Mətbuat icmalı: Gürcüstan azərbaycanlı turistlərdən nə qədər qazanır?

Fotonun müəllifi Getty Images

"Azərbaycan": SOCAR ilə Misirin Dövlət Neft Şirkəti arasında razılaşma imzalanıb

Noyabrın 2-də Misirdə səfərdə olan SOCAR-ın prezidenti Rövnəq Abdullayev bu ölkənin neft və mineral ehtiyatlar naziri Tarık əl Molla ilə görüşüb.

Tərəflər SOCAR ilə EGPC arasında əməkdaşlığın genişləndirilməsi, Misirin neft sənayesinin modernləşdirilməsində SOCAR-ın rolu və həyata keçirilən digər müştərək layihələr barədə fikir mübadiləsi aparıblar.

Görüşün sonunda SOCAR-ın prezidenti Rövnəq Abdullayev və EGPC-nin icraçı direktoru Tarık əl Hadidi tərəfindən iki qurum arasında Anlaşma Memorandumu imzalanıb.

"Azadlıq": İlham Əliyev növbəti dəfə "mətbuatın düşmənləri" siyahısında

"Sərhədsiz Reportyorlar" hüquq müdafiə təşkilatı noyabrın 2-də 2016-cı il üçün mətbuat düşmənlərinin yeni siyahısını dərc edib.

Siyahıda 35 dövlət və hökumət başçısı, "İslam dövləti" (İŞİD), Yəmən husiləri, Banqladeşdə "Əl-Qaidə"yə yaxın islamçı qruplaşma, əfqan talibləri və Meksikanın "Los Setas" narkokarteli kimi siyasi və cinayətkar qruplaşmalar var.

Dövlət başçıları arasında Eritreya, Sudan, Burunda, Qambiya, Suriya və Kuba, Çin və Şimali Koreya, Rusiya, Azərbaycan, Belarus, Qazaxıstan və Türkmənistan prezidentlərinin adları var.

Hesabata görə ötən il ən çox Türkiyədə vəziyyət pisləşib. Burada kütləvi repressiyalar dalğası davam edir və azı 130 jurnalist həbsdədir, 140-dan çox KİV bağlanıb. Hakimiyyət, demək olar ki, ölkənin bütün mətbuat məkanına nəzarət edir.

"Azərbaycanla bağlı hesabatda bildirilir ki, polis və təhlükəsizlik orqanları hökumət tənqidçilərinin təqibi üçün bütün vasitələrdən istifadəyə davam edir.

Bunun üçün şantajdan, o cümlədən jurnalistlərin mənzillərində şəxsi həyatlarının videoçəkilişindən, vergi ödənişindən yayınma, narkomanlıq və xuliqanlıq ittihamlarından istifadə olunur", - yazıda deyilir.

"Eyni zamanda, hakimiyyət müstəqil KİV-i, məsələn, "Zerkalo" və "Azadlıq" qəzetlərini iqtisadi cəhətdən boğur, AzadlıqRadiosunun Azərbaycan xidməti isə zorla bağlanıb. Ötən ildən hakimiyyət xaricdə sığınacaq almış jurnalistlərin qohumlarının təqibi ilə bağlı yeni metodlar tətbiq edir", - sənəddə qeyd edilir.

Sənəddə həmçinin , hazırda Azərbaycanda 8 jurnalist və bloqerin həbsdə olması, habelə onlarla KİV nümayəndəsinin təqiblərdən xaricdə gizlənmək məcburiyyətində olduğu deyilir.

2015-ci il illə müqayisədə Azərbaycan dünyada mətbuat azadlığı reytinqində 180 ölkə arasında 162-ci yerdən 163-cü yerə düşüb.

"Ümumilikdə siyahıda 180 ölkə var. Ən azad mətbuat Finlandiya və Niderlandda, ən qeyri-azad mətbuat isə Eritreya və Şimali Koreyadadır.

Mətbuat azadlığının səviyyəsinə görə Gürcüstan 64-cü, Ermənistan isə 74-cü yerdədir", - yazıda deyilir.

"Azadlıq": Gürcüstan azərbaycanlı turistlərdən nə qədər qazanır?

Gürcüstanın Milli Turizm Administrasiyasının verdiyi açıqlamada bildirilir ki, Azərbaycan Gürcüstana səfər edən turistlərin sayı baxımından liderdir. Oktyabrda Azərbaycandan Gürcüstana səfər edənlərin sayında 10,1%-lik artım qeydə alınıb.

"Yanvar-oktyabr ayları ərzində Gürcüstana səfər edənlərin sayı baxımından isə Azərbaycan (+11%) liderdir. İkinci və üçüncü yerləri müvafiq olaraq Ermənistan (+0,03%) və Türkiyə (- 9,1%) bölüşürlər", - məlumatda deyilir.

Ekspert Valeh Cəfərov azərbaycanlı turistlərin Gürcüstana səfəri zamanı günə ən azı 40-50 dollar xərclədiklərini, bura bütün xərclər daxil olduğunu bildirib.

"Gürcüstana səfər edən turistlərin bu ölkədə orta hesabla 3-4 gün vaxt keçirdiyini nəzərə alsaq, azərbaycanlı turistlərin orta hesabla bu ölkədə ən azı 150- 200 dollar xərclədiklərini demək olar", yazıda deyilir.

Bu barədə daha geniş