Gədəbəyli fermer: "Kartof qarın altında dondu, bir qəpik də qazanmadım"

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
Gədəbəyli fermerlərin problemləri

Gədəbəydə fermerlər güzəştlə satılan gübrələrin qiymətindən, texnika olmadığı üçün məhsulların vaxtında yığılmadığından və yığılmış məhsulun bazara çıxarılıb uyğun qiymətə satılmadığından şikayətçidir.

Gədəbəyin ən böyük kəndlərindən biri olan Söyüdlünün sakinlərinin əsas məşğuliyyəti kartofçuluq və maldarlıqdır.

Lakin təsərrüfatla məşğul olanlar çəkdikləri zəhmətin bəhrəsini görə bilmədiklərini bildirirlər.

Bəziləri erkən davranıb sahələrdən əkilmiş kartofu yığsa da, digərləri aylarla əziyyətini çəkdiyi məhsulun qar yağması ilə don vurmasından danışır.

"Təsadüfən bu il qar tez yağdı, 3 hektar kartof qaldı ərazidə", deyən kənd sakini bu il kartof əkmək və becərmək üçün hər hektara azı 5 min manat xərc etdiyini qeyd edir.

Gübrə bahadır

Gədəbəydə Sovet dövründən kartof əkməklə məşğul olan digər kənd sakini isə dəmyə, yəni təbii yolla suvarılan kartof əkimi ilə məşğul olduğunu deyir. O, kimyəvi yox, üzvü gübrədən istifadə edir. Bu il məhsulun çoxunun xarab çıxdığını deyən sakin, keyfiyyətli toxuma ehtiyac olduğunu qeyd edir.

2000-ci ildən kartofçuluqla məşğul olan başqa bir kənd sakini isə bu il məhsuldarlığın az olmasını ərazinin vaxtlı-vaxtında gübrələnməməsində görür.

O deyir ki, fermerlərə güzəştlə satılan gübrəni ala bilmirlər.

"Prezident tərəfindən ayrılan güzəştlə verilən gübrəyə görə gedirik, deyirlər heç nə yoxdu, özləri üçün satırlar. Güzəşt 6 manat olmalıdır. Onlar da verir 13-14 manata", deyən sakin bu il gübrə almadığını, sahələri isə təbii peyinlə gübrələdiyini, ancaq bu üsulun yaxşı effect vermədiyini əlavə edir.

"Gübrəni bazar qiymətindən yuxarı satırlar. Bunun kəndçiyə nə xeyri var?!", digər sakin sual edir.

O, bu il iki hektar ərazidən 12 ton məhsul götürdüyünü desə də, ötən il bu rəqəmin 35 ton olduğunu vurğulayır.

Image caption Yerli sakinlər bu il məhsulun az olduğunu deyirlər.

Kənd Təsərrüfatı Nazirliyi mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev BBC Azərbaycancaya deyir ki, ölkəyə gübrələr Aqrolizinq ASC xətti ilə gətirilir.

Aqrolizinq Açıq Səhmdar Cəmiyyəti president İlham Əliyevin sərəncamına əsasən 2004-cü ildə yaradılıb. Qurumun səhmlərinin 100 faizi dövlətə məxsusdur. Əvvəlcə ona nəzarəti İqtisadi İnkişaf Nazirliyi həyata keçirsə də, 2009-cu ildən cəmiyyət Kənd Təsərrüfatə nazirliyinin tabeliyinə verilib.

Təşkilatın bir neçə bölgədə gübrə bazası var və gübrələrin fermerlərə güzəştlə satıldığı bildirilir. Bundan başqa qurum təsərrüfat üçün texnikanı da ölkəyə gətirir, icarə və satışını həyata keçirir.

Murtuzəli Hacıyev bu bazalarda fermerə gübrənin baha qiymətə satılması faktının gerçək olmadığını bildirir. O əlavə edir ki, elə fakt varsa, fermerlər nazirliyin 1652 qaynar xəttinə müraciət etməlidirlər.

Nazirlik sözçüsü bu sahənin tam nəzarətdə olduğunu da vurğulayır. O, gübrələrin keyfiyyətinin labaratoriyada yoxlandığını da qeyd edir.

Bazar problemi

Fermerlərin əksəriyyəti bu il yığılmış məhsuldan satış edə bilmədiklərini qeyd edirlər. Onlar topdan satış edə bilmədiklərini və məhsulu bazara rahatlıqla çıxa bilmədiklərindən şikayət edirlər.

"Bazarlarda alverçilər yerləri tutub", deyən fermerlər alverçilərin məhsula görə təklif etdikləri qiymətin aşağı olduğunu qeyd edirlər.

"Alverçilər kartofun kiloqramını 40-50 qəpiyə götürür. Amma 60-70 qəpiyə satsaq xərcimizi qarşılayarıq", sakinlərdən biri deyir.

Kənd Təsərrüfatı Nazirliyinin sözçüsü Murtuzəli Hacıyev isə bu deyilənlərlə razılaşmır.

"Gədəbəydən hər həftə kənd təsərrüfatı mallarının satış yarmarkasına məhsul çıxarılır", o deyir.

Nazirlik nümayəndəsi onu da qeyd edir ki, əgər fermerlər öz məhsullarını hər həftə sonu Bakıda və Sumqayıtda baş tutan yarmarkalara çıxarmaq istəyirlərsə, nazirliyə müraciət etməlidirlər.

"Texnika yoxdur"

Kənd Təsərrüfatı Nazirliyindən kömək uman Söyüdlü kənd sakini, əsas problemlərdən biri kimi təsərrüfat üçün gərəkli texnikanın olmamasından danışır.

Onun sözlərinə görə, kənddə taxılsəpən, kombaynlar kəndə digər kəndlərdən gətirilirş

"Kənd təsərrüfatı ona görə zəifləyib ki, camaata köməklik yoxdur", sakin əlavə edir.

Murtuzəli Hacıyev isə "ölkədə texnika var" deyir. O bildirir ki, fermmerlər texnikadan istifadə üçün Aqrolizinq ASC-ə müraciət edib güzəştli şərtlərlə əldə edə bilərlər.

"Aqrolizinqin Aqroservisləri var. Onlar bu xidməti göstəririlər. Xidmət haqqı hər hektar üçün 27 manatdır", nazirlik sözçüsü əlavə edir.