Mətbuat icmalı: "Manat dəyər itirdikcə İrana gedənlər çoxalır"

Fotonun müəllifi Getty Images

"Azadlıq": "Ölkənin dəhşətli intihar statistikası - 9 ayda 500 nəfər, 27-i yeniyetmə"

Azərbaycanda ötən il və bu ilin 9 ayı ərzində intihar edənlərin sayı açıqlanıb.

"Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Səbuhi Pənahov "Report"un sorğusuna cavab olaraq bildirib ki, bu ilin 9 ayı ərzində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə 500 cinayət işi başlanıb, zərərçəkmiş qadınların sayı 156, yetkinlik yaşına çatmayanların sayı 27 nəfər olub.

Ölkədə ötən il Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə 658 cinayət işi başlanıb. Zərərçəkmiş qadınların sayı 183, yetkinlik yaşına çatmayanların sayı isə 31 nəfər olub," -xəbərdə deyilir.

Ancaq nazirlik intiharın səbəbləri barədə məlumat verməyib.

Müşahidəçilərin fikrincə, son vaxtlar intihara daha çox maddi və sosial çətinliklər, o cümlədən, kredit borclarını ödəyə bilməmək kimi hallar səbəb olub.

"Azadlıq": "Manat dəyər itirdikcə İrana gedənlər çoxalır"

Noyabrın 19-da İrana gedən Türkiyə vətəndaşı Aydın Cisimin Astara Gömrük İdarəsində vəfat etdiyi, daha çox sayda insanın xəsarət aldığı bildirilir.

Astara şəhər sakini Camal İbrahimov deyir ki, İrana getmək müsibətdir:

"Təqaüdə çıxmışam. İki dəfə ürəkdən əməliyyat olunmuşam. Pensiya azlıq edir. Ürəyi müalicə etmək üçün dərmanları ala bilmirik. Məcburuq, ayda 1-2 dəfə İrana gedək, oradan dərmanları alaq".

"Bizə nisbətdə orda dərmanlar həm keyfiyyətli, həm də ucuzdur. 3-4 ay olar ki, İrana getmək mümkün deyil. Dərmanlar yoxdur. Ürəkdə fəsadlar başlanıb. Adam çoxluğundan o taya keçmək mümkün deyil. "

Camal İbrahimov hesab edir ki, Astara gömrüyündə qaydalar Beynəlxalq normalara uyğunlaşdırılmalıdır. O bununla bağlı müxtəlif qurumlara rəsmi qaydada müraciət etdiklərini deyir.

İrandan qayıdan Astara şəhərin digər sakini Həsənağa Məmmədovsa hesab edir ki, gömrükdə bilərəkdən ağır şərait yaradırlar:

"İranda adamları qəbul edib yola salmaq üçün iki adam olur. Bizdə 10-15 nəfər üstümüzə tökülür. Qayda da yox. İranın gömrüyün qapısı həmişə açıqdır.

"Gələn adam dərhal içəri girir və sənədlərini təqdim edir. Bizdə qapıları bağlayırlar. Qapının qarşısında min nəfər yığılandan sonra qapını açırlar. Onda basabas düşür. İnanın ki, cəhənnəm qapısıdır. Hər kəs ölə bilər."

"İş adamı Fayıq Cəfərov deyir ki, insanları İrana əsasən kasıbçılıq üzündən gedirlər. O deyir ki, manat dəyərdən düşdükcə sərhəd məntəqəsinin önündə adamların sayı artır. Onun deməsinə görə, oxşar vəziyyət 90-cı illərin əvvəllərində müşahidə edilib." - deyə qəzet yazır.

Fins.az: Azərbaycan-Rusiya sərhədində əməliyyat

Azərbaycanın Rusiya ilə sərhəd rayonlarında "Sərhəd-sipər" şərti adı altında əməliyyata başlanılıb.

Əməliyyatlara Azərbaycanın daxili işlər orqanları ilə yanaşı, Rusiyanın hüquq-mühafizə orqanları da qatılıb.

