Mətbuat icmalı: "Dərmanların 70 faizi tapılmır - İdxal dayanıb, apteklərdə təşviş yaranıb!"

qəzet

"Azərbaycan": Azərbaycan Silahlı Qüvvələrində "NATO günləri" davam edir

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, NATO-nun Müttəfiq Transformasiya Komandanlığının Ekspert Qrupu tərəfindən Silahlı Qüvvələrdə keçirilən "NATO günləri" çərçivəsində general-mayor Odd Egil Pedersenin rəhbərlik etdiyi nümayəndə heyəti Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində olub.

Görüşdə regional təhlükəsizlik məsələləri NATO nümayəndə heyətinin diqqətinə çatdırılıb.

Silahlı Qüvvələrdə "NATO günləri" çərçivəsində nümayəndə heyəti Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini ziyarət edib...

Nümayəndə heyəti hərbi təhsil ocağının kafedralarındakı tədris vəsaiti, maddi-texniki vasitələr və digər hərbi təyinatlı avadanlıqla yaxından tanış olub.

Qonaqlara müxtəlif ixtisas fakültələrinin döyüş texnikası və təlim trenajorları, atıcı silahlar və digər hərbi təyinatlı vasitələr barədə ətraflı məlumat verilib," deyə məlumatda bildirilir.

"Azərbaycan": AŞPA-nın Avropa Mühafizəkarları Qrupunun sədri Bakıda bir qrup tələbə ilə görüşüb

Fotonun müəllifi Azertag
Image caption AŞPA-nın Avropa Mühafizəkarları Qrupunun sədri Yan Liddel-Qrenqer Siyasi Psixologiya Mərkəzində bir qrup tələbə ilə görüşüb

AZƏRTAC xəbər verir ki, ölkədə səfərdə olan AŞPA-nın Avropa Mühafizəkarları Qrupunun sədri Yan Liddel-Qrenqer Siyasi Psixologiya Mərkəzində bir qrup tələbə ilə görüşüb.

"Görüşdə Yan Liddel-Qrenqer və Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov ölkəmizin qurumdakı fəaliyyəti barədə məlumat veriblər. Qeyd edilib ki, Azərbaycan müxtəlif beynəlxalq təşkilatlar, o cümlədən Avropa Şurası Parlament Assambleyası ilə əməkdaşlığa böyük əhəmiyyət verir. Nümayəndə heyətimiz AŞPA-nın toplantılarında fəal iştirak edərək müzakirə olunan məsələlərə öz mövqeyini bildirir.

Yan Liddel-Qrenqer azərbaycanlı tələbələrlə görüşməyin onun üçün böyük şans olduğunu vurğulayıb. "Çünki Azərbaycanın gələcəyini müəyyən edən insanlarla söhbət etmək, onların hadisələrə yanaşmasını öyrənmək fürsəti əldə etmişəm", - deyə o bildirib," -xəbərdə deyilir.

"Xalq qəzeti": Dövlət Gömrük Komitəsi Mətbuat Xidmətinin məlumatı

Dövlət Gömrük Komitəsi son günlər bir sıra kütləvi informasiya vasitələrində Çin Xalq Respublikasından Azərbaycana saxta yumurta və düyü idxal edilməsi ilə bağlı həqiqətə uyğun olmayan məlumatlara dair açıqlama verib.

"Dövlət Gömrük Komitəsi bildirir ki, 2016-cı il ərzində Çin Xalq Rspublikasından Azərbaycana, ümumiyyətlə, yumurta idxalı qeydə alınmayıb və bu ölkədən Azərbaycana saxta yumurta idxal edilməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

2016-cı ildə Azərbaycana Çin Xalq Respublikasının istehsalı olan cəmi 2 ton düyü idxal edilib.

Belə ki, Çin Xalq Respublikasından Rusiyaya göndərilən düyü məhsulunun cəmi 2 tonu Rusiya şirkəti tərəfindən standartlara uyğun qablaşdırılaraq Azərbaycana ixrac edilib ki, həmin məhsul da hər iki dövlətin qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada gömrük nəzarətindən keçirilib və gömrük rəsmiləşdirilməsi üçün lazım olan sənədlər qanunvericiliyin tələblərinə tam cavab verir," deyə DGK-nın məlumatında bildirilir.

