Mətbuat icmalı: Siyavuş Novruzov: "Vitse-prezidentlər hər an təyin oluna bilərlər"

qəzet

"Azadlıq": SOCAR 249 milyon avro kredit alır

SOCAR-ın Sumqayıtdakı Karbamid Zavodunun tikintisi layihəsinin maliyyələşdirilməsinə dövlət zəmanətli, uzunmüddətli kreditin cəlb edilməsi üçün Cənubi Koreyanın "Eximbank"ı (KEXİM) və Avropanın 3 nüfuzlu bankı ilə danışıqların ilin sonuna kimi yekunlaşması gözlənilir.

Zavodun direktoru Xəyal Cəfərov jurnalistlərə açıqlamasında deyib ki, bu, "Deutsche Bank"(Almaniya), "Societe Generale" (Fransa) və "UniCredit" (İtaliya-Almaniya) banklarıdır. "Layihə ilkin dövrdə dövlət büdcəsindən ayrılan vəsait hesabına maliyyələşdirilib. Bu məqsədlə büdcədən 205 mln. manat vəsait alınıb. 2015-ci ildə isə beynəlxalq kreditlərin cəlb olunmasına dair qərar qəbul olunub," deyə o bildirib.

X.Cəfərov həmçinin qeyd edib ki, indiyə qədər xarici banklardan 201 mln. avro kredit cəlb edilib: "Daha 300 mln. avro cəlb olunması üçün danışıqlar aparılır. Yəni, cəlb edilən vəsaitlə birgə ümumilikdə 500 mln. avro kredit nəzərdə tutulub. Ümumi kredit vəsaitinin 51%-i (251 mln. avro) KEXİM-dən, qalan 249 mln. avro isə Avropa banklarından cəlb ediləcək. Bu banklar KEXİM-in zəmanəti ilə kredit ayıracaq".

"Azadlıq": İlham Əliyevin dövründə qazın qiyməti 10 dəfəyə qədər artıb

Fotonun müəllifi AFP

Milli Şuranın sədri, professor Cəmil Həsənli öz facebook səhifəsində yazıb: "Dostlar! Erməni kilsələrinə havayı qaz verən Azərbaycan hökuməti müxtəlif bəhanələrlə əhaliyə satılan mavi yanacağın qiymətini artırmaq istəyir.

...Artıq bu fikir Milli Məclisin iclasında da səsləndirilib. Orada deputatlar öz təşəbbüsləri ilə belə məsələləri qaldırmırlar. Bir qayda olaraq bu göstərişlər yuxarıdan gəlir. İlham Əliyevin hakimiyyətdə olduğu 13 il ərzində qazın qiyməti 10 dəfəyə qədər artıb. Bunu gah inkişaf etmiş ölkələrdə enerji daşıyıcılarının qiymətinin baha olması, gah da qaz hasilatının maya dəyərinin baha başa gəlməsi ilə izah etməyə çalışırlar. Lakin bu dəlillərin heç birinin iqtisadi və sosial əsası yoxdur. Bəli, Avropada, inkişaf etmiş ölkələrdə qaz baha ola bilər. Lakin kiçik istisnalarla onlar qazı idxal edirlər, satın alırlar. Mavi yanacağın bu ölkələrə nəql edilməsi xərci də onun hasilat və emal xərclərinə əlavə edilir. Biz ki, nəql etmə xərcləri çəkmədən öz qazımızı istehlak edirik.

Qazın qiymətin inkişaf etmiş ölkələrlə müqayisə edən hökumət rəsmiləri nədənsə qaz və neft istehsal edən Azərbaycanda insanların əmək haqqı, pensiya və sosial müavinətlərini həmin ölkələrlə müqayisə etməyi ya bilərəkdən, ya da bilməyərəkdən unudur. Axı, inkişaf etmiş ölkələrdə müəllim 100-150 avro yox, 4 - 5 min avro aylıq məvacib alır. Burada təbii bir sual yaranır: müəllimə, həkimə, büdcə təşkilatlarda çalışanlara 200-300 manat əmək haqqı, 1,4 milyon təqaüd alan yaşlı əhaliyə 2016-cı ilin iyul ayının 1-nə olan məlumata görə orta hesabla 189,6 manat (yəni bu gün ki kursa 103 avro) pensiya verən bir hökumətin qazın qiymətini artırmağa haqqı varmı?.."

Müraciətinin sonunda Cəmil Həsənli hakimiyətə xəbərdarlıq edib: "...Lakin qazın qiymətinin artırılması təşəbbüsündə bulunan təyinatlı deputatlar da, onları təyinatlarına uyğun danışdıranlar da bircə şeyi unutmamalıdırlar: QAZ ALIŞQAN MADDƏDİR!"

"Yeni Müsavat": Siyavuş Novruzov: "Vitse-prezidentlər hər an təyin oluna bilərlər"

YAP-ın icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov "Yeni Müsavata" verdiyi müsahibədə Azərbaycan "qəti şəkildə" gürcü və erməni kilsələrinə qazı pulsuz vermir.

"Azərbaycan qarşılıqlı müqaviləyə uyğun olaraq Gürcüstana qaz satır və bunun qarşılığında da Gürcüstan ölkəmizin büdcəsinə vəsait ödəyir. Azərbaycan öz qazını satır, indi Gürcüstan onu havaya buraxacaq, kiməsə verəcək, artıq onun şəxsi işidir, biz o məsələlərə qarışmırıq," deyə o bildirib.

