Bütün bunlar dollara tələb deməkdir. Yığım vasitəsi olaraq da vətəndaşlar dollara üstünlük verirlər.

Diqqət etdinizsə, əvvəlki aylarda dolların möhkəmlənməsi hər 100 manata görə, 30-40 qəpik civarında idisə, indi birdən-birə 80 qəpik oldu. Gün ərzində bəzən manat hər yüz dollara görə, 1 manat dəyər itirir," deyə o bildirib.

Vüqar Bayramov dollarla olan kreditlərlə bağlı vəziyyətə də münasibət bildirib: "Mən dollarla olan kreditlərə güzəştlərin edilməsinin tərəfdarıyam və bununla bağlı təkliflərim də var.

Bu həm vətəndaşların sosial vəziyyətinin yaxşılaşması, həm də bank sektorunun özü üçün vacibdir. Problemli kreditlər nəticədə bank sektorunun likvitliyini azaldır. ...Bu sahədə güzəştlərin edilməsi bütün ailələri əhatə edəcək..."

Əlaqəli mövzular