"Yeni Müsavat": Ziya Məmmədov: "Trump mənim əmim oğlu deyil, dayım oğlu deyil. Mənim bir prezidentim var, o da ölkəmin prezidentidir"

Fotonun müəllifi Jessica Kourkounis
Image caption Donald Trump noyabrın 8-də keçirilən seçkilərdə qalib gəlib

"Qafqazinfo" "Amerika-Azərbaycan" Alyansının sədri, Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trumpın inuaqurasiya mərasiminə dəvət olunduğu barədə xəbər yayıb. Xəbərdə deyilir ki, iş adamı andiçmə mərasimində iştirak etmək üçün yanvarın 20-də ABŞ-da səfərdə olacaq.

ABŞ-ın yeni prezidentinin adı elan olunandan sonra nəqliyyat naziri və onun oğlunun Trump ailəsi ilə əlaqələrindən çox yazılıb. Qəzet inauqurasiya mərasiminə dəvət məsələsi ilə bağlı Ziya Məmmədovun özü ilə danışmağa nail olub.

"Bu xəbərləri hardan alırsınız, bilmirəm. Mənim xəbərim yoxdur. Mən o xəbərlərlə məşğul deyiləm. Heç bir dəvət də olmayıb. Trump mənim əmim oğlu deyil, dayım oğlu deyil. Mənim bir prezidentim var, o da ölkəmin prezidentidir. Xahiş edirəm, belə şeylərlə bağlı məni narahat etməyin," deyə nəqliyyat naziri bildirib.

"Azadlıq": Böhranın dağıtdığı ailələr

Həyat şəraitinin çətinləşməsi boşanmaları sürətləndirib. Dövlət Statistika Komitəsinin mətbuat xidməti bildirib ki, 2016-cı il oktyabrın 1-nə qədər qeydiyyat şöbələri tərəfindən 50,4 min nikah və 9,6 min boşanma halı qeydə alınıb. 2015-ci il ərzində ölkədə 68773 nikah, 12764 boşanma qeydə alınmışdı. Ekspertlər də təsdiqləyir ki, son zamanlar ölkədə nikahlar azalıb, boşanmalar artıb.

Müəllif iddia edir ki, Azərbaycan reallığında boşanmaların əsas səbəbi sosial-iqtisadi vəziyyətdir. "Gənc ailələr evsizlikdən, işsizlikdən, ehtiyac çoxluğundan əziyyət çəkirlər. Ölkədə həyat şəraiti gündən-günə pisləşdiyi üçün, ailələrin ömrü də qısalır. Bütün problemlərin kökü maddiyyata dirənir. Hökumət gənc ailələrə şarait yaratmaq əvəzinə, aliment ödəyə bilməyənlərin ölkədən çıxışına qadağa qoyur. Ümumiyyətlə, mövcud hakimiyyət heç vaxt səbəblərlə maraqlanmayıb, nəticəyə görə qərar çıxarıb.

...Əsas səbəb ölkədə yaşamaq üçün münbit şəraitin olmamasıdır. İnsanlar ailə yükünü daşımaqdan qorxurlar. Dünyaya uşaq gətirmək, kiçik külfəti dolandırmaq, Azərbaycanda qəhrəmanlıq sayılır. İnsanlar ailə həyatı qurmaq üçün minimal şərtlərə hazır olmadığı üçün vaxtı uzadırlar. Ailə quranlar isə əjdahaya çevrilmiş ehtiyaclardan can qurtarmaq üçün boşanmaq yolunu tuturlar. Statistikaya görə aliment ödəmədiyinə görə artıq 1000 nəfərin ölkədən çıxışına qadağa qoyulub. Bu faktın özü də göstərir ki, adamlar bu şərtlər daxilində özlərini də dolandıra bilmirlər.

Bir sözlə, yürüdülən siyasət bütün sahələri olduğu kimi, ailələri də dağıdır və gələcəyin təməlləri uçurdulur," - yazıda deyilir.

"Azadlıq": Dərmanların 70 faizi tapılmır - İdxal dayanıb, apteklərdə təşviş yaranıb!

Fotonun müəllifi Scott Olson
Image caption Ölkəyə dərman idxal edən şirkətlər dolların qiymətinin kəskin şəkildə bahalaşması səbəbiylə dərman almırlar, Azadlıq qəzeti yazır

"Dolların bir neçə ay içərisində 1,50 manatdan 1,70-ə kimi yüksəlməsi və qiymətinin ilin sonuna kimi hələ xeyli artacağı ilə proqnozlar bütün sahələrdə olduğu kimi, dərman bazarını da iflic edib. Ölkədə dərman qıtlığı yaranıb, əhali, xüsusilə sağlamlığında problem vətəndaşlar və onların yaxınları təşviş içindədir," - qəzet yazır.

