Ağsu: Xəstəxana işıqla bağlı "1 ay əvvəldən xəbərdar edilib"

Borc səbəbindən Ağsu Rayon Mərkəzi Xəstəxanasında cümə günündən bazar ertəsinə qədər işığın verilişi dayandırılıb Fotonun müəllifi President.az
Image caption Borc səbəbindən Ağsu Rayon Mərkəzi Xəstəxanasında cümə günündən bazar ertəsinə qədər işığın verilişi dayandırılıb

110 nəfər xəstənin müalicə olunduğu Ağsu Rayon Mərkəzi Xəstəxanasının işığı hakimiyyət tərəfindən kəsildikdən sonra, xəstəxana rəsmisi onlara xəbərdarlığın bir ay öncə göndərildiyini deyib.

Azərişıq ASC-ə yaranmış borclara görə cümə gününün ikinci yarısından etibarən bazar ertəsi saat 9:30-a qədər Ağsu Rayon Mərkəzi Xəstəxanasına işığın verilişi dayanıb. Bu müddət ərzində xəstəxana generatorlarla fəaliyyətini davam etdirib.

Azərişıq ASC borc səbəbindən işığın verilişinin dayanması ilə bağlı bir ay əvvəlcədən rəsmi xəbərdarlıq göndərib, baş həkimin müavini Əli Hüseynov BBC Azərbaycancaya müsahibəsində deyib.

Cənab Hüseynovun sözlərinə görə, borcun ödənilməsi ilə bağlı sənədləşmə işləri səhiyyə və maliyyə nazirliyinə göndərilib, lakin "yazışma müddəti bəs etmədiyindən" problem açıq qalıb.

28 min manat borc

28 min manata yaxın borcun yaranmasına səbəb kimi xəstəxananın 2016-cı il üçün hazırlanan büdcəsinin xəstəxananın köhnə binasının tələbatlarına uyğun tərtib olunması göstərilir.

Səhiyyə Nazirliyi büdcə məsələləri ilə bağlı yaranan problemlərə yerli icra hakimiyyətinin məsul olduğunu deyib.

Ağsu Rayon İcra Hakimiyyəti borcun yaranması səbəbi barədə Azərişıq ASC-ə xəbərdarlıq edildiyini bildirir.

Azərişıq ASC-dən məsələ ilə bağlı şərh almaq mümkün olmayıb.

Bu ilin aprel ayında prezident Əliyevin iştirakı ilə açılan və iyun ayında istifadəyə verilən Ağsu Rayon Mərkəzi Xəstəxanası 165 çarpayılıdır və hazırda xəstəxanada 110 xəstə müalicə alır.

Kommunal xidmətlərin ödənilməsi üçün xəstəxanın köhnə binasına uyğun olaraq tərtib olunan büdcədə 31 min manat nəzərdə tutulmuşdu və bu illik xərci tam ödəyirdi, baş həkimin müavini Əli Hüseynov deyir.

Onun sözlərinə görə, iyun ayından yeni binada fəaliyyətə başlayan xəstəxanada sərfiyyat "qat-qat artıq" olduğundan 3 aydan sonra "borc yaranıb".

"Hazır generatorumuz var və onunla işlədik bütün günü. İsitmə. avadanlıqların işləməsini və işıqlanmanın hamısını təmin edib. Xəstələrin vəziyyətində heç bir pozuntu halı olmayıb", cənab Hüseynov ilin sonuna qədər qurum tərəfindən onlara verilən möhlətdə borcu tam ödəyəcəklərini vurğulayır.

Fotonun müəllifi President.az
Image caption Prezident Əliyev 2016-cı ilin aprel ayında Ağsu Mərkəzi Rayon Xəstəxanasının açılışnda iştirak edib

Borcla bağlı xəbərdarlıq alınandan sonra Azərişıq ASC ilə danışıqlar aparılıb və borcun yaranma səbəbi haqda məlumat verilsə də, qurum "buna məhəl qoymayıb", Ağsu Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rasim Novruzov BBC Azərbaycancaya müsahibəsində deyib.

Rayon İcra hakimiyyıti rəsmisi deyir ki, köhnə binada işığın aylıq sərfiyyatı 3000 manat civarında olduğu halda yeni binada bu rəqəm 7- 8 min manata qədər artıb və büdcədə kəsr yaranıb.

"Bu bir il ərzində 31 min 900 manat işığa pul ödənilib. İndi [Azərışıq ASC-lə] razılıq əldə olundu ki, yanvara qədər bizə vaxt versinlər. Yeni büdcə tərtib olunanda bu kəsr də onun üzərinə əlavə olunacaq və ödəniləcək", qurum rəsmisi qeyd edir.

Səhiyyə nazirliyinin sözçüsü Səfayə Əhmədova xəstəxananın büdcə məsələlərinə qətiyyətlə qarışmadığını və borcla bağlı məsələni həll etməyin yalnız yerli icra hakimiyyətinin işi olduğunu deyir.

"Nazirlik xəstələrin həyatı, müalicə, müayinə ilə bağlı məsələlərlə məşğuldur", nazirlik rəsmisi deyir.