Mətbuat icmalı: Azərbaycan Trans-Anadolu qaz sisteminə dair Memorandumu təsdiq edib

Fotonun müəllifi Getty Images

"Azərbaycan": Azərbaycanın xarici işlər naziri Portuqaliyaya səfərə yola düşüb

Xarici işlər naziri Elmar Məmmədyarov Portuqaliya Respublikasına rəsmi səfərə yola düşüb.

"XİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, səfər əsnasında nazir Elmar Məmmədyarovun Portuqaliyanın rəsmi şəxsləri ilə görüşləri nəzərdə tutulub. Görüşlərdə ikitərəfli və çoxtərəfli əsasda əməkdaşlığın genişləndirilməsi, iqtisadi-ticarət və parlamentlərarası əlaqələrin inkişafı kimi məsələlər müzakirə olunacaq," məlumatda deyilir.

"Azadlıq": Həkim "comment"ə görə Fuad Qəhrəmanlının işi üzrə dindirilib

Ötən gün, noyabrın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində Nardaran hadisələrinə görə həbs edilən "Müsəlman birliyi" Hərəkatının sədri Taleh Bağırov, Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə davam edib.

Ürəyindən 6 dəfə əməliyyat olunmuş, özü də ürək həkimi olan Hüseynbala Mehdiyev Facebookda şərh yazdığına görə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində dindirilib. O bu barədə noyabrın 14-də Fuad Qəhrəmanlı, «Müsəlman Birliyi» Hərəkatının sədri Taleh Bağırov də daxil olmaqla, 18 nəfərin mühakimə olunduğu «Nardaran işi» üzrə məhkəmədə danışıb.

Dindirilən həkim belə deyib: "Azərbaycanda hər şeyin seçki yolu ilə olmasını istəyirəm. Bu, mənim arzumdur. Hesab edirəm ki, nə olursa olsun, mütləq seçkiyə getmək lazımdır, başqa yolu yoxdur. Amma ağlıma gəlməzdi ki, bir "comment"ə görə "banditizm"ə çağırarlar. Elə birdəfəlik elan eləsinlər ki, «comment» yazmayın, biz də yazmazdıq. Məni o idarədən çağırandan sonra gedib məsələnin mahiyyətini bilənə qədər nə qədər stress keçirdim."

Fotonun müəllifi AXCP
Image caption Fuad Qəhrəmanlı ötən ilin noyabr ayında həbs olunub.

Həkimin istintaqa ifadəsində F.Qəhrəmanlının əleyhinə fikirlər yer alıb, ancaq o, ifadəni təsdiqləməyib. Bildirib ki, həmin vaxt üstündə eynəyi olmadığından müstəntiqin nə yazdığını oxuya bilməyib.

F.Qəhrəmanlı bu cür mövqeyinə görə H.Mehdiyevə təşəkkür edərək deyib: "Bütün bu baş verənlər ittihamın nə qədər absurd olduğunu göstərir. Əgər bir şərhə görə insanlar "bandotdel"ə aparılırsa, görün o ölkədə söz azadlığı nə gündədir. Bu hakimiyyətin mahiyyəti şər üzərində qurulub, ona görə də söz azadlığından ermənidən daha çox qorxur. Amma hakimiyyətin zorakılığı cəmiyyəti mənəvi deqradasiyaya uğratmaq gücündə deyil".

"Yeni Müsavat": Azərbaycan prezidenti Trans-Anadolu təbii qaz sisteminə dair Anlaşma Memorandumunu təsdiq edib.

Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan Respublikasının Hökuməti və Türkiyə Respublikasının Hökuməti arasında Trans-Anadolu təbii qaz sisteminə dair" Anlaşma Memorandumunun təsdiq edib.

Anlaşma Memorandumu 2014-cü il mayın 26-da Ankara şəhərində imzalanıb.