Mətbuat icmalı: Son vaxtlar bankomatlardan pul niyə yoxa çıxıb?

Fotonun müəllifi Getty Images

"Azadlıq": Xaricilər pullarını Azərbaycan banklarından çıxarırlar

"Oktyabr ayının 1-nə fiziki şəxslərin banklarda əmanətləri 7 milyard 813,9 milyon manat təşkil edib.

"Marja" Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, ötən ilin sonu ilə müqayisədə fiziki şəxslərin əmanətləri 1 milyard 660 milyon manat və ya 17,5% azalıb.

Bu ilin may ayının 25-dən bəri manat dollar qarşısında təxminən 13% ucuzlaşıb. Dolların qalxması ilə əlaqədar olaraq, xarici valyutadakı əmanətlər manat ifadəsində təxminən 800 milyon manat artıb. Bu artımı nəzərə alsaq fiziki şəxslərin əmanətlərinin azalması daha çoxdur," - yazıda deyilir.

Oktyabr ayının 1-nə fiziki şəxslərin cəmi əmanətlərinin 18,25%-i və ya 1 milyard 426 milyon manatı milli valyutada, 81,75%-i və ya 6 milyard 828,5 milyon manatı xarici valyutada olub.

Fotonun müəllifi Reuters
Image caption Bu ilin may ayının 25-dən bəri manat dollar qarşısında ucuzlaşıb.

Bu ilin 9 ayı ərzində xarici valyutadakı əmanətlərin 1 milyard 666 milyon manat, milli valyutadakı əmanətlərinsə təxminən 6 milyon manat azaldığı bildirilir. Hətta sentyabrda avqust ayı ilə müqayisədə milli valyutadakı əmanətlər 30,5 milyon manat artıb.

"Banklardakı əmanətlərin 6 milyard 828,5 milyon manatı rezidentlərə, 985,3 milyon manatı qeyri-rezidentlərə məxsus olub. Qeyri-rezidentlərin əmanətlərinin 955 milyon manatı xarici valyutada olub.

Diqqəti cəlb edən qeyri-rezidentlərin əmanətlərini geri götürmələridir. Bu il qeyri-rezidentlərin əmanətləri ötən ilin sonu ilə müqayisədə 20% və ya 247,8 milyon manat azalıb. Bu ilin əvəlində qeyri-rezidentlərin banklarda 1 milyard 233,1 milyon manat əmanəti var idi," deyə yazıda göstərilir.

"Azadlıq": Son vaxtlar bankomatlardan pul niyə yoxa çıxıb?

AzadlıqRadiosu-na danışan bir neçə müəllim maaşlarını yubanma ilə aldığını deyir. "Hökumət yubadır maaşı. Səbəbini bilmirəm. Təzəlikcə maaşı ayda iki dəfə alacağıq - yarısını ayın ortasında, yarısını da ayın axırında", - sabirabadlı müəllim Zakir Əliyev deyib.

"Bakı məktəblərindən birində dərs deyən, amma iş yerində problem yaşamaq istəmədiyindən, kimliyinin açıqlanmamasını xahiş edən ibtidai sinif müəllimi danışır: "Əvvəllər valideynlər uşaqları hazırlığa qoyurdular. Bizim əsas qazancımız da burdan çıxırdı. Amma bu ildən hazırlığa gələnlərin sayı azalıb. Məsələn, bir valideynim var, böyük qızına dərs demişəm, hazırlığa da qalırdı dərsdən sonra. Amma bu ildən kiçik qardaşı gəlir, anası onu hazırlığa qoymur, çünki əri işdən çıxıb, özü də evlərə təmizliyə gedir. Bu cür valideynlərimizin sayı da artmaqdadır. İndi maaşlarımız da geciksə, vəziyyətimiz lap pisləşəcək. Onsuz da maaşlarımız elə də çox deyil".

İqtisadçı ekspert Natiq Cəfərli bunun "texniki gecikmə", yoxsa pul qıtlığı olması haqda danışmaq üçün gələn ayı gözləmək lazımdır: "Bu hal gələn ay da təkrarlanarsa, biz nağd pul qıtlığından danışa bilərik. Ola bilsin, indi ilin sonudur, son rübdür, büdcəylə bağlı bəzi problemlər yaşanır. Büdcədən transfertlər, bəlli xərclərin ayrılması bəzi yubanmalara səbəb ola bilər. Biz bunun dekabrda da təkrarlandığını görsək, bunun xroniki hal alacağını, maaş və təqaüdlərin həmişə gecikəcəyini deyə biləcəyik. İndi bu haqda danışmaq hələ tezdir," deyə o bildirib.

Fotonun müəllifi AFP

"Azadlıq": Təbrizin millət vəkili: "Başa düşmək lazımdır ki, İranda 40 milyon türk yaşayır…"

Təbriz, Üskü və Azərşəhrin İran parlamentindəki millət vəkili Şəhabəddin Bimiqdar GünAz TV-yə son günlərdə yaradılmış Türkdilli Deputatlar Fraksiyası barədə danışıb.

