Trump-ın seçilməsinə Azərbaycan siyasətçilərindən reaksiyalar

Donald Trump Fotonun müəllifi AFP
Image caption Azərbaycan prezident İlham Əliyev Donald Trump-ı ABŞ prezidenti seçilməsi münasibətilə təbrik edib

BBC Azərbaycanca Donald Trump-ın ABŞ prezidenti seçilməsilə bağlı Azərbaycan siyasətçilərinin fikirlərini öyrənib.

Donald Trump-un Rusiyada olan rejimin güclənməsinə dəstək olacağı təqdirdə dünyada gedən siyasi proseslərdə yalnız neqativ nəticələr olacaq, Müsavat başqanı Arif Hacılı deyir.

Onun sözlərinə görə, "Putuin rejiminin güclənməsi yalnız Azərbaycan üçün yox, Rusiyanın özü, ətrafındakı ölkələr və bəşəriyyət üçün təhlükədir".

Müsavat başqanı bu hadisədən müsbət dəyişiklik gözləmədiyini bildirsə də, Yeni Azərbaycan Partiyasından millət vəkili Aydın Mirzəzadə bu halın ABŞ və Azərbaycan arasında münasibətlərin inkişafı ilə nəticələnəcəyini bildirir.

Yenilənmək istəyinin gerçəkməşməsi

YAP üzvü, millət vəkili Aydın Mirzəzadə Donald Trump-un prezident seçilməsini "tamamilə gözlənilən" adlandırır.

BBC Azərbaycancaya danışan millət vəkili deyir ki, Barack Obama-nın hakimiyyəti dövründə ABŞ-ın həm daxilində, həm də xaricində ciddi problemlər ortaya çıxıb, ölkə daxilində biznesin fəaliyyətində problemlər yaranıb, işsizlik artıb və vətəndaşların təhlükəsizliyinə təhdidlər ortaya çıxıb.

Onun sözlərinə görə, "Obama və Clinton-un Ərəb baharı, İŞİD layihələri dünyanı ağır fəlakətə düçar edib".

"Sadə Amerika vətəndaşını ciddi şəkildə narahat edən məsələləri Trump açıq şəkildə elan edirdi. Onun Rusiya ilə qarşıdurmanın lüzumsuzluğu barədə bəyənatı prinsip etibarilə Amerika vətəndaşlarının əksəriyyətinin maraqlarına cavab verir", o bildirir.

Cənab Mirzəzadə əlavə edir ki, bu baxımdan Trump-un qələbəsi Amerika vətəndaşının yenilənmək istəyinə cavab verir.

Aydın Mirzəzadə "biznes dairələrinin maraqlarına xidmət edən Respublikaçılar partiyasının qələbəsini" də təqdir edir.

Fotonun müəllifi MEYDANTV
Image caption Aydın Mirzəzadə Trump-un Dağlıq Qarabağ məsələsinin həllinə ciddi diqqət ayıracağına ümid etdiyini bildirir.

ABŞ-Azərbaycan münasibətlərindən danışan millət vəkilinin sözlərinə görə, "super güc dövlət olan ABŞ-ın Azərbaycan kimi qüdrətli ölkə ilə münasibət qurmasını şərait özü tələb edir".

"Trump-un bizimlə dostluq etmək istəyən hər bir kəslə dostluq etməyə hazırıq mesajında Azərbaycana da yer var" deyən cənab Mirzəzadə əlavə edir ki, "…regionun iqtisadi cəhətdən inkişaf edən, demokratiya, insan hüquqlarının qorunduğu, müasir dövlətçilik modelini ortaya qoyan Azərbaycan kimi dövlətlə əməkdaşlıq etmək müasir şərqlə müasir Asiya ilə əməkdaşlıq etmək deməkdir."

ABŞ- Azərbaycan münasibətlərinin bir çox məsələlərdə yeni sahələri əhatə edəcək və daha da artacağını deyən Aydın Mirzəzadə Trump-un Dağlıq Qarabağ məsələsinin həllinə ciddi diqqət ayıracağına ümid etdiyini də qeyd edir.

Neqativ nəticə

Müsavat partiyasının başqanı Arif Hacılı isə Donald Trump-un prezident seçilməsinin "gözlənilməz" olduğunu qeyd edir.

"Amerika cəmiyyəti bundan əvvəlki seçkilərdə Barack Obamanı prezident seçməklə yaxşı mənada bütün dünyaya sürpriz etmişdi. İndi da Trump-un seçilməsi sürpriz oldu. Ancaq bu sürpriz yaxşı mənada deyil", müxalif lider bildirir.

Cənab Hacılı Donald Trump-ın seçki kampaniyası dövründə dini, milli ayrıseçkilik məzmunlu açıqlamalarının narahtlıq doğurduğunu vurğulayıb.

"Trump-un xüsusilə Putin rejiminə dəstək verəcəyini bildirməsi demoktratiya uğrunda mübarizə aparan Rusiya demokratik qüvvələrini, eyni zamanda Rusiyaya qonşu olan dövlətlərdə fəaliyyət göstərən demokratik qüvvələri narahat etməyə bilməz", o deyir.

"Putuin rejiminin güclənməsi yalnız Azərbaycan üçün yox, Rusiyanın özü, ətrafındakı ölkələr və bəşəriyyət üçün təhlükədir", deyən Müsavat başqanı Trump-un Rusiyada olan rejimin güclənməsinə dəstək olacağı təqdirdə dünyada gedən siyasi proseslərdə yalnız neqativ nəticələr olacağını qeyd edir.

Arif Hacılı bu vəziyyətin Azərbaycana təsirsiz ötüşməyəcəyinə şübhə etmədiyini bildirir.

"Bu təsirin mübət olacağını demək çətindir. Ümid edək ki, Donald Trump seçki təbliğatı fonunda apardığı siyasətlə dövlət rəhbəri olaraq apardığı siyasəti fərqləndirməyi bacaracaq", o qeyd edir.

Cənab Hacılı Trump-un ABŞ-ın həm daxili, həm də xarici siyasətində mövcud olan ənənələrə uyğun siyasət yürüdəcəyi halda seçkinin xüsusi fəasadlarının olmayacağını vurğulayır.

Münasibətlərin inkişafı

Demokratik islahatlar partiyasının sədri, millət vəkili Asim Mollazadə ABŞ seçkilərini "Amerika xalqının öz iradəsini ifadə etməsi" kimi dəyərləndirir.

O, Trump-un leyhinə olan səsləri yox, Kerry və Obamanın, həmçinin son illərdə Amerika hökumətinin apardığı siyasətin əleyhinə olan səslərin əsas olduğunu deyir.

Millət vəkili hesab edir ki, yeni administrasiya Azərbaycanla münasibətlərin inkişafına çalışacaq.

"Azərbaycan Amerikanın önəmli tərəfdaşı bögənin lideri kimi öz siyasətini davam etdirə biləcək", deyən millət vəkili ABŞ prezidentinin kimin olmağından asılı olmayaraq dövlətin strategiyasında hansısa ciddi dəyişiklik gözləmədiyini də qeyd edir.

Bu barədə daha geniş