Təklif olunan yeni yaşayış minimumu qənaətbəxşdirmi?

Milli Məclisdə yaşayış minimumunun yeni həddinin müzakirəsi gözlənilir Fotonun müəllifi Getty Images
Image caption Milli Məclisdə yaşayış minimumunun yeni həddinin müzakirəsi gözlənilir

Manatın iki dəfə ucuzlaşmasından sonra təklif olunan yeni yaşayış minimumu reallığı əks etdirmir, iqtisadi təhlilçilər deyirlər.

2017-ci ildə Azərbaycanda yaşayış minimumunun 136 manatdan 155 manatadək artırılması təklif olunur, Milli Məclisin sosial siyasət komitəsindəki deputatlar BBC Azərbaycancaya təsdiqləyib.

"2017-ci il üçün yaşayış minimumu haqqında" qanun layihəsinə əsasən, yaşayış minimumu əmək qabiliyyətli əhali üçün 18,5 manat artırılaraq 164,5 manata, pensiyaçılar üçün 15,2 manat artırılaraq 130,2 manata, uşaqlar üçün isə 19,6 manat artırılaraq 136,6 manata çatdırılıb.

Keçmiş maliyyə naziri Fikrət Yusifov deyir ki, yaşayış minimumu bu gün ölkə iqtisadiyyatının "gücü çatan həddə" müəyyən olunur.

Bahalaşma

"Hesablama aparsaq mən inanıram ki, indikindən hardasa 100 manat çox olar", iqtisadçı ekspert Qubad İbadoğlu deyir.

Təhlilçi əlavə edir ki, hələ devalvasiyadan qabaq aparılmış hesablamalar nəticəsində "real" yaşayış minimumu 180 manat idi.

"İndi bu rəqəm ən azı 220 manatdan az olmamalıdır", o qeyd edir.

O Nazirlər Kabinetinin normativləri çox aşağı səviyyədə müəyyənləşdirdiyini bildirir.

Cənab İbadoğlu həmçinin deyir ki, paytaxtla regionlardakı yaşayış səviyyəsi və xərcləri arasında fərq var. Bu səbəbdən o, yaşayış minimumunun hamı üçün eyni rəqəmlə ifadə edilməsini düzgün hesab etmir.

Yaşayış minimumu "bir göstəricidir"

Milli valyutası bir neçə dəfə ucuzlaşan ölkələrdə belə bir addımın atılmadığını deyən iqtisadçı Fikrət Yusifov əlavə edir ki, bu yaşayış minimumu "bir göstəricidir" və insanların bu pulla yaşaması anlamına gəlmir.

"Bu sadəcə müəyyən müavinətlərin, hesablamalar aparmasında bir kriteriyadır, ölçü vahididir. Buna görə bunu ağrılı qəbul etmək lazım deyil", cənab Yusifov vurğulayır.

Ərzağın hər yanda eyni qiymətə olduğunu iddia edən iqtisadçı əlavə edir ki, yaşayış minimumuna regionlar üzrə fərq qoyulması nə Azərbaycan, nə də beynəlxalq təcrübədə var.

Cənab Yusifov Azərbaycan iqtisadiyyatda dirçəliş əldə edildikcə, maliyyə durumu sabitləşdikcə yaşayış minimumuna yenidən baxılaraq artırılması ehtimalını da istisna etmir.

Bu ilin oktyabr ayı ərzində 30 əsas ərzaq növündən ibarət istehlak səbətinin qiyməti 2,2% bahalanıb, Turan xəbər agentliyi apardığı təhlil nəticəsində belə bir qənaətə gəlib.

Sentyabrda yay mövsümünə aid olan məhsulların - pomidor, kartof, alma, xiyar, qatıq və pendirin qiyməti kəskin artıb. Qoyun əti (- 5,2%), toyuq içalatı (- 6,6%), peçenye (- 4,5%) isə ucuzlaşıb.

Məlumata görə, sentyabrda ərzaq 2,4%, avqustda 3%, iyulda 1,4% bahalanıb, iyunda 1,04%, mayda 2,8%, apreldə 2,85% azalma olub. Azalma mövsümi kənd təsərrüfatı mallarının bazara çıxması ilə bağlı olub.