BMT Azərbaycanda insan haqları ilə bağlı "vəziyyətdən narahatdır"

Fotonun müəllifi WEBTV.UN.ORG
Image caption BMT insan haqları komitəsinin iclası oktyabr ayında Cenevrədə keçirilib.

BMT-nin İnsan Haqları Komitəsi Azərbaycan barədə özünün 4-cü dövri hesabatını açıqlayıb.

Hesabatda qeyd olunur ki, Azərbaycan dövləti Komitənin Optimal Protokol şəklində insan haqları haqqında verdiyi tövsiyələri tətbiq etməyib.

Hesabatda deyilir ki, başlıca narahatlıq sentyabrın 26-da keçirilmiş referenduma əsasən Konstitusiyaya edilən dəyişikliklərdəndir. Qeyd olunur ki, bu dəyişikliklər prezidentin səlahiyyətlərini artırmaqla yanaşı onun hesabatlılığını azaldır.

Bundan başqa dəyişikliklər ədliyyənin müstəqilliyinə ciddi xələl gətirib. Hesabat bildirir ki, Azərbaycan hökuməti bu narahatlıqlarla bağlı Konstitusiyaya müvafiq dəyişikliklərin edilməsini təmin etməlidir.

Gender bərabərliyi

Bundan başqa konkret olaraq seksual oriyentasiya ilə bağlı diskriminasiyanın mövcudluğu da hökumətin nəzərinə çatdırılır.

Bu da xatırladılır ki, əlillərin hüquqlarını təmin edən qanunvericilik hələ də yoxdur.

Komitə xatırladır ki, o Azərbaycanda gender bərabərliyi sahəsindəki nöqsanlardan, qadınlara qarşı dərin oturuşmuş patriarxal münasibətdən, qızlara "ailə qeyrəti" adı altında qoyulan məhdudiyyətlərdən, qadınların parlamentdəki faiznin 17-yə yüksəlməsinə baxmayaraq onların rəsmi orqanlarda hələ də az təmsil olunmasından narahatdır.

Sənəddə inzibati xətalara görə saxlanma müddətinin 15-gündən 90 günədək artırılması da tənqid edilir.

Söz, vicdan və din azadlığı

Hesabat habelə Azərbaycan hökumətini insanların hərəkət azadlığını məhdudlaşdırılan qaydaların BMT Konvensiyasına uyğunlaşdırılmasına çağırır. Sənəddə vicdan və din azadlığı ilə əlaqədar da ciddi tənqidi fikirilər səsləndirilib. Komitə Azərbaycanda ifadə azadlığının sərt şəkildə məhdudlaşdırılmasını tənqid edir, müstəqil jurnalistlərə, insan haqları fəallarına qarşı təhdid və təqibləri pisləyir.

Bu xüsusilə vurğulanır ki, sözü gedən insanlara qarşı narkotik maddələr, vergi, xuliqanlıq və başqa maddələr üzrə qondarma ittihamların irəli sürülməsi yolverilməzdir. Hesabatda hökumətin medianın fəaliyyətinə kobud şəkildə müdaxiləsi də tənqid olunur.

Hesabatda bu da qeyd olunur ki, Azərbaycanda jurnalistlər, insan haqları müdafiəçiləri və gənc fəallar da daxil, adamlara qarşı pis rəftar və işgəncələrin tətbiq olunması barədə xəbərlər narahatlıq doğurur. Komitə Azərbaycanda sərbəst toplaşma azadlığının hələ də təmin edilmədiyini xatırladır.

Oktyabr ayında Komitənin Cenevrədə keçirdiyi iclasında dövlətə ünvanlanan qeyd və sualların əksəriyyətində deyilib ki, qanunvericiliyin özündə böyük problem olmasa da, onun necə yerinə yetirildiyi suallar doğurur.

İclasda iştirak edən Azərbaycan nümayəndə heyəti cavablarında qeyd edib ki, bəzi sual və qeydlər "reallıqdan uzaqdır", hətta "mifdən belə uzaqdır".

Bu barədə daha geniş