Siyavuş Novruzon Siyasi məhbusların siyahısından da danışıb:

"Ümumiyyətlə, siyasi məhbus, dissident anlayışı sovet dövründə mövcud idi. Yəni kiminsə fərqli baxışlarına görə həbs edilməsi. Bu gün Azərbaycanda belə hallar yoxdur. Kimsə tutulubsa, bu və ya digər şəkildə törətdiyi cinayətə görə tutulub və məsuliyyətə cəlb olunub. Peşəsindən, hansı partiyanın üzvü olmasından asılı olmayaraq, hər kəs qanun qarşısında bərabərdir. Əfsuslar olsun ki, bir qrup adam bu məsələdən gəlir mənbəyi kimi istifadə edir.

O həmçinin bildirib ki, Əli Kərimliyə pasport verilməməsinin səbəbi haqqında cinayət işinin qaldırılmasıdır.

Qəzetin vitse-prezidentlətlə bağlı sualına isə Siyavuş Novruzov belə cavab verib:

"O, prezidentin səlahiyyətində olan məsələdir. Amma məsələ bu gün qüvvədədir. ...Hər an təyin oluna bilərlər."

fins.az: Samir Əliyev: "1 dollar 2 manatdan baha ola bilər"

Fotonun müəllifi Getty Images

İqtisadçı Samir Əliyev bildirib ki, manatın məzənnəsinin aşağı düşməsi dollara olan yüksək tələbatla, bu tələbatsa, öz növbəsində, ölkə iqtisadiyyatının idxaldan asılılıqla bağlıdır. O, həmçinin idxalın kapital axınını stimullaşdırdığını və xaricə qeyri-rəsmi kapital axınının olduğunu diqqətə çatdırıb.

"İnsanlar bankda olan əmanətini çıxarır, evdə saxlayır. Xarici borclarımız var və onları qaytarmalıyıq.

Əvəzində isə ölkəyə neftdən kənar çox az miqdarda dollar gəlir. Əsasən də üç mənbədən ölkəyə dollar daxil olur. Neft Fondu, SOCAR və Mərkəzi Bank. SOCAR qazandığı dollarları ölkə daxilində istifadə etmir. Mərkəzi Bank isə dövrü olaraq öz valyuta ehtiyatlarından istifadə edir. Neft Fondu 450 milyon dollar civarında bazara dəstək verə bilir. Bu üç qurumdan başqa ölkəyə dollar gətirən meyvə-tərəvəz məhsullarıdır. Bazarda isə avqust ayındakı gərginlik yenidən yaşanmağa başlayır. Bu da bağlanan 10 bankdan 670 milyon əmanətin qaytarılması ilə bağlıdır..." - Samir Əliyev deyib.

Samir Əliyevin gözləntisinə görə fövqəladə hadisə baş verməsə ilin sonuna dollar 1.80 olacaq. "Yəni neft qalxmasa, siyasi gərginlik olmasa ən aşağı rəsmi məzənnə 1.80 olacaq. Amma 2 manatdan da çox ola bilər. Burada daxildə əsas məsələ hökumətin nə etmək istəməsi ilə bağlıdır. Görəsən, ölkənin maliyyə kapitanları manatı ucuzlaşdırmaqda maraqlıdırlarmı? Burada monetar siyasət həyata keçirən Mərkəzi Bankla fiskal siyasət yürüdən Maliyyə Nazirliyi arasında fikir ayrılığı yaranır. Mərkəzi Bank manatın məzənnəsinin saxlanılmasına, inflyasiyaya məsuldur. Devalvasiyalarda ən çox zərbəni Mərkəzi Bank alır. Maliyyə Nazirliyi isə fiskal qurum olaraq büdcənin icrasına məsuldur. Milli valyuta ucuzlaşanda qiymətlər bahalaşır. Qiymətlər bahalaşanda isə vergi daxilolmaları artır. Maliyyə Nazirliyi manatın devalvasiyasında maraqlıdır. Hökumət də buna maraqlı görünür, çünki manat real dəyərini bazarda tutmayıb," deyə iqtisadçı bildirib.

fins.az: Azərbaycanda startaplara dəstək üçün 15 inkubator yaradılıb

Yüksək Texnologiyalar Parkının (YTP) baş direktoru Seymur Ağayev Start-up-ların Kapital Bazarları vasitəsilə maliyyələşməsinin yolları" mövzusunda keçirilmiş seminarda bildirib ki, indiyədək Azərbaycanda yeni qurulan IT bizneslərin dəstəklənməsi üçün 15-ə yaxın biznes inkubator yaradılıb.

O qeyd edib ki, artıq ölkədə 15-ə yaxın yeni biznes- inkubator yaradılıb. Bu inkubatorlar təhsil müəssisələri - universitetlərin, eləcə də parkın nəzdində fəaliyət göstərir. "Məqsəd yerli bizneslərə dəstək verilməsidir. Təcrübə göstərir ki, hər bir yeni startap ideyadan başlayr və sonrakı iş ona dəstək olmaqdır. Ən vacib məsələlərdən biri də startapa maliyə - investisiyanın cəlb edilməsidir. Biz bu prosesi stimullaşdırmağa çalışırıq," deyə o bildirib.

Əlaqəli mövzular