Bildirilir ki, artıq 10 gündür ki, dərman depolarından apteklərə dərman verilişi dayandırılıb. Apteklərə yalnız Azərbaycan istehsalı olan dərmanlar paylanır ki, bu da mövcud tələbatın yalnız 20 faizini qarşılayır.

"Bizə depolardan mal verilmir. Əlimizdə də hər dərmandan 3-4-ü qala, ya qalmaya. Tələbat çox olan dərmanlar isə çoxdan tükənib. Kim gəlir, deyirik ki, depoda yoxdur, ya da bizə verilmir. Onlar arasında ciddi xəstəliklərdən əziyyət çəkənlər də var. Həmin şəxslər heç yerdə dərman tapa bilmirlər. Kimin ki, xaricdə tanışı var, bəlkə o yolla təcili əldə edə bilər, kimin ki, yoxdur, çox çarəsiz vəziyyətdə qalıb. İnsanları rəsmən ölümlə üz-üzə qoyublar" - bir aptekdən daxil olan məlumatda deyilir.

"Depolarda dərmanların tükənməsinə səbəb isə dolların qiymətinin qalxmasıdır. Ölkəyə dərman idxal edən şirkətlər dolların qiymətinin kəskin şəkildə bahalaşması səbəbiylə dərman almırlar. Bildirirlər ki, dolların indiki məzənnəsiylə xaricdən dərman alıb, buradakı qiymətlə satmaq onlara sərf etmir.

Əldə etdiyimiz məlumata görə, dərman biznesiylə məşğul olanlar Tarif Şurasının dərmanların qiymətinə növbəti dəfə əl gəzdirəcəyinə ümid edirlər. İş adamlarına dərmanların qiymətinin yaxın vaxtlarda yenidən qaldırılacağı sözü verildiyindən, onlar mallarını bazara çıxarmırlar," - yazıda deyilir.

"Azadlıq": Gömrükdə kərə yağının idxal qiyməti tam leqallaşıb

Qəzet Azadlıq Radiosuna istinadən yazır ki, ötən il gömrükdə ölkəyə gətirilən kərə yağının bir tonu 1803 dollara olub. Bu ilin 9 ayında isə Azərbaycana idxal olunan kərə yağının bir tonu yerli gömrükdə, orta hesabla, 3 min 412 dollara rəsmiləşdirilib. Bildirilir ki, bir il öncə yağın idxalına vergi və rüsumlar bundan iki dəfə aşağı qiymətlə hesablanırdı.

"Dövlət Gömrük Komitəsinin (DGK-nın) məlumatına görə, əvvəlki ilə nisbətən idxal 21,4 faiz artıb və ilin əvvəlindən bəri ölkəyə 11 min 265 ton kərə yağı gətirilib. Bunun 85 faizi Yeni Zelandiyanın payına düşür. Yeni Zelandiya yağları Azərbaycan gömrüyündə 3 min 360 dollar/tona bəyan edilib. Halbuki bu dövrdə dünya kərə yağı bazarında qiymətlərdə kəskin dəyişmələr baş verməsə də, ötən il elə həmin gömrük orqanı bu ölkədən gətirilmiş kərə yağın tonunu 1803 dollara rəsmiləşdirmişdi.

AzadlıqRadiosu-nun hesablamalarına görə, ötən ilin 9 ayında kərə yağı idxalçıları dövlət büdcəsinə təxminən 5,7 milyon dollar gömrük rüsumu və ƏDV ödəyib. İdxal gerçək, yəni gömrükdə azaldılmayan qiymətlərlə rəsmiləşdirilsəydi, o zaman bundan 5,6 milyon dollar çox ödənilmiş olardı..." - yazıda deyilir.

Fins.az: "Bakcell" "Nar"ı alır?

Fins.az "Marja"ya istinadən yazır ki, Azərbaycanın mobil rabitə operatoru Bakcell MMC-i digər mobil rabitə operatoru "Azerfon" MMC-ni (Nar Ticarət Brendi) satın alır.

Məlumatın şirkətə yaxın mənbələrdən daxil olduğu bildirir.

"Azərfon" şirkətinin mətbuat xidmətinin rəhbəri Əziz Axundov Marja-ya bildirib ki, məsələ barədə şirkətin rəsmi açıqlaması tezliklə icimayyətə təqdim ediləcək.

"Çox qısa müddətdə sizə dəqiq məlumat verəcəyəm," - deyə o bildirib.

Əlaqəli mövzular