"Yerli sakinlərin verdiyi məlumata görə, aparılan əməliyyatlarla bağlı Xaçmaz və Qusar rayonlarında xüsusi polis postları qurulub. Polis əməkdaşları tərəfindən rayona girən və çıxan avtomobillər yoxlanılır," - xəbərdə deyilir.

Noyabrın 27-dək kimi davam edəcək əməliyyatın keçirilməsində əsas məqsəd hər iki dövlətin sərhədyanı ərazilərində transmilli mütəşəkkil cinayətkarlığa, qanunsuz miqrasiyaya, narkotiklərin, qanunsuz silah-sursatın dövriyyəsinə qarşı mübarizə aparmaqdır.

"Azərbaycan": İstanbulda keçirilən NATO PA-da azərbaycanlı deputatlar da iştirak edir

Türkiyə Böyük Millət Məclisinin ev sahibliyi ilə İstanbulda keçirilən NATO Parlament Assambleyasının (PA) 62-ci sessiyasında Azərbaycanı Milli Məclis sədrinin birinci müavini, NATO Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərovun başçılığı ilə nümayəndə heyəti təmsil edir.

Nümayəndə heyətinə Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, deputatlar Qüdrət Həsənquliyev, Məlahət İbrahimqızı və Kamran Bayramov da daxildir.

Qeyd edilir ki, müzakirələr Assambleyanın siyasət, müdafiə və təhlükəsizlik, iqtisadiyyat və təhlükəsizlik, təhlükəsizliyin mülki sahələri, elm və texnologiyalar komitələrində aparılır.

Sessiyanın işini noyabrın 21-də başa çatdıracağı bildirilir.

"Yeni Müsavat": Ölkənin milyonları Rusiya sərhədində batır

Şəmkir illərdir ki, istixanalarda əkinlə, xüsusən xiyar və pomidor yetişdirilməsi ilə məşğuldur. Rayonda minlərlə hektar sahələrdə uzanan "parnik"lər var.

Əldə olunan məhsul daha çox Rusiya bazarlarına çıxarılır. Becərilən məhsullar həm də xaricdən minlərlə ailənin büdcəsinə vəsait gəlməsi deməkdir.

Sahibkarlar bu sahədəki problemlərin çoxluğundan şikayətləniblər.

Bildirilir ki, "parnik"də ən çox istilik xərc aparır.

"Parnik" sahibi Şahin Nəcəfov deyir ki, dəstək olarsa, bu sahə gəlirli sahədir və dolanmaq mümkündür.

Digər kənd sakini Elşad Əliyevin yeni qurduğu istixana 23 sot ərazini əhatə edir. "Təkcə istixananın qurulması 1500-2000 manat edir.

"Qaza görə bir sənədə 10 min manat istəyiblər. Təkcə icazəyə 30-40 min manat xərc çıxacaq. Sayğac da yəqin azı 4-5 min manat olacaq..." - Elşad Əliyev deyir.

Qəzet yazır ki, "parnik"lərə qaz xəttinin çəkilişi üçün təkcə icazənin alınması minimum 30 min manata başa gəlir. Sayğac 4-7 min manata satılır.

"Qiymətlə maraqlanan kəndlilər deyirlər ki, əslində bu sayğaclar da monopoliyadadır və dəyərindən dəfələrlə baha qiymətə onlara satılır. Qaz çəkməyə imkanı olmayanlar isə keyfiyyətsiz yağlardan almalı olurlar.

"Bu, maşınlardan dəyişdirilən motor yağlarıdır ki, böyük çənlərə yığılıb kəndlilərə satılır. Həmin yağla "parnikin" isidilməsi isə çətindir, qaz daha yaxşı istilik verir", yazıda deyilir.

Qəzet yazır ki, Şəmkirdə artıq gülçülük iflas edib. "Yüzlərlə istixana ləğv edilib. Hazırda rayonda təkcə nazirlərdən birinin geniş ərazini əhatə edən gül "parnik"ləri var," məqalədə deyilir.

Əlaqəli mövzular