Azərbaycan prezidenti ölkənin Cənub-Qərb bölgəsinə səfər edir

İlham Əliyev Fotonun müəllifi president.az
Image caption Şənbə günü prezident İlham Əliyev Horadiz şəhərində Dövlət Rəsm Qalereyasının açılışında iştirak edib

Şənbə günü Azərbaycan dövlət başçısı Füzuli və Beyləqan rayonlarına səfəri çərçivəsində hərbçilərlə görüşüb, bir sıra obyekt və müəssisələrə baş çəkib.

İlham Əliyev Füzuli rayounda, komanda idarəetmə məntəqəsində "əməliyyat şəraiti" ilə tanış olub. Hərbi qulluqçular qarşısında çıxış edən prezident fərqlənmiş hərbçilərə hədiyyələr verib, president.az saytında deyilir.

"Ali Baş Komandan İlham Əliyev döyüş tapşırığını yerinə yetirərkən xüsusi fərqlənmiş bir qrup hərbçiyə qiymətli hədiyyələr təqdim etdi".

Hərbi formada olan dövlət başçısı o cümlədən Füzuli rayonunun Horadiz şəhərində məcburi köçkünlər üçün salınan yeni qəsəbəyə, inşa edilən avtovağzal kompleksinə və rəsm qalereyasına baş çəkib.

Hərbi təlimlər

Azərbaycan prezidentinin səfəri bölgədə keçirilən hərbi təlimlərə təsadüf edir.

"Təlimin planına əsasən qoşunların idarəetmə sistemlərinin döyüş hazırlığının yoxlanılması, qüvvə və vasitələrin təyin olunan məntəqələrə çıxışı, eləcə də qoşunların fasiləsiz, operativ və gizli idarəedilməsi məqsədilə səhra idarəetmə məntəqələrinin açılması həyata keçirilir", Azərbaycanın Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirir.

Bu arada Ermənistan və Azərbaycan hərbi mənbələri təmas xəttində atəşkəs rejiminin pozulması ilə bağlı insidentlərin baş verdiyini qeyd edirlər.

Bu barədə daha geniş