Masallı icra başçısı jurnalisti "işgüzar mənafeyinə mənfi təsir etməkdə" ittiham edir

Mirələm Həşimov Fotonun müəllifi cenubnews.com

Masallı rayon icra başçısının rayon ərazisində çalışan jurnalistə qarşı qaldırdığı cinayət ittihamı təzyiq vasitəsindən başqa bir məqsəd daşımır, vəkil Cavad Cavadov BBC Azərbaycancaya verdiyi müsahibəsində deyib.

İcra başçısı, Rafil Hüseynov cenubnews.com saytında "Masallıda pensiya alanlar etiraz etdi, yol bağlandı" yazısının onun "işgüzar mənafeyinə mənfi təsir" göstərdiyini əsas gətirərək məqalənin müəllifi olan jurnalist, Mirələm Həşimova qarşı xüsusi ittiham qaydasında cinayət məcəlləsinin ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma maddəsi ilə iddia qaldırıb.

Oktyabrın 24-ü dərc olunan məqalədə, pensiya alan bir qrup sakinin bankomatlardan pul çəkə bilməməsi ilə bağlı yaranan narazılıqlarını yolu bağlamaqla nümayiş etdirmələrindən bəhs olunur.

Nə məqalədə, nə də yayımlanan videoda nəinki icra başçısı, heç kim təhqir olunmayıb və heç kimə qarşı da orda ittiham qaldırılmayıb, saytın redaktor əvəzi Mirələm Həşimov BBC Azərbaycancaya müsahibəsində deyir.

İcra hakimiyyətinin hüquq söbəsinin müdiri Məmmədhüseyn Hüseynov deyir ki, "jurnalist doğrudursa keçiriləcək məhkəmədə günahsızlığını sübuta yetirər və bəraət hökmü alar".

"Gülünc"

Jurnalist Mirələm Həşimov deyir ki, icra başçısının ona qarşı belə bir cinayət işinin başlatmaqda məqsədi onu "susdurmaqdır" və "istəmir ki, Masallıda yaşanan neqativ hallar işıqlansın".

"Masallıda bizdən başqa heç bir sayt bu xəbəri verməyib. Zatən də verə bilməzlər, ya həmin adam işdən çıxararlar, ya da qəzeti bağlayarlar. Bilirlər ki, burda mənəm bir nəfər, nə baş verdi çəkib verirəm", jurnalist deyir.

Cənab Həşimov baş vermiş hadisədən foto və videoların olduğunu deyərək, məlumatın yalan olması ilə bağlı iddiaları "gülünc" adlandırır.

O əlavə edir ki, ötən ilin də eyni ayında icra başçısı onun "guya" şərəf və ləyaqətini alçaltmasıyla bağlı təzminat davası başlatmış və irəli sürdüyü 5000 manat təzminat son olaraq apellyasiya məhkəməsində 500 manata endirilmiş və 3 xəbər təkzibi verilməsi haqda qərar çıxarılıb.

Vəkil Cavad Cavadov deyir ki, ittiham aktında hansı ağır cinayətdən söhbət getdiyi və icra başçısına qarşı irəli sürülən böhtanın nədən ibarət olması əsaslandırılmayıb.

Maddənin tələblərini şərh edərək vəkil bildirir ki, maddədə şikayətin obyekti insan şəxsiyyəti əleyhinə törədilən cinayətdir, lakin ittihamda "icra başçısı işgüzar nüfuzundan və ona xələl gətirilməsindən danışır".

"Hüquqi şəxs olaraq onun belə bir iddia qaldırmaq səlahiyyəti yoxdur. Qoy izah etsin ki, ona hansı böhtan atılıb. Xüsusilə ağır cinayət deyəndə məqsəd jurnalisti susdurmaqdır, [ittiham aktını] oxuyandan sonra mən buna başqa izahat verə bilmirəm", deyə vəkil yerli məhkəmənin bu cinayət işini götürməkdən imtina edəcəyinə ümid edir.

Cənab Cavadov əlavə edir ki, Mirələm Həşimov jurnalist kimi gördüklərini "sadəcə qeydə alıb və yayıb" və bu zaman icra hakimiyyətinə aid nə fikir, nə də şərh verilib.

Masallı RİH-nin hüquq söbəsinin müdiri Məmmədhüseyn Hüseynov bildirib ki, məqalədə "bilə-bilə yalan məlumat verilib" və yazılıb ki, rayonda "guya iğtişaşlar yaranır, aksiya keçirilib və rayon rəhbərliyi də məsuliyyətsizlikdə ittiham olunub".

"Bankomatdan sakinlər eyni vaxtda pul almağa çalışıb və insanların sayı bir qədər çoxalıb. Onu da aksiya kimi qələmə verib. Ona görə rayon icra hakimiyyətini məsuliyyətsizlikdə, səhlənkarlıqda ittiham edir ona görə də icra başçısı belə bir ittiham irəli sürüb ki, onun dedikləri yalandır".

İcra rəsmisi qarşı tərəfin bu ittihamlara "məhkəmə araşdırmasında cavab verəcəyini" deyib.

Məhkəmə iclası Masallı rayon Məhkəməsində 7 noyabra təyin edilib.

Əlaqəli mövzular