Mətbuat icmalı: Dəri ixracı 5 il yüksək gömrük rüsumuna cəlb olunacaq

Fotonun müəllifi Getty Images

"Xalq qəzeti": İlham Əliyev italiyalı naziri qəbul edib

Prezident İlham Əliyev noyabrın 7-də İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Paolo Centiloninin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Prezident səfər çərçivəsində Azərbaycan ilə İtaliya arasında qəbul edilən strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin çox mühüm əhəmiyyət daşıdığını vurğulayıb, sənədin iki ölkə arasında əməkdaşlıq, həmçinin qarşıya qoyulan məqsədlər baxımından önəmli olduğunu deyib.

"İqtisadi sahədə əlaqələrin də uğurla inkişaf etdiyini deyən dövlətimizin başçısı italiyalı iş adamlarının ölkəmizdə biznes fəaliyyətinə maraq göstərdiyini məmnunluqla qeyd edərək təşkil olunan biznes forumların iş adamları arasında təmasların artırılması baxımından əhəmiyyətini vurğulayıb", qəzet yazır.

"İtaliyanın ölkəmizin iştirakı ilə həyata keçirilən enerji layihələrində fəal iştirak etdiyini məmnunluqla qeyd edən Paolo Centiloni TANAP və TAP layihələrinin icrasına başlanmasının əlaqələrimizin inkişafı istiqamətində mühüm mərhələ olacağına əminliyini ifadə edib".

"Azadlıq": "Azəri-Çıraq-Günəşli yataqlar bloku ətrafında güclü zəlzələ ocaqları var"

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli APA-ya bildirib ki, "Azəri-Çıraq-Günəşli yataqlar bloku ətrafında güclü zəlzələ ocaqları var, həmin yerlər Xəzər dənizində ən aktiv bölgələrdir. ...Orada zəlzələ olub və yenə də olacaq."

"Günəşli", "Ümid" və "Bahar" yataqları ətrafında, platformaların üstündə dənizdibi stansiyalar nə zaman quraşdırılacaq?" sualına cavab olaraq direktor deyib ki, həmin stansiyalar alınıb, lakin quraşdırılmayıb: "Bu mənada bizim maliyyə cəhətdən çətinliyimiz var".

"Aidiyyəti qurumlara dəfələrlə müraciət etmişik. Hətta stansiyalar alınıb, gətirilib, 3 ilə yaxındır bizim təşkilatın anbarındadır".

"Noyabrın 4-ü təxminən saat 23:00 radələrində Xəzər dənizində baş vermiş zəlzələ nəticəsində "Günəşli" yatağında qəzaya məruz qalmış 10 saylı dərin dəniz özülündə silkələnmə müşahidə edilib, döşəmədəki dəmir lövhələrin bir neçəsində qaynaqdan qopmalar olub.

Dəniz dibi stansiyasında olan məlumatların quruda olan stansiyalar kimi birbaşa peykdən mərkəzə ötürülmə imkanları mövcuddur. Stansiyalar dənizin dibində gedən bütün proseslər, Xəzərin seysmikliyinin qiymətləndirilməsi, geodinamik proseslərin müəyyənləşdirilməsi üçün böyük əhəmiyyət kəsb edir," - yazıda deyilir.

Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı qeyd edib ki, xüsusi avadanlıqların Azəri-Çıraq-Günəşli yataqlarına yerləşdirilməməsi sadəcə olaraq məsuliyyətsizlik, vəzifənin öhdəsindən gələ bilməməkdir:

"Əgər güclü zəlzələ olarsa, dəyən iqtisadi ziyanın məbləği bu aparatların qiymətindən qat-qat baha başa gələcək. Bu sahəyə cavabdeh olanlar indiyə qədər baş vermiş faciələrdən dərs götürməyiblər.

"Dərs olsa idi hər bir qurum ölkədə baş verən qəza, yanğın, sel hadisələrini ətraflı müzakirə edib, qiymətləndirmə aparıb, bunların qarşısının əvvəlcədən alınması üçün müəyyən tədbirlər planı, strategiya hazırlayardılar," deyə o bildirib.

Lent.az: Dəri ixracı 5 il yüksək gömrük rüsumuna cəlb olunacaq

Azərbaycanda yüngül sənayenin inkişafı məqsədi ilə bu gündən ölkədən dəri ixracı yüksək gömrük rüsumuna cəlb olunacaq.

APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin "Azərbaycanda ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında" 2001-ci il 12 aprel tarixli qərarında etdiyi dəyişikliklərdə əksini tapıb.

"Nazirlər Kabineti "Azərbaycandan ixrac zamanı ixrac gömrük rüsumuna cəlb olunan malların siyahısı və ixrac rüsumlarının dərəcələri"nə yeni mal mövqeyi əlavə edib".

"İribuynuzlu mal-qaranın (camış daxil olmaqla) və ya atlar fəsiləsi heyvanlarının dəriləri (təzə və ya duzlu, qurudulmuş, küllənmiş, pikellənmiş və ya digər üsulla konservləşdirilmiş, lakin aşılanmamış, perqamentə hazırlanmamış və ya sonradan emal edilməmiş), tükörtüyü ilə və ya onsuz, ikilənmiş və ya ikilənməmiş halda Azərbaycandan ixrac edilən zaman hər 1000 kq dəri üçün 500 dollar ixrac gömrük rüsumu alınacaq", məqalədə deyilir.

"Emal edilməmiş qoyun və ya quzu dəriləri (təzə və ya duzlu, quru, küllənmiş, pikellənmiş və ya başqa üsulla konservləşdirilmiş, lakin aşılanmamış, perqamentə hazırlanmamış və ya sonradan emal edilməmiş), yunörtüyü ilə və ya onsuz, ikilənmiş və ya ikilənməmiş halda Azərbaycandan ixrac edilən zaman hər 1000 kq dəri üçün 500 dollar ixrac gömrük rüsumu tətbiq olunacaq"

"İribuynuzlu mal-qaranın (camış daxil olmaqla) gönündən aşılanmış dəri və ya krast və ya atlar fəsiləsi heyvanlarının, tükörtüyü olmayan önlərindən hazırlanan, ikilənmiş və ya ikilənməmiş və sonradan emal edilməmiş, nəm halda (xromlanmış yarımfabrikatlar daxil olmaqla) Azərbaycandan ixrac edilən zaman hər 1000 kq dəri üçün 350 dollar ixrac gömrük rüsumu tətbiq ediləcək".

"Qoyun və ya quzu gönündən aşılanmış dəri və ya krast, yunörtüyü olmayan, ikilənmiş və ya ikilənməmiş, lakin sonradan emal olunmamış, o cümlədən nəm halda (xromlanmış yarımfabrikatlar daxil olmaqla) Azərbaycandan ixrac edilən zaman isə hər 1000 kq dəri üçün 150 dollar ixrac gömrük rüsumu alınacaq", əlavə olunur.

Bu gündən qüvvəyə minən qərar 5 il müddətində qüvvədə olacaq.

"Azərbaycanda xəz dəri emalı müəssisəsinin olmadığı üçün sahibkarlar indiyə qədər xammalı gömrük rüsumunu ödəmədən xammalı xaricə ixrac ediblər", lent.az yazır.

Əlaqəli mövzular