Gədəbəydən reportaj:“Yolumuzu düzəldən yox, ışığımız yox!”

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
"Mən, 90 yaşında arvad bu yolda yeriyəsi döyüləmmi"

Əli ilə kəndin yuxarı hissəsini işarə edərək "..mən də sizinlə, o tərəfə gedib gəlmək istəyirəm" deyən 90 yaşlı Gədəbəy rayonu Söyüdlü kənd sakininin arzusu kəndin yollarının düzəlməsini görməkdir.

Ancaq yol problemi təkcə bu kəndin yox, Arıqdam, Dəyirmandağı kimi Gədəbəy səfəri zamanı baş çəkdiyimiz digər kəndlərin də əziyyət çəkdiyi məsələdir.

Ən böyük problemi məhz Dəyirmandağı kəndində müşahidə etdik. Bu kənd yüksəklikdə yerləşir və onun dar, buz bağlamış, çınqıllı yolları ilə kiçik minik maşınları hərəkət edə bilmir.

Sakinlər ya dabana qüvvət verməlidir, ya da ki, bizi kəndin yüksəkliyinə aparan atasından qalma, öz təbiri ilə desək 30 illik ailə maşını olan NİVA markalı avtomobillə hərəkət etməlidir.

Qar yağıb, yolları buz bağlayanda isə bəzi evlərə ümumiyyətlə maşın çıxa bilmir.

Söhbətləşdiyimiz hər 3 kəndin sakinləri dövlət orqanlarından yol probleminin həll edilməsini umur.

"Azəravtoyol" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli isə problemdən xəbərdar olduğunu deyir.

Onun sözlərinə görə, Azərbaycanda 20 min kilometrə yaxın avtomobil yolları var və onun təqribən yarısı torpaq və çınqıl örtüklüdür.

Bəzi yollarda isə heç vaxt asfalt beton örtüyü olmayıb.

Qurum sözçüsü 10 min kilometrə yaxın düzəlməli yolların təmirini birdən birə etməyin mümkün olmadığını qeyd edir.

Ancaq o, bu məsələnin diqqətdə olduğunu da vurğulayır.

Cənab Nəcəfli deyir ki, prezidentin kəndlərarası avtomobil yollarının çəkilməsi ilə bağlı 40-dan artıq sərəncamı var. Və bu sərəncamların 30-a yaxınının icrası artıq tamamlanıb.

Onun sözlərinə görə, bu proses 2017-ci ildə də davam edəcək. Qurum sözçüsü onu da əlavə edir ki, bu yolların tamamilə təmir və ya bərpa olunmasının nə zaman bitəcəyini demək çətindir.

"Onlar da rahat gediş gəlişi istəyirlər, bu normaldı, onları başa düşürük. Ölkə rəhbərliyi də məsələni diqqətdə saxlayır", o bildirir.

Bu barədə daha geniş