Mətbuat icmalı: DİN Azərbaycandakı qadın polislərlə bağlı açıqlama verib

Fotonun müəllifi ALEXANDER NEMENOV

"Azadlıq": Əli Kərimlinin pasport problemi Avropa Şurası Nazirlər Komitəsində müzakirəyə çıxarılır

Avropa İnsan Haqları Məhkəməsilə bağlı ən peşəkar mütəxəssislərdən olan Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri İntiqam Əliyev bildirib ki, son vaxtlar zərərçəkmişlərə kompensasiyaların ödənilməsi məsələsində problemlər yaranıb. Bununla bağlı Azərbaycanın Avropa Məhkəməsi Nümayəndəliyindən bildiriblər ki, problem texniki xarakterlidir, bankla bağlı hansısa anlaşılmazlıq var, vaxtında ödənilməyən kompensasiyalara görə şikayətçilərə bank faizləri ödəniləcək.

"Bəziləri bunu vəsait qıtlığı ilə əlaqələndirir. Amma maliyyə problemi olan ölkə mənasız Avropa Oyunları Fevtivalı keçirmək iddiasına düşməz. Əvvəllər də, indi də büdcədən şikayətçilərə ödənilən rəqəmdən qat-qat çox məbləğlərin havaya sovrulduğunun şahidi olmaqda davam edirik. Hökumət bu cür mənasız layihələrə pul tapa bilir, amma Avropa Məhkəməsinin kompensasiyaları, uzun illərdir şəhid ailələrinə nəzərdə tutulan ödənişlər, maaşlara, pensiyalara artım məsələsi ortaya çıxanda pul tapmır. Ümid edək ki, rəsmi Bakı özü üçün əlavə başağrısı yaratmayacaq və problem yaxın zamanda həllini tapacaq," deyə hüquqşünas bildirib.

Onun sözlərinə görə, Avropa Məhkəməsinin qərarlarının icrasına nəzarəti həyata keçirən Avropa Şurası Nazirlər Komitəsinin İlqar Məmmədovla bağlı 7 qətnaməsi var. "Amma İlqar Məmmədovun dərhal azadlığa buraxılması barədə Avropa Məhkəməsinin qərarı hələ də icra olunmayıb. Prinsipcə, Avropa Şurasının həmin qərarı icra etdirmək üçün arsenalındakı rıçaqlar o qədər geniş deyil. Sanksiyalar tətbiq edə bilər, amma bir neçə səbəbdən buna getmir və ya getmək istəmir. Əvvəla, oradakı diplomatların çoxu sanksiyaları effektiv vasitə saymırlar.

...İkincisi, bu cür sanksiyaları həyata keçirmək o qədər də asan məsələ deyil. Avropa Şurası normal ölkələr üçün nəzərdə tutulub. Son dövrlər bu quruma post-sovet ölkələrindən xeyli dövlətlər daxil oldular ki, hər cür müqavilələri imzalamağı və hər növ öhdəlikləri üzərlərinə götürürlər, amma onları icra etmirlər. Onlar Avropa Şurasına öz ölkələrində geniş tətbiq etdikləri dəyərləri daşımağa başladılar. Diplomatların, siyasətçilərin, məruzəçilərin kürü, para hesabına ələ alınması kimi biabırçı şeylər baş verməyə başladı," deyə vəkil izah edir.

İntiqam Əliyev xatırladır ki, "Avropa Şurası amorf bir şey deyil, o elə həmin Rusiyadan, Ermənistandan, Azərbaycandan, Türkiyədən, Bolqarıstandan və insan haqlarına hörmət qoyulmayan bu kimi çoxlu sayda ölkələrdən ibarətdir. Bu ölkələr insan hüquqlarını pozan ölkələrin məsələsi çıxanda ehtiyatla davranırlar, çünki öz ölkələrindəki durum da o qədər fərqli deyil. Avropa Şurasının/Məhkəməsinin məhkəmə icraçıları deyilən qurumu yoxdur ki, gəlib İlqar Məmmədovu həbsxanadan açıb buraxsınlar. Hətta olsaydı belə, onları çətin ölkəyə buraxardılar."

İntiqam Əliyevin sözlərinə görə, Avropa Şurası Nazirlər Komitəsinin dekabrın 6-7-də keçirilən toplantısında Avropa Məhkəməsinin Əli Kərimli barədə qərarının icrası ilə bağlı məsələnin də müzakirəsi nəzərdə tutulur.

"Bunlar çox biabırçı hallardır. Həm də Avropa Məhkəməsinə, Avropa Şurasına, onun Nazirlər Komitəsinə hörmətsizlikdir. Bunu həmin qurumlara daim xatırlatmaq gərəkdir. Avropa Məhkəməsinin qərarlarının icra olunmaması ilə bağlı Azərbaycan üzrə xüsusi məruzəçinin təyin olunması məsələsini daha təkidlə qaldırmağın vaxtı çatıb. İlqar Məmmədovun işində artıq belə bir təşəbbüs var. Bir sözlə, daha çox çalışmaq gərəkir," deyə o bildirib.

