MTRŞ "Səni axtarıram" verilişinin kadrlarını 2014-cü ildə görüb

Xoşqədəm Hidayətqıznın aparıcısı olduğu verilişdən qurama olduğu iddia edilən videolar yayılıb Fotonun müəllifi MeydanTV
Image caption Xoşqədəm Hidayətqıznın aparıcısı olduğu verilişdən qurama olduğu iddia edilən videolar yayılıb

Milli Televiziya və Radio Şurası sədri Nuşirəvan Məhərrəmli mediaya "Səni axtarıram" verilişinin efirə getməyən kadrlarını iki il əvvəl gördüyünü deyib.

"Bu məsələ hələ 2014-cü ildə bizim diqqətimizdə idi. O vaxt biz bu tip məlumatlar haqda ATV telekanalının rəhbərliyini məlumatlandırdıq, onlar da bundan nəticə çıxartdılar. Verilişin ATV telekanalında yayımı dayandırıldıqdan sonra, veriliş ANS-də yayımlanmağa başlandı. Mən ANS rəhbərliyini Şuraya dəvət edib, məlum görüntülər haqda onlara məlumat verdim və onlardan bu məsələni ciddi nəzarətdə saxlamalarını tələb etdim", APA yazır.

Ötən gün Azərbaycan teleməkanının bu reytinqli verilişinin çəkilişi zamanı "real faktlardan yox, quraşdırılmış səhnələrdən" istifadə edilməsilə bağlı Meydan TV videolar yayımlayıb.

Görüntülərdə efirə çıxarılacaq qəhrəmanların başqa formada təqdim olunduğu və yardım məqsədilə çəkiliş meydançasına dəvət edilmiş həkimin "qəhrəman"ı xərəkdə gətirmək üçün ona iynə vurulmasını təklif etməsi görünür.

BBC Azərbaycanca bu iddialarla bağlı verilişin aparıcısı olan Xoşqədəm Hidayətqızı ilə əlaqə saxlamağa müvəffəq olmayıb, amma o, addımlarının "hər birindən rəhbərliyin xəbəri olduğunu" söyləyib.

"Azad Azərbaycan" Müstəqil Teleradio Şirkəti "Səni axtarıram" proqramı ilə bağlı "məhz indi ortaya çıxan xoş olmayan məqamlar" barədə açıqlama verib.

"...Adı çəkilən verilişin yayımının dayandırılma səbəbi məhz müəyyən müəmmalı məqamların ATV rəhbərliyi tərəfindən dəfələrlə hiss edilməsi olub. Bu qüsurlarla bağlı verilişin aparıcısına və yaradıcı heyətə dəfələrlə xəbərdarlıq edilib", deyə kanal açıqlama yayıb.

Kanal əlavə edib ki, "... yaradıcılıq prosesindəki nöqsanların getdikcə çoxaldığı, həmçinin konkret saxtakarlıqların olduğu dəqiqləşdirildikdən sonra verilişin yayımının dayandırılmasına qərar verilib. Daha sonra verilişin hazırlanmasında iştirak edən bütün heyət kanaldan xaric edilib".

Sosial xarakterli olan "Səni axtarıram" verilişi 2015-cü ilin aprelinə qədər Azad Azərbaycan televiziyasında yayımlanıb. Aparıcı, Xoşqədəm Hidayətqızı televiziya şirkətini tərk etdikdən sonra veriliş bu il fəaliyyətini dayandıran ANS TV-də, hazırda isə "Xəzər" TV-də yayımlanır.

"Xoş olmayan məqamlar"

ATV bu qalmaqalda "heç bir rolunun olmadığını" deyərək baş verənləri şirkətə qarşı "qərəzli qaralama" adlandırıb.

"Xoşqədəm Hidayətqızı mətbuatda ATV-ni ittiham edən böhtanlarla çıxış etdikdə isə kanal rəhbərliyi verilişin bağlanmasının əsl səbəbləri ilə bağlı materialları müvafiq dövlət qrumlarına və həmçinin konkret yetkili şəxslərə təqdim edib. Qeyd edək ki, həmin materialların içərisində hazırda yayılan kadrarxası görüntülər də olub", ATV kanalı qeyd edib.