"...Bizə millətçilik damğası vururlar, bu doğru deyil. Biz bölücü deyilik, əgər bölücü olsaq, onda gərək Xorasan, Kohkiluye-Boyr Əhməd, Qorgan, Gilan, Fars və Həmədanı da ayıraq. Ona görə ki, İranın əksər bölgələrində türk cəmiyyəti yaşayır. Belə olduğu halda biz ölkəni necə bölə bilərik?! Biz deyirik ki, türk bölgələri inkişaf etməlidir və heç bir millətçilikdən söz getmir. Başa düşmək lazımdır ki, İranda 40 milyon türk yaşayır və tarix boyu İranı qoruyublar, sonda isə bizim Sattarxanımız gəlib Tehranda Məşrutəni bərqərar edib. Əgər ayrılmaq istəyi olsaydı, elə o zaman baş tutardı"- deyə Şəhabəddin Bimiqdar bildirib.

Bimiqdar Türkdilli Deputatlar Fraksiyasının yaradılması və ana dilinin tədrisinə qarşı olanları sərt şəkildə qınayıb və onları münafiq adlandırıb. "Nifaq salanların İrana ürəyi yanmır. Əgər onlar İranı sevsəydilər İran üçün canını fəda etmiş bir qövmü təhqir etməzdilər! Konstitusiyaya (anayasa) görə fars dili bizim rəsmi dilimizdir və biz də həmin qanunun 15-ci maddəsinə əsasən fars dili ilə yanaşı ana dilimizi də istəyirik"- deyə o qeyd edib.

Tehran əhalisinin İran parlamentindəki millət vəkili Əlirza Məhcub da məsələyə münasibət bildirib: "Mən özüm də Türkdili Deputatlar Qrupu Fraksiyasına üzv olmuşam və ümid edirəm ki, bu birlik türk dili və ədəbiyyatının inkişafına səbəb olacaq. Konstitusiyada qeyd olunduğu kimi, bütün mədəniyyətlərə diqqət ayırmaq lazımdır. Eyni halda istər fars olsun, istər türk və s. radikallığa yol verməməlidir. Konstitusiyada nə varsa, onu da qəbul edirik. Türk dili qədim dildir, bizim mədəniyyət və folklorumuz bu dildən irəli gəlir"- millət vəkili deyib.

fins.az: "British Airways" Azərbaycan bazarını tərk etdi

Fotonun müəllifi Getty Images
Image caption British Airways aprel ayında London-Bakı-London istiqaməti üzrə aviauçuşlarını dayandırıb.

Vergilər Nazirliyinin yaydığı məlumata görə, sərnişin və yük daşımaları həyata keçirən "British Airways Plc." şirkəti Azərbaycan nümayəndəliyini ləvğ edib.

Dünyanın təxminən 400 istiqamətinə uçuşlar həyata keçirən "British Airways" aviaşirkəti bu il aprelin 29-dan London-Bakı-London istiqaməti üzrə aviauçuşlarını dayandırıb.

fins.az: Fazil Məmmədovdan sərt göstərişlər

Nazirliyində keçirilən kollegiya iclasında bildirilib ki, nairlik ölkədə qanunsuz sahibkarlıqla məşğul olanlara və mütəşəkkil surətdə vergidən yayınanlara qarşı mübarizəni sərtləşdirəcək.

Ölkə prezidentinin vergi sahəsindəki islahatlarla bağlı tapşırıq və sərəncamlarının icrasına həsr edilmiş iclasda çıxış edən vergilər naziri Fazil Məmmədov bildirib ki, Nazirlik yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin aidiyyəti strukturları tərəfindən qanunsuz sahibkarlıq və mütəşəkkil qaydada vergidən yayınma halları ilə mübarizə qənaətbəxş səviyyədə deyil, operativ nəzarət strukturları isə bir sıra hallarda kiçik sahibkarlıq subyektləri barəsində aktlar tərtib etməklə işləri bitmiş hesab edirlər.

"Nazir qanunsuz sahibkarlıq, iri məbləğlərdə vergilərdən yayınma halları ilə mübarizə, işində nöqsanlara yol vermiş vergi xidməti əməkdaşları barəsində vergi orqanlarında xidmətinə xitam verilməsi də daxil olmaqla ciddi cəza tədbirlərinin görülməsi ilə bağlı konkret tapşırıqlar verib. Daxili təhlükəsizlik baş idarəsinə və Nazirliyin Aparatına icra intizamına nəzarətin və strukturlararası koordinasiyanın səmərəliyinin artırılması üçün təcili tədbirlər görülməsi tapşırılıb," - xəbərdə deyilir.

Əlaqəli mövzular