2 642 000 000 - gələn ilin hərbi büdcə layihəsi

Milli Məclis Fotonun müəllifi Getty Images
Image caption Büdcə layihəsi dekabr ayında parlametdə müzakirə olunacaq.

Açıqlanan yeni 2017-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsində müdafiə xərcləri ötən ilə nisbətən 414 milyon manat artırılıb və bununla da gələn il bu sahəyə dövlət büdcəsindən 2 milyard 642 milyon manat vəsait xərclənəcək.

İqtisadçılar deyir ki, yeni büdcə layihəsində müdafiə sahəsinə ayrılan vəsait elm, hüquq müfafizə, təhsil, səhiyyə, sosial müdafiə, mədəniyyət-incəsənət, idman, kənd təsərrüfatı, sahibkarlara dəstək xərclərinin azaldılması hesabına artırılıb.

İqtisadçı Zöhrab İsmayılın sözlərinə görə, müharibə şəraitində olan bir ölkə üçün bu addım doğru qərardır.

Eyni fikri hərbi sahələr üzrə mütəxəssis Üzeyir Cəfərov da bölüşür və qeyd edir ki bu sahənin xərclərini Dağlıq Qarabağ problemləri həllini tapdıqdan sonra azaltmaq olar.

Digər sahələrdən azalma

İqtisadçı Rövşən Ağayev Maliyyə Nazirliyinin rəsmi saytında dərc olunmuş yeni büdcə qanunu layihəsi barədə bildirir ki, burada təhsil xərcləri 126 milyon manat, səhiyyə xərcləri 30.4 milyon manat azaldılıb.

Vəsaitləri azaldılan digər sahələr dövlət borcuna xidmət xərcləri 127 milyon, elm xərcləri 6.8 milyon, kənd təsərrüfatı xərcləri 305.5 milyon, sahibkarlığa dəstək 102 milyon manat azalıb.

Digər sahələr isə Naxçıvana dotasiya, hüquq-mühafizə, sosial müdafiə xərcləri, mədəniyyət-incəsənət, idman, əsas bölmələrə aid edilməyən xidmətlər xərcləridir.

Bu sahələrin hesabına müdafiə xərcləri əvvəlki layihədə göstərilmiş rəqəmdən 1.027 milyard manat artırılıb, iqtisadçı şəxsi Facebook hesabında qeyd edib.

414 milyon manat artım

İqtisadçı Zöhrab İsmayılın sözlərinə görə, oktyabr ayında təqdim olunmuş layihənin ilkin versiyasında müdafiə xərcləri daha az göstərilsə də, son variantda bu rəqəm digər sahələrdən azaltmalar hesabına 2 milyard 642 milyon manata çatdırılıb.

Cənab İsmayıl layihənin ilk versiyasında müdafiə xərclərinin az göstərilməsinin "yalnış" olduğunu qeyd edir.

"Nə hərbçilərin maaşı, nə də sosial təminatı inkişaf etmiş və inkişafda olan ölkələrlə müqaisədə yetərli səviyyədə deyil. Dağlıq Qarabağ problemi də var. Bu halda müdafiə xərclərinin ixtisarı ağılsızlıq olardı", deyən iqtisadçı artımı təqdir edir.

Bununla yanaşı son ildə milli valyutanın 97 faiz devalvasiyaya uğradığını xatırladan Zöhrab İsmayıl ABŞ dolları ilə hesablandıqda artımın yüksək olmadığını da əlavə edir.

"Bu il və gələn il dollarla manatın münasibətinin necə olacağını bilmirik", deyə o qeyd edir.

Fotonun müəllifi president.az
Image caption Ötən həftə Füzuli rayonunda hərbçilərlə görüşən prezident İlham Əliyev ordunun maddi-texniki təminatına milyardlarla dollar ayrıdlığını qeyd edib.

Sosial problemlərin dərinləşməsi

Siyasi təhlilçi Azər Rəşidoğlu ölkədəki iqtisadi çətinlikləri əsas gətirərək bu qərarı doğru hesab etmədiyini bildirir.

Onun sözlərinə görə, hazırkı dövrdə iqtisadi tənəzzül başlayıb və sosial problemlər artır.

"…belə bir şəraitdə müdafiə sənayesinin inkişafı, müdafiə gücünün artırılması üçün vəsait artırılması imkansız görünər", o deyir.

Cənab Rəşidoğlu vəsaitin artırılması üçün digər sahələrin xərclərindən azaldılacağını bildirərək əlavə edir ki, "hansısa sahənin xərclərindən vəsait kəsilsə, o sahədə camaat arasında güclü olan narazılıq daha da dərinləşəcək".

Məcburi

Hərbi məsələlər üzrə mütəxəssis Üzeyir Cəfərov isə bu qərarı təqdir edir.

O deyir ki, ölkənin müharibə şəraitində olması və Qarabağ probleminin hələ də həll edilməməsi Azərbaycan hökumətini bu addımları atmağa vadar edir.

"Nazirlər kabinetinin iclasında prezident Əliyev dedi ki, Azərbaycan silahlı qüvvələri və ölkənin müdafiəsi və təhlükəsi ilə bağlı nə lazımdırsa ona heç bir halda qənaət olunmayacaq".

Cənab Cəfərovun sözlərinə görə, gələn il Azərbaycan silahlı qüvvələrinə daha modern, daha yeni silahlar gözləniləndir və müdafiə xərclərinin artırılması bundan irəli gəlir.

"Səhiyyə, təhsil və digər sahələrdə xeyli vəsaitlər havaya sovrulur. Tender adı ilə bu sistemlərdə nə qədər vəsaitlər dağıdırlır", deyən müsahib müdafiə sahəsinə ayrılan vəsaitin müharibə vəziyyətində olan ölkə üçün böyük rəqəm olmadığını qeyd edir.

Müdafiə sahəsinə ayrılan vəsaitin hər il artırıldığını deyən Üzeyir Cəfərov həmçinin əlavə edir ki, "Azərbaycan bu addımı atmağa məcburdur".

"Müdafiə sənayesinə aid tikinti, yenidənqurma işlərində xərclər azaldıla bilər. Ancaq təmas xəttində hava hücumundan müdafiə, hərbi hava qüvvələri, o cümlədən ağır və yüngül texnika alınıb, alınır, alınacaq", o vurğulayır.

Cənab Cəfərovun sözlərinə görə, Azərbaycan 2017-ci ildə dördüncü nəsil yeni silah-sursatın alınması barədə danışıqlar aparır.

Bu barədə daha geniş