Verilişin aparıcısı Xoşqədəm Hidayətqızı Meydan TV-yə verdiyi açıqlamasında deyib ki, "ATV-də işlədiyim dönəmdə hansı addımlar atmışamsa, hansı işlər görmüşəmsə, hər birindən rəhbərliyin xəbəri var. Ümumiyyətlə, rəhbərliyin izni olmadan mən heç bir addım ata bilmərəm".

Həkim xalatındakı qadın

Yayılan kadrlarda aparıcının həkim xalatında olan qadına "kişini xərəkdə gətirək, denən ki, xərəkdən durma" deməsi və həmin qadının ona "kişiyə yarım kub vuraq iynə vuraq durmasın?" deyə sual etməsi eşidilir.

Səhiyyə Nazirliyi BBC Azərbaycancaya bildirib ki, həkim xalatında olan qadının həkim olub-olmadığını yoxlamaq üçün nazirliyi rəsmi müraciət edilməlidir.

"Bu şoudur, bəlkə şou üçün kimisə həkim kimi çıxarıblar" deyə nazirliyin sözçüsü Liya Bayramova həmin şəxsin kimliyinin araşdırılmadığını qeyd edib.

"Efirdə yayımlanmayıb"

MTRŞ-nın sədr müavini Qafar Cəbiyev BBC Azərbaycancaya müsahibəsində deyib ki, "Səni axtarıram" verilişinin çəkilişində qurama olduğu iddia edilən kadrlar Azərbaycan televiziyalarının heç birinin efirində yayımlanmayıb.

Qafar Cəbiyev deyir ki, MTRŞ Azərbaycan televiziyalarında efirə gedən materiallarla bağlı monitorinq aparır və efirə gedən pozuntularla bağlı hər hansı tədbirlər görür. Bu video isə "efirə getməyib" və ona görə də bunlar haqqında hər hansı münasibət bildirmir, cənab Cəbiyev əlavə edib.

Media üzrə hüquqşünas Ələsgər Məmmədli deyir ki, həmin kadrlar olmasa da hadisə televiziyada yayımlanıb və efirə gedən vəziyyət getməyən vəziyyətlə birbaşa bağlıdır.

"Mübahisəlidir"

"Söhbət tək həmin kadrlardan getmir. Onların yaratdığı nəticələrdən söhbət gedir. Orda ancaq nəticə efirə gedib, amma nəticənin formalaşmasına aid olan hissə efirə getməyib. İndi o verilişdə nə qədər obyektiv məlumat yayılıb, bu mübahisəlidir və MTRŞ da bu istiqamətdən [verilişin hazırlanmasına və yayılmasına məsul olan tərəflərə] müəyyən xəbərdarlıq edə bilər."

Media üzrə hüquqşünası əlavə edir ki, insanların çəkilişdə fərqli davranması tələbi jurnalist etikası baxımından məsuliyyət yaradır və bu həmin jurnalistlə "ən uzağı əmək birliyinə son verilməsinə" gətirib çıxara bilər.

"Həmin aparıcı da artıq o televiziya kanalı ilə əməkdaşlıq etmir. Ona görə bunu dərindən müzakirə etməyin effektiv nəticəsi olmayacaq", cənab Məmmədli deyir.

Onun sözlərinə görə, baş vermiş hadisədə hüquqi məsuliyyət o zaman yarana bilər ki, fərqli davarnmağa məcbur edilən tərəf onlara hüquqi zərər verilməsini mübahisələndirsin.

Cənab Məmmədli düşünür ki, yayılan kadrlar hansısa televiziya kanalının efirinə getdiyi halda həmin media qurumunun da məsuliyyətini hüquq müstəvisinə çıxarmaq olardı.

MTRŞ hazırda Xəzər TV-də yayımlanan bu proqramla bağlı onlara şikayət daxil olmadığını açıqlayıb.