Mətbuat icmalı: "Türkiyə ilə vahid ordu - niyə də olmasın?"

Fotonun müəllifi Getty Images

"Yeni Müsavat": Türkiyə ilə vahid ordu - niyə də olmasın?

Prezident İlham Əliyev Bakıda Dünya Xəbər Agentlikləri V Konqresinin, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasının birgə açılış mərasimindəki çıxışı zamanı Dağlıq Qarabağın Azərbaycanın əzəli torpağı olduğunu bir daha xatırladıb.

"Dövlət başçısı bir daha vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır: "Çünki Azərbaycanın ərazi bütövlüyü digər ölkələrin ərazi bütövlüyü qədər dəyərlidir. Keçmiş sovet məkanında münaqişələrin ərazi bütövlüyü çərçivəsində həlli prinsipi Dağlıq Qarabağ münaqişəsinə də tətbiq edilməlidir," - prezident deyib.

...Ermənistanla onun əsas havadarı Rusiya arasında vahid ordu yaradılması məsələsi Azərbaycanda ciddi müzakirə mövzusudur.

"Ermənilər hər zaman çalışıblar ki, ruslar onların əvəzindən Qarabağda vuruşsunlar. Bunun üçün də sözügedən sənədi Rusiya-Azərbaycan münasibətlərini korlamaq üçün yetərincə təbliğ edəcək, böyük ehtimalla, bu mənada Azərbaycan və Türkiyəni oxşar addımlar atmaq üçün stimullaşdırmağa çalışacaqlar," deyə deputat Zahid Oruc bildirib.

Deputatın fikrincə, Azərbaycan üçün vacib olan Rusiya ilə hazırkı dövrdə formalaşan yüksək səviyyəli əlaqələrin qırılmamasıdır:

"Ermənilər məhz bunu arzulayır. Onlar yenidən Bakı ilə Moskva arasında siyasi konfrontasiyadan istifadə edib, Qarabağda Rusiya ordusunu yerləşdirməyə və bununla da azərbaycanlıları səngərdə ruslarla üz-üzə qoymağa cəhd edəcəklər. Bu yolverilməzdir. Rusiyanın sözügedən qərarı qəti şəkildə Azərbaycan ərazilərinin işğalda saxlanılması üçün ermənilərə hərbi yardım və ya onların yerinə vuruşmaq anlamına gəlmir. Ruslar bu dönəmdə Qarabağda ermənilərinin əvəzindən savaşmayacaqlar," - o deyib.

Zahid Oruc qeyd edib ki, Türkiyə və Azərbaycan arasında ortaq ordunun yaradılması məsələsi parlamentdən də səsləndirilib.

"Bu, bir tərəfdən qabaqcıl bir NATO dövlətinin təcrübəsini əxz etməyə imkan verəcək, başqa bir tərəfdən isə Türkiyə və Azərbaycan vahid təhlükəsizliyi yönündə birgə addımlar atmaq imkanında olacaq. Türkiyənin bölgədə xüsusi olaraq hərbi maraqları var və bu, inkarolunmazdır. Hətta Gürcüstan və Azərbaycan Ermənistanın bu addımı qarşılığında başqa ölkələrlə oxşar hərbi birləşmələr yarada bilərlər," - deyə deputat bildirib.

Fotonun müəllifi WWW.DHA.COM.TR
Image caption Türkiyə NATO tərkibində sayca ən iri ordulardan birinin sahibidir.

"Azərbaycan": Prezident İlham Əliyev Dubay Ticarət və Sənaye Palatasının sədrini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 16-da Dubay Ticarət və Sənaye Palatasının sədri Məcid Saif Al Qurairi qəbul edib.

