Mətbuat icmalı: Azərbaycan firavanlıq indeksində 103-cü yerə düşüb

Fotonun müəllifi Getty Images

"Azadlıq": Azərbaycan firavanlıq indeksində 103-cü yerə düşüb

Legatum İnstitutu, hər il olduğu kimi, yenə ölkələrin firavanlıq indeksini açıqlayıb. 149 ölkənin rifah səviyyəsi iqtisadiyyatın keyfiyyəti, biznes mühiti, idarəçilik, təhsil, şəxsi azadlıq, səhiyyə və təhlükəsizlik, eləcə də sosial kapitalın durumuna görə müəyyən edilib.

Nəşrin 10 illiyi münasibətilə institut bu il daha geniş araşdırma apararaq, ölkələri daha bir göstəriciyə, həm də ətraf mühitin durumuna görə dəyərləndirib.

Rifah indeksi cədvəlində Azərbaycan 149 ölkə arasında 103-cü yerdədir. Region ölkələrindən yalnız İran Azərbaycandan geri qalır.

O, 118-ci yerdə dayanır. İnkişaf səviyyəsinə görə Türkiyə 78, Gürcüstan 84, Rusiya 95, Ermənistan 99-cu yeri tutur.

Ötən il Azərbaycan 142 ölkə içində 71-ci olmuşdu. Bundan başqa, qeyd edilir ki, tqisadiyyatın keyfiyyətinə görə Azərbaycan qonşuları Türkiyə, Rusiya, hətta Gürcüstandan geridə, 102-ci yerdədir.

Azərbaycan şəxsi azadlığın inkişaf səviyyəsinə görə 76, səhiyyənin durumuna görə isə 71-ci yerdədir.

"Biznes mühitinin durumuna görə ölkə 78-ci yerdədir. İdarəçiliyin inkişaf göstəricisi daha aşağıdır, idarəçiliyin inkişaf səviyyəsi cədvəlində 127-ci yerə düşüb.

Ən aşağı göstəriciləri təhlükəsizlik (116-cı yer), sosial kapital (133-cü yer), ətraf mühitin inkişafı (141-ci yer) ilə bağlıdır," -məlumatda deyilir.

"Azadlıq": Neft Fondu bir ayda 460 milyon dollar itirib

Qəzet "Report"a istinadən yazır ki, Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2016-cı ilin oktyabr ayında investisiya portfelində yer alan valyutaların məzənnələrinin dollarla müqayisədə ucuzlaşması və qızılın qiymətinin düşməsi səbəbindən 460 milyon ABŞ dolları məbləğində zərər edib.

Ən çox zərər avronun dollarla müqayisədə ucuzlaşması səbəbindən yarandığı qeyd edilir. Dollar/avro məzənnəsinin düşməsi ARDNF-in 278 mln. dollardan çox zərər etməsinə səbəb olub.

Fondun zərər etdiyi aktivlər arasında 2-ci yeri Britaniya funtu tutur. Bu valyutada aktivlər 93 milyon dollara yaxın zərərə səbəb olub. Üçüncü yerdə qızıl aktivləri gəlir ki, burada Fondun zərəri 40,5 milyon dollara yaxındır.

Yaponiya yenində zərər 11,6 milyon dollar, Türkiyə lirəsində 12,1 milyon dollar, Koreya vonunda 12,3 milyon dollar, Çin yuanında 7,3 milyon dollar, Rusiya rublunda 3,3 milyon dollar, Avstraliya dollarında isə 1,4 milyon dollar təşkil edib.

Milli.az: Aİ və Azərbaycan arasında yeni danışıqlar başlayacaq

"Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında yeni sazişlə bağlı danışıqlar üçün mandat bu ilin sonuna kimi verilə bilər".

Bunu Trend-ə xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib.

Nazir müavini həmçinin deyib: "Azərbaycan Aİ-nin daxili müzakirələrinə müdaxilə etmir, bütün məsələləri Avropa özü həyata keçirir. Düşünmürəm ki, yeni sazişlə bağlı Avropa İttifaqının mənfi münasibəti olsun".

M.Məmmədquliyev qeyd edib ki, danışıqlar üçün mandat verildikdən sonra ikitərəfli münasibətlər daha da dərinləşəcək.

Fins.az: Azərbaycan regional texnopark yaradır

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Yüksək Texnologiyalar Parkı" MMC Bakutel-2016 beynəlxalq telekommunikasiya sərgisində Pirallahı texnoparkının yeni konseptini təqdim edəcək.

"Texnopark Pirallahı qəsəbəsində inşa olunacaq. Parkın ərazisi üçün 50 hektar torpaq sahəsi ayrılıb.

Bu addımın əsas məqsədi regional texnoloji parkın yaradılması və Azərbaycanın regionun aparıcı qüvvəsinə çevrilməsidir. Hazırda park ərazisində infrastruktur və tikintiyə hazırlıq işləri aparılır," deyə məlumatda bildirilir.

"Yeni Müsavat": Gürcülərlə azərbaycanlılar arasında kütləvi dava baş verib

Gürcüstanda daha çox azərbaycanlıların yaşadığı Marneuli rayonunda gürcülərlə azərbaycanlılar arasında kütləvi dava baş verib.

"Svan mənşəli gürcülərlə düşən dava ətrafdakıların müdaxiləsi ilə dayandırılıb. Ancaq davada bir nəfər gürcü oğlan öldürülüb", məlumatda deyilir.

Xəbərə görə svan mənşəli şəxslər isə azərbaycanlılara cavab olaraq ötən gün hücuma keçiblər. "Nəticədə Marneuli bazarında bir azərbaycanlı qadın döyülərək öldürülüb", yazıda deyilir.

Əlaqəli mövzular