Rəşad Şirinin bloqu: Etiraz və uzun məsafəyə qaçış sənəti

Concepcion Picciotto təxminən 30 il Ağ Evin önündə etiraz edib Fotonun müəllifi TIM SLOAN/ Getty
Image caption Concepcion Picciotto təxminən 30 il Ağ Evin önündə etiraz edib

Hardasa beş-altı ilin söhbətidir. Washington-da idik və Ağ Evin önündə bütün digər turistlər kimi var-gəl edirdik. Obama artıq ABŞ-ın prezidenti idi.

Birdən gözüm yaşlı bir xanıma sataşdı. Çadırın qabağında durub əlində poster tutmuşdu. Posterlərlə müharibəyə və nüvə silahına etiraz edirdi.

Yaxınlaşdım, söhbət etməyə başladıq.

Xanım həqiqətən yaşlı idi, 70 yaşlarında. Başında dəmir dəbilqə, onun altında isə nəhəng parik var idi. Çox qəribə və biraz da gülməli görüntüsü vardı qadının.

Hekayəsini danışmağa başladı. Adı Concepcion Picciotto idi. Sən demə 30 ilə (!) yaxındır ki Ağ Evin önündə etiraz edir. Sadəcə çadır quraraq və orada yaşayaraq.

Amerika tarixinin ən uzun davamlı siyası etiraz aksiyasının iştirakçısıdır. Tək başına.

2009-a qədər William Thomas adında bir həmfikiri də varmış, amma elə həmin il vəfat edibmiş.

Başına dəbilqə taxmağının səbəbi isə o idi ki, xanıma İraqdan gələn amerikalı əsgərlər hücum etmişdilər və bu hərəkət təkrarlanarsa, hazır olmaq istəyirdi.

Əsgərlərin qəzəbinə tuş gəlməsi də elə müharibəyə etirazı idi. Müharibədə dostlarını itirmiş hərbçilər Concepcion nənənin bu aksiyasını anlamırdılar və ona qəzəbli idilər.

Yaşlı xanımın çox maraqlı həyat hekayəsi vardı. 1960-cı ildə İspaniyadan ABŞ-a gəlib və bir neçə yerdə çalışdıqdan sonra davamlı etiraza başlayıb.

Başlanğıcda ABŞ-ın sərbəst toplaşma və ifadə azadlığı ilə bağlı qayda-qanunu sərt olub. Polis çox müdaxilələr edib, çadırı yığışdırıblar dəfələrlə, amma son zamanlar artıq sanki razılıq var, deyir Concepcion.

Concepcion bir növ turistlər üçün cazibə mərkəzinə çevrilmişdi, müxtəlif dillərdə insanları salamlaya bilirdi. Çox şirin və sevimli qadın idi. Neçə prezidenti yola salmışdı. Heç birinin sülh məsələsində səmimi olduğuna inanmırdı. Soruşdum ki, bəs deyirlər axı Obama yaxşıdı. Dedi ki, o da elə o birilərinin tayıdı.

"Yaxşı prezident olsaydı məni çaya dəvət edərdi, mənimlə söhbət edərdi, 30 ildi burada etiraz edirəm. Və mən ona deyərdim ki, Amerika öz müdaxiləçi siyasətindən və nüvə silahından vaz keçməli, müharibələri dayandırmalıdır", Obama haqqında belə dedi.

Tənbəllik eləmədim, Concepcion-la söhbətimdən sonra yaxınlıqdakı polis zabitinə yaxınlaşdım. "Bu qadın burada nə iş görür və sizin bununla bağlı siyasətiniz nədir?" qəbildən provokativ suallar verdim.

Polis zabiti təmkinlə cavab verdi ki, "Ser, o xanımın etiraz etmək (nümayiş keçirmək) hüququ var". Qısa dedi. Qanuna, konstitusiyaya, Universal İnsan Haqları Bəyannaməsinə istinad etməyə lüzum görmədən. Yəni hüququ varsa var zatən, nə istinad?

Bu yanaşmanın əslində maraqlı hikməti var. Müasir liberal-demokratik kapitalist sistem fizikidən çox institusionaldır.

Concepcion nənə nəinki Ağ Evin qabağında, hətta Oval ofisdə Obamanın yerində otursa da mövcud qayda-qanunu, status-kvonu dəyişəsi deyil, çünki işin içində nəhəng bizneslər və zırpı maraqlar var.

Sadəcə bizim yeni dövlətlərlə müqayisədə orada etirazın fiziki coğrafiyası daha genişdi və bu genişlik illərlə, yüzillərlə davam edən sosial və sinfi mübarizənin nəticəsidir.

Bu yaxınlarda eşitdim ki, Concepcion Picciotto bu ilin yanvar ayının 25-də 80 yaşında Washington-da evsiz insanlar üçün sığınacaqda vəfat edib. Etirazı öz həyatının mənasına çevirmiş bir insan idi bu xanım. Hətta həyatının özünə çevirmiş, deyə bilərik.

Demokratiyada etiraz bir ehtiyacdır və ya Kierkegaard-ın (danimarkalı filosof) dediyi kimi, istənilən şikayət bir qisasdır. Etriaz edərək dünyadakı ədalətsizliyin qisasını almaq üsuludur bu.

Etiraz yoxdursa qisas yoxdur, sadəcə ədalətsizlik və bərabərsizlik var. İlk baxışdan Concepcion xanım heç nəyi dəyişmədi - müharibələr daha da çoxaldı, nüvə silahı da həmçinin.

Lakin onun etirazı bir simvola çevrildi. Siyasi mübarizə simvoluna.

Burada iki məsələ önəmlidir: bir tərəfdən ölkədə etirazın hüquqən mümkünlüyü və təhlükəsizliyi, o biri tərəfdən isə bəzi insanların ardıcıllığı, qətiyyəti və inamı. Bu iki məsələ bir-birilə bağlıdır.

Amerikada, hətta ən ağır vaxtlarda belə, etirazçılar məhkəmələrə üz tutub ədalət axtarırdılar və həmişə olmasa da, tapırdılar. Bu amil həm də insanları daha mübariz olmağa təşviq edirdi.

Zira, bu xanımla görüşümdən götürdüyüm başqa bir dərs oldu. İlk baxışdan bu an üçün mənasız görünə biləcək, amma uzun müddətə hesablanmış mübarizə formaları var.

Bir sənət kimidir bunlar. İlk baxışdan anlaşılmayan, rasional olmayan; məntiqini və zəruriliyini sorğuladığımız şeylər.

Lakin nə qədər mənasız görünsə də, burada - bütün sənətlərdəki kimi - ardıcıllıq həlledicidir. Otuz il etiraz etdikdən sonra siz etiraz haqqında çox şey öyrənirsiniz.

Bütün sənətkarlar kimi gördüyünüz işi həyatınızın tərzinə çevirirsiniz. Bu sizin həyatınız olur. Etirazınız bu günü aşır, uzun məsafəyə yönəlir.

Və anladım ki, təkcə bu xanımın dünyaya etirazı bizim müasir siyasi tariximizdən daha uzundu. Bu o deməkdir ki, bizim yolumuz hələ qabaqdadır və Rəhman Bədəlov (fəlsəfə elmləri doktoru) demişkən, uzun məsafəyə qaçış üçün gücümüzü və resurslarımızı düzgün hesablamalıyıq.

Rəşad Şirindən digər yazılar:

Bu barədə daha geniş