"Azadlıq": Akif Çovdarov məhkəməyə xərəkdə gətirildi

Ötən gün Sabunçu rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi jurnalistlərin iştirakı olmadan davam etdirilib.

"Vəkil Cavid Rzazadənin jurnalistlərə verdiyi məlumata görə, prosesdə bildirilib ki, A. Çovdarov səhhətində olan problemlərlə əlaqədar məhkəməyə gətirilməyib. Həkimlər A. Çovdarovu müayinə etdiyindən iclasda fasilə elan olunub.

Fasildən sonra Akif Çovdarov xərəkdə məhkəməyə gətirilib və xərəkdə uzalı vəziyyətdə prosesdə iştirak edib," deyə məlumatda bildirilir.

"Azadlıq": Tağı Əhmədov Akif Çovdarova qarşı iddia qaldırdı

Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədov hazırda həbsdə olan Akif Çovdarova qarşı mülki iddia qaldırıb.

Tağı Əhmədov 2014-cü ildə A.Çovdarovun hədə-qorxu gələrək ondan aldığı 3 milyon manatın həbsdəki generaldan tutularaq geri qaytarılmasını tələb edib.

T.Əhmədov istintaqa ifadəsində həmin 3 milyonun "44 illik əmək haqqısı" olduğunu demişdi.

qafqazinfo.az: DİN Azərbaycandakı qadın polislərlə bağlı açıqlama verib

Daxili İşlər Nazirliyi bir neçə gün əvvəl "Qafqazinfo"da dərc edilmiş, güc strukturlarında qadın polislərin azlığından bəhs edən yazıya reaksiya verib.

Nazirliyin Mətbuat Xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Orxan Mansurzadə bildirib ki, uzun müddətdir polisdə xidmətə qəbul "Dövlət qulluğu haqqında" qanunun tələblərinə uyğun olaraq Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası tərəfindən həyata keçirilir və mövcud qanunvericilik qəbulun digər üsulla həyata keçirilməsini istisna edir.

O, qeyd edib ki, Daxili İşlər Nazirliyi sistemində qadınların və kişilərin bərabər sayda təmsil olunmamasının obyektiv səbəbləri var:

"Daxili işlər orqanlarında fəaliyyətin başlıca istiqamətlərini cinayətlərin və digər hüquqpozmaların qarşısını almaq, törədilmiş cinayətləri açmaq, cinayətkarları aşkara çıxarıb tutmaq, ictimai qaydanı qorumaq, ictimai təhlükəsizliyi təmin etmək və s. kimi çətin və ağır vəzifələrin təşkil etməsi, qanunla müəyyən edilmiş funksiyaların isə sutka ərzində fasiləsiz həyata keçirilməsi baxımından qadınların sayının kişilərə nisbətən az olması təbiidir".

Orxan Mansurzadə hazırda respublikada fəaliyyət göstərən qadın polislərin sayını açıqlayıb: "Daxili işlər orqanlarında ümumilikdə 3000-ə yaxın qadın xidmət aparır ki, bu da ...şəxsi heyətin ümumi sayının ...10 faizini təşkil edir və bu göstərici ilbəil artır," deyə DİN rəsmisi bildirib.

"Xalq qəzeti": SOCAR Rumıniyanın enerji bazarının 10 faizinə sahib olmağı planlaşdırır

Fotonun müəllifi AFP

Rumıniyanın paytaxtı Buxarest şəhərində bu ölkənin nüfuzlu "Neft sənayesi icmalı" jurnalı və "Rumıniya Neft Klubu"nun təşkilatçılığı ilə "Rumıniya Neft və Qaz sərgi və konfransı-2016" keçirilib.

Rumıniyanın dövlət və hökumət nümayəndələri, neft-qaz sənayesi sahəsində bu ölkədə fəaliyyət göstərən aparıcı xarici şirkətlərin rəhbərləri, iş adamları, enerji sahəsində çalışan mütəxəssis və ekspertlərin də qatıldığı tədbirdə SOCAR-ın Rumıniyadakı "SOCAR Petroleum SA" törəmə şirkətinin də iştirak edib.

"SOCAR Petroleum SA" şirkətinin baş direktoru Həmzə Kərimov öz çıxışında vurğulayıb ki, qısa müddət ərzində şirkət ölkə bazarında bir sıra uğurlara imza atıb. "Hazırda SOCAR Rumıniya iqtisadiyyatına 60 milyon avro həcmində sərmayə yatırıb. Paytaxt Buxarest də daxil olmaqla Rumıniyanın 17 regionunda "SOCAR" brendi altında 34 yanacaqdoldurma məntəqəsi istifadəyə verilib ki, burada da müştərilərə yüksək səviyyədə xidmət göstərilir. Ümumilikdə şirkətdə təxminən 500 işçi çalışır. Yanacaqdoldurma məntəqələrində fəaliyyət göstərən "Nar" kafedə ənənəvi Azərbaycan məhsulları da müştərilərin ixtiyarına verilib. Qarşıya qoyulan əsas məqsədlərdən biri də qısa zamanda bu sahədə Rumıniya bazarının 10 faizinə sahib olmaqdır," -xəbərdə deyilir.

Əlaqəli mövzular