Müxbirimizin Astara sərhəd keçid məntəqəsində müşahidələri

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
Ərzaq üçün İrana gedən Astara sakinləri

"Bir də bura gəlməyəcəm", Astara keçid məntəqəsiylə İrandan Azərbaycana keçən kəndlilərdən biri, qonşu ölkəyə keçməsinin səbəbləri barədə BBC Azərbaycancaya danışarkən deyir.

Ucuz ərzaq almaq üçün ailəsilə birlikdə Cəlilabaddan gəlib İrana keçməsi daha ona sərf etmir. İranda ərzaqların qiyməti ucuz deyil və ona görə də gəlib getmək "özümüzə qalır", o deyir.

Günorta saatları olsa da, keçid məntəqəsinin dəmir barmaqlıqları arxasında İrana keçməsini səbirsizliklə gözləyən onlarla insan var.

"Səhər tezdən gələndə burada bir basabas olur. Keçən dəfə deyirlər bir uşaq özündən gedib basabasda. Nəfəsin kəsilir, amma çıxa da bilmirsən, çünki arxada bir millət olur ki, tərpənə bilmirsən", sakinlərdən biri İrana, həkimin ona yazdığı dərmanları daha ucuz almaq üçün getməsindən danışır.

Digər həmkəndlisi onun sözlərinə dəstək verərək "burada heç vaxt növbə mədəniyyəti olmayacaq" deyə gileylənir.

Digər bir sakini narahat edən məqam isə İrana həmişəki kimi tez-tez gedə bilməməsidir. Onun sözlərinə görə, əvvəllər İrana hər gün, sonra 3 gündə bir dəfə, daha sonra isə həftədə bir dəfə keçməsinə icazə verilib. Amma bu da müvəqqəti olub və onlara ayda iki dəfə keçməyə icazə verildikdən sonra son qərarla bu, ayda bir dəfə imtiyazla əvəzlənib.

Image caption İranda indi ərzaqların qiyməti əvvəlki qədər ucuz deyil desələr də, insanlar bazarlıq etmək üçün qonşu ölkəyə üz tutduqlarını deyir.

"Bunlar hamısı son 2 il ərzində baş verdi və səbəbini də bilmirik", sakin təəssüflə əlavə edir.

Bu qadağanın nə dərəcədə rəsmi olub-olmaması barədə Dövlət Sərhəd Xidmətindən cavab almaq cəhdimiz baş tutmayıb.

İldə bir dəfə-25 manat qazanc

İranda indi ərzaqların qiyməti əvvəlki qədər ucuz deyil desələr də, insanlar bazarlıq etmək üçün qonşu ölkəyə üz tuturlar.

Ünsiyyətdə olduğumuz insanların hamısı 30 kiloya qədər ərzaq məhsulunu problemsiz sərhəddən keçirə bildiklərini iddia etdilər.

"Hər ərzaqdan 10 kilonu, bir adama 30 kilonu keçirməyə heç nə demirlər. Artıq olanda amma götürürlər. Orda guya anbara qoyurlar", deyə sakin ondan sonuncu dəfə alınan ərzağın sonrakı aqibətindən xəbərsiz olduğunu deyir.

Qapıların açılmasını gözləyənlərin bir çoxunun əlindəki eyni tipli bağlamalar diqqətimizi cəlb edir. Maraqlananda məlum olur ki, bu Astara camaatı üçün ildə bir dəfə yaralana biləcəkləri gəlir formasıdır.

"İrandakı alverçilər bizə mal sifariş verir, paltar, geyim əşyaları. Biz də onları alıb belə 4 kilo yarım həcmində upakovkalayırıq və adamlara veririk. Kim götürüb o tərəfdə təhvil versə, ona 25 manat pul veririk", bağlamaları hazırlayan satıcı deyir.

Image caption Keçid məntəqəsinin dəmir barmaqlıqları arxasında İrana keçməsini səbirsizliklə gözləyən onlarla insan var.

Müşahidələrimiz onu göstəridi ki, 25 manatdan mümkün qədər çox yararlanmaq üçün bəzən ailələr hətta yeniyetmə övladları üçün də bağlama götürür.

Müşayət

İrandan Azərbaycana əli yüklə gələn sakinin başına bir göz qırpımında insanlar toplanır və qiymət razılaşdırmağa çalışırlar. Alış-verişdən belə anlaşılır ki, ən çox və tez satılan məhsul siqaretdir.

Uzun danışıqlardan sonra İran konfetini istədiyi qiymətə alan müştəri deyir ki, onu ən yaxşı halda 50 qəpik bahasına sata biləcək.

"Camaatda pul var? Gərək olsun ki, pul verib alsınlar", o deyir.

Sakinlərlə söhbət etdiyimiz vaxt mülki geyimli, polis baş leytenantı olduğunu iddia edən əməkdaş bizə yaxınlaşır. Dediyinə görə, müsahibə aldığımız insanlar arasında narahat olanlar olub və onların şikayəti əsasında bizi "yoxlamaq üçün" əraziyə gəlib.

Sənədlərimizi təqdim etməyimizə baxmayaraq, əməkdaş bizi müşayət etməkdə davam etdi. Suallarımız dəyişmədi, amma müsahibə üçün yaxınlaşdığımız insanların artıq bizimlə danışmağa maraqlı görünmədiyini görüb ərazini tərk etdik.

Bu barədə daha geniş