Mətbuat icmalı: Avropa Məhkəməsi Azərbaycan hökumətini yenidən cərimələyib

Fotonun müəllifi AFP

"Azadlıq": Avropa Məhkəməsi Azərbaycan hökumətini yenidən cərimələyib

Ötən gün Avropa Məhkəməsi Azərbaycan dövlətinə qarşı yeni qərarını elan edib. Bu barədə Vəkil Əsabəli Mustafayev özünün feysbuk səhifəsində məlumat yayıb:

"Avropa Məhkəməsi müdafiə etdiyim İlham Hüseyn, Təzəxan Mirələmli, Bəhruz Həsənov, Tofiq Dadaşov, Türkel Əlisoy və Ağaverdi Ruşanovun işləri barədə qərarı elan etdi. Qərarla bu şəxslərin qanunsuz həbsi, toplaşma azadlığının və ədalətli məhkəmə hüquqlarının pozuntusu tanınıb. Ərizəçilərin hər birinə mənəvi ziyana görə 12 000 avro,hüquqi xidmətə görə ümumilikdə 6000 avro ayrılıb," deyə vəkil bildirib.

Əsabəli Mustafayev həmçinin bildirib ki, Avropa Məhkəməsi Müsavat Partiyası fəalı Mustafa Hacıbəylinin işi üzrə həm maddi, həm də prosessual cəhətdən pozuntusunu tanıyıb. Vəkil qeyd edur ki, kompensasiya mənəvi ziyana görə 10 000, hüquqi yardıma görə 3000 avrodur.

"Azadlıq": Eldar Mahmudov onu istintaqa çağıran müstəntiqi təhqir edib

Bir neçə gün əvvəl sabiq Milli təhlükəsizlik naziri Eldar Mahmudiv onu ifadə üçün istintaqa dəvət edən müstəntiqi aşağılayıb.

Məlumatda qeyd olunur ki, Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsinin müstəntiqi bir neçə gün əvvəl Eldar Mahmudova zəng vuraraq, onu istintaqa dəvət edib. Müstəntiqin bu çağrışını sərt təpkiylə qarşılayan sabiq onu ağır ifadələrlə təhqir edib. "Sən kimsən ki, məni istintaqa çağırırsan? Sənin rəhbərin bunu edə bilməz" deyən Mahmudov telefonun dəstəyini asıb.

"Məlumatda o da bildirir ki, Eldar Mahmudovun bu davranışı ilə bağlı Baş Prokurorluğun rəhbərliyi Prezident Administrasiyasını məlumatlandırıb," deyə yazıda bildirilir.

"Azərbaycan": Prezident "Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" fərman imzalayıb

Fotonun müəllifi President.az
Image caption İlham Əliyev "Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" fərman imzalayıb

Fərman "Mərkəzi icra hakimiyyəti orqanı", "Dövlət orqanı" və "İcra hakimiyyəti orqanı" hüquqi statusuna malik bir sıra qurumların əsasında publik hüquqi şəxslərin yaradılması barədədir. Bundan başqa, sənəddə bəzi idarələrin digər qurumlara birləşdirilməsi də əks olunub.

fins.az: İcbari tibbi sığortadan azad olunacaq şəxslərin siyahısı

Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Monitorinq, təhlil və informasiya texnologiyaları şöbəsinin müdiri İsa Əliyev bildirib ki, Azərbaycanda icbari tibbi sığortanın tətbiqi zamanı təbii səbəblərdən gəlir əldə edə bilməyən əhali qruplarının dövlət vəsaiti hesabına icbari tibbi sığortaya cəlbi nəzərdə tutulur.

Agentlik rəsmisi qeyd edib ki, bütün əhalinin icbari tibbi sığorta sistemi ilə əhatə edilməsi nəzərdə tutulur:

"Bu sistem həmrəylik prinsipinə əsaslanır və burada dövlətin rolu olacaq. Dövlət öz üzərinə düşən əhali qruplarının sığortaya cəlbinin maliyyələşdirilməsini öhdəsinə götürəcək".

