4 sot torpaq almaq istəyən Şəki sakininin əhvalatı
Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

Şəki sakini 4 sot torpağı özəlləşdirə bilmir

“Mən orada bir otaq tiksəm, ailəmi başıma yığıb birtəhər təsərrüfatla, mal-qara ilə dolanaram”, Kənan Əhmədov Şəki rayonunda bələdiyyədən veriləcəyi vəd olunan torpağı bu günə qədər ala bilməməsini BBC Azərbaycancaya danışarkən deyir.

Cənab Əhmədov bildirir ki, yerli icra hakimiyyətinə və bələdiyyəyə “uzun müraciətlərindən sonra icra başçısının göstərişi ilə ona 4 sot torpaq ayrılıb”, amma bu günə qədər də torpağı sənədləşdirib ala bilmir.

Oxud kənd sakini olan Kənanın dediyinə görə, ailə qurduqdan sonra “külfəti böyük olduğundan” ata evini tərk edib və ailəsiylə ayrı yaşamalı olub.

Onun sözlərinə görə, ikinci qrup əlilliyi olduğundan iş tapa bilmir və “imkansızlıqdan” bu günə qədər ev tikə bilməyib. Buna görə də həyat yoldaşı və iki qızı indi qayınanasının evində, ondan ayrı yaşayır.

“Siftə dedilər 1500, sonra dedilər 1000 manat, sonra da dedilər 800 manat. Dedilər, reyestr var, əmlak məsələləri var, torpaq haqqı var, notarius var”, deyə cənab Əhmədov “icra hakimiyyətində ondan istənilən pulların xərclənəcəyi” ünvanları sadalayır.

“55 manat pensiya alıb 100 manat kirayəyə yaşayan adamam. Çox çətindir mənim üçün.”

"Heç kim pul istəməyib"

Şəki rayon icra başçısının köməkçisi Ziya Vəliyev BBC Azərbaycancaya bildirib ki, şikayətçidən icra hakimiyyətində heç kim pul istəməyib.

“Torpaqlar məsələsində biz ümumiyyətlə kənardayıq. O ancaq bələdiyyəyə müraciət etməlidir və onlarla danışıqlar aparmalıdır. Bələdiyyə bizim tabeçiliyimizdə deyil, reyestr bizə tabe deyil”, cənab Vəliyev deyir.

Qurum rəsmisi əlavə edir ki, bu günə qədər icra hakimiyyətindən şikayətçiyə “mütəmadi maddi yardım” göstərilib və bu haqda Kənan Əhmədovun “imzası ilə olan təşəkkürnamələr” var.

Torpağı verən Şəki Oxut Bələdiyyə sədri müavini Cumay Salamov qeyd edir ki, şikayətçinin ikinci qrup əlilliyi olsa da onun “yerli qanunlarla hər hansı güzəştli insanlar kateqoriyasına aidiyyatı yoxdur” və buna görə də hər kəs kimi o da rüsumları ödəməlidir.

Bələdiyyə: "rüsumlar siyahısı verilib"

Bələdiyyə nümayəndəsinin sözlərinə görə kənd sakininə torpaq, Bələdiyyə Perspektiv İnkişaf Fondundan ayrılıb və rüsum olaraq ondan yalnız 440 manat bələdiyyəyə pul ödənilməsi istənilib.

“Ona yazıb siyahı da verilib və neçə dəfə izah olunub ki, dövlət rüsumlarıdır, vergi rüsumlarıdır, notariusdur. Ona hesablanıb deyib ki, sənin bu qədər pulun çıxa bilər. Bizdə heç kim onda pul istəməyib”.

Cənab Salamov bələdiyyənin indi ona hər hansı güzəşt edə bilməyəcəyini deyir.

Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətindən BBC Azərbaycancaya bildirildi ki, bələdiyyə tərəfindən verilən torpağın rüsumlarını qurum müəyyən etmir.

Vətəndaş bələdiyyədən torpağı sənədləşdirib tam alqı-satqı etdikdən sonra onun çıxarışı və passportunun alınması üçün Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətinə müraciət edəcək və burada müəyyən olunmuş rüsum ödənildikdən sonra torpaq tam sənədləşmiş olacaq.

“150 manat civarında rüsum ödənilə bilər, ola bilsin, bundan 5 manat aşağı və yuxarı olsun”, rəsmi əlavə edib.

Bu yazı BBC Azərbaycancaya məktublar rubrikası çərçivəsində hazırlanıb. Siz də sizi narahat edən mövzularla bağlı məktublarınızı göndərə bilərsiniz.