Turizm sahəsində əməkdaşlığın önəminə toxunan İlham Əliyev artıq Birləşmiş Ərəb Əmirliklərindən çoxlu sayda turistlərin ölkəmizə səfər etdiyini vurğulayıb. Prezident iqtisadi sahədə əlaqələrimizin daha da genişləndirilməsinin vacib olduğunu qeyd edərək, bu baxımdan idxal-ixrac imkanlarının araşdırılmasının önəmli olduğunu, Azərbaycanın müvafiq qurumları tərəfindən bu sahədə fəal iş aparıldığını bildirib.

Məlumatda deyilir ki, görüşdə biznes, turizm, Azərbaycan kənd təsərrüfatı məhsullarının Birləşmiş Ərəb Əmirliklərinə ixrac imkanları, viza rejiminin daha da sadələşdirilməsi, sərmayə qoyuluşu ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

"Xalq qəzeti": Prezident Administrasiyasının rəhbəri MDB ölkələri Təhlükəsizlik şuraları katiblərinin iclasında iştirak edib

Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, Təhlükəsizlik Şurasının katibi Ramiz Mehdiyev, Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov və Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov noyabrın 16-da Moskvada keçirilən MDB ölkələri Təhlükəsizlik şuraları katiblərinin illik iclasında iştirak ediblər.

İclasda MDB məkanında təhlükəsizliyin təmin olunmasına dair bir çox məsələlər müzakirə edilib.

Novruz Məmmədov AZƏRTAC-ın müxbirinə müsahibəsində bildirib ki, MDB-nin yaradılmasının 25-ci ildönümünə həsr edilmiş iclasda ötən dövrdə görülən işlər, əldə olunan nəticələr və gələcək planlar ətrafında geniş fikir mübadiləsi aparılıb. O, müasir dövrdə müəyyən ölkələrin bir-biri ilə əlaqəli şəkildə fəaliyyətinin vacibliyini vurğulayıb. "Bu gün beynəlxalq münasibətlər olduqca mürəkkəbdir, beynəlxalq aləmdə vəziyyət hər gün dəyişir. Bugünkü iclasın da mövzusu müasir dövrdə təhdidlər və çağırışlar, onlara qarşı mübarizə formaları idi. ...İclasda Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, Təhlükəsizlik Şurasının katibi Ramiz Mehdiyev çıxış edərək bütün məsələlərlə bağlı Azərbaycanın mövqeyini açıq şəkildə ifadə etdi, ölkəmizin müasir çağırışlara və təhdidlərə qarşı əlaqəli fəaliyyət göstərilməsinə hazır olduğunu bildirdi," deyə Novruz Məmmədov bildirib.

"Azərbaycan": Prezident ipəkçiliyin və fındıqçılığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb

Prezident İlham Əliyevin " ipəkçiliyin və fındıqçılığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" sərəncamında deyilir:

"1. Barama toxumlarının, tut (çəkil) tinglərinin və fındıq pöhrələrinin tədarük edilməsi və məhsul istehsalçılarına əvəzsiz verilməsi məqsədi ilə "Kənd təsərrüfatının inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 2 mart tarixli 1081 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə ayrılmış vəsait hesabına 1,463 milyon (bir milyon dörd yüz altmış üç min) manat, o cümlədən barama toxumlarının alınmasına 163,0 (bir yüz altmış üç) min manat, tut (çəkil) tinglərinin alınmasına 600,0 (altı yüz) min manat, fındıq pöhrələrinin alınmasına 700,0 (yeddi yüz) min manat ödənilsin.

2. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi:

2.1. tədarük olunan barama toxumlarının, tut (çəkil) tinglərinin və fındıq pöhrələrinin şəhər və rayonların tələbatı nəzərə alınmaqla, məhsul istehsalçılarına əvəzi ödənilmədən paylanılmasını təmin etsin;

2.2. bu Sərəncamın 2.1-ci bəndinə uyğun olaraq, barama toxumları, tut (çəkil) tingləri və fındıq pöhrələri əvəzi ödənilmədən paylanılan məhsul istehsalçıları, habelə şəhər və rayonların tələbatı barədə məlumatı Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin."

Bu barədə daha geniş