İ.Əliyevin sözlərinə görə, sığorta sistemində güzəşt tətbiq olunacaq əhali qrupuna işləməyən pensiyaçılar, əlillər, uşaqlar, aztəminatlı ailələr, işsizlik statusu olan şəxslər daxildir:

"Bu qrup insanlar icbari tibbi sığorta ödənişindən azad olunacaq və onların icbari tibbi sığortaya cəlbini dövlət həyata keçirəcək. Amma digər şəxslər üçün icbari tibbi sığorta ödənişləri tətbiq olunacaq. İlkin olaraq, bu, pilot rayonlar üzrə sınaqdan keçiriləcək," deyə o bildirib.

"Yeni Müsavat": Hökumət hələ də neftin bahalaşacağına ümidlidir

Fotonun müəllifi David McNew
Image caption Energetika naziri Natiq Əliyev "Respublika" qəzetinə yazdığı məqaləsində gələn ildən neftin qiymətinin artacağını proqnozlaşdırıb.

Qəzet yazır ki, Azərbaycan hökumətinin neftlə bağlı gözləntilərinin hələ də qalması ekspertlər tərəfindən narahatedici faktor kimi dəyərləndirilir.

"Son olaraq energetika naziri Natiq Əliyev gələn ildən neftin qiymətinin artacağını proqnozlaşdırıb.

Nazir "Respublika" qəzetinə yazdığı məqaləsində bildirib ki, proqnozlara əsasən, gələn il dünyada neftə tələbat artacaq. Bununla da neftin qiyməti bahalaşmağa başlayacaq," deyə yazıda qeyd edilir.

İqtisadçı ekspert Natiq Cəfərli məsələ ilə bağlı açıqlamasında bildirib ki, əslində hökumətin neftin bahalaşmasını gözləməsi və bu arzu ilə yaşaması doğru deyil:

"Görünən odur ki, hökumətin arzusu, istəyi, gözləntisi neftin qiymətlərinin sürətlə qalxmasıdır.

Gözləyir ki, qiymətlər qalxsın və ölkədə yaşanan problemlər birdəfəlik həll olunsun, iqtisadi problem arxada qalsın.

Amma anlamalıdırlar ki Azərbaycanda bu gün yaşanan problem neftin qiymətinin aşağı olması ilə əlaqəli deyil. Bu nəticədir. Yəni neftin qiymətinin düşməsi nəticə olaraq iqtisadi durumu pisləşdirdi.

Amma səbəblər müxtəlifdir və həddindən artıq dərindir. Səbəblər idarəetmədədir, rəqabətli mühitin olmamasındadır, korrupsiya üçün yaranan sxemlərin illərdir ölkədə mövcudluğudur. Həmçinin, səbəb məhkəmə azadlığının olmamasıdır ki, iş adamları və əmlak sahibləri öz hüquqlarını qoruya bilmirlər.

Yəni bunlar səbəblərdir və bu səbəblərə görə də indiki ağır iqtisadi duruma düşmüşük. Neftin qiymətinin düşməsi bu səbəbləri qısa müddətdə üzə çıxardı.

Elə bil ki, obrazlı desək, kosmetikanı yudu və ölkə iqtisadiyyatının əsl siması üzə çıxdı. Hökumət bunu dərk etməlidir, bütün ümidlərini və gözləntilərini neftin qiyməti ilə bağlamamalıdır.

...Ümumiyyətlə, neft faktorunu tamamilə gündəmdən çıxarmaq, unutmaq lazımdır ki, Azərbaycanda real iqtisadi əsaslara söykənmiş bir model qurulsun.

...Real iqtisadi modelə keçməsək, neftin qiymətinin hansı səviyyədə olmasından asılı olmayaraq, Azərbaycanda problemlər getdikcə də davamlı şəkildə olacaq," deyə o qeyd edib.

Əlaqəli mövzular

Bu barədə daha geniş