Rais Rəsulzadə
Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

Sürgündə doğulmuş rəssam - Rais Rəsulzadə

Noyabrın biri Əməkdar rəssam, Azərbaycan Dövlət Pedaqoji Universitetinin 38 illik müəllimi Rais Rəsulzadə 70 illik yubileyini qeyd edir.

Azərbaycan Xalq Cumhuriyyətinin banilərindən biri olan Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rais Rəsulzadə 1946-cı ildə Qazağıstanda sürgündə anadan olub.

Karaqanda şəhərində orta məktəbə gedib və eyni zamanda paralel şəkildə qiyabi olaraq Krupskaya adına Ümumittifaq Qiyabi İncəsənət Xalq Universitetində təhsil alıb.

Rəssamlığa uşaq yaşlarından marağı olduğunu deyən Rais bəy, atası Azərin də rəsmlər çəkdiyini qeyd edir.

"Bu mənim qanımda idi" deyən müsahibimiz, rəssamlıqla yanaşı yüngül atletika və şahmatla da ilə məşğul olduğunu bildirir.

Natürmort, mənzərə, kompozisiya, portret və digər üslublarda rəsmlər çəkən Rais Rəsulzadə Bakıya gələrək rəssamlıq üzrə thəsil almağı qərara alır. O, 1965-1969-cu ildə isə Əzim Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbinin tələbəsi olub.

Əsgərlik zamanı 12 hərbi hissə arasında "Hərbi hissənin ən yaxşı tərtibi" mövzusunda keçirilən müsabiqədə onun xidmət etdiyi hərbi hissə müsabiqənin qalibi olur.

Cənab Rəsulzadə deyir ki, dəfələrlə həm Qazağıstan, həm Rusiya, həm də ittifaqın digər ölkələrində müxtəlif vəzifələr və iş təklif olunsa da, o, həmişə Bakıya qayıtmağı üstün tutub.

1971-ci ilin hərbi xidmətdən sonra Bakıya qayıdan cənab Rəsulzadə 1972-ci ildə Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun bədii qrafika fakultəsinə daxil olur. Beş il sonra isə o, elə bu təhsil ocağında müəllimlik fəaliyyətinə başlayır.

Fəaliyyəti boyunca müxəlif üslublara müəraciət etsə də, Rais bəy hazırda Azərbaycan mənzərələrini çəkməyə üstünlük verdiyini deyir. O, bu səbəbdən Bakı kəndlərinə və ölkənin digər rayonlarına tez-tez səyahət edir.

Noyabr ayında iki sərgisi nəzərdə tutulan rəssam ən böyük arzusunun "hamı üçün əmin-amanlıq" olduğunu da bildirir.

Videonu BBC Azərbaycanca müxbiri Günel Səfərova hazırlayıb.