Lukaşenko Bakıda səfərdədir

Ilham Əliyev və Aleksandr Lukaşenko Fotonun müəllifi President.az

Azərbaycan Belarusla bütün sahələrdə məhsuldar əməkdaşlığı davam etdirmək niyyətindədir, Belarusun rəsmi xəbər agentliyi BelTA İlham Əliyevin sözlərindən sitat gətirib.

"Biz dostuq, əməkdaşıq. Hər zaman bütün sahələrdə bir-birimizi dəstəkləmişik və dəstəkləməkdə davam edəcəyik", cənab Əliyev deyib.

Agentlik bildirib, təkbətək görüş prezident Əliyevin Zaqulbadakı iqamətgahında baş tutub.

Təkbətək görüşdən sonra keçirilən geniş tərkibdə iclasda cənab Lukaşenko söyləyib ki, Belarus Azərbaycanla neft sektorunda uzun müddətli əməkdaşlığa hazırdır.

"Əgər Avropa bazarında və digər bazarlarda marağınız varsa, gəlin oturub danışaq. Belə razılığa gəlsək Azərbaycan ilə uzun-müddətli əməkdaşlığa hazırıq. Bu, Azərbaycanın maraqlarını təmin edirsə, biz hazırıq", eng.belta.by presidentin sözlərinə istinadən yazıb.

Bundan əvvəl isə cənab Lukaşenkonun rəsmi qarşılanma mərasimi olub, prezident.az saytı yazır.

Onların mətbuata birgə açıqlama verəcəyi gözlənilir, Belarusun Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən BBC Azərbaycancaya bildirib.

Belarus prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana rəsmi səfəri iki gün davam edəcək.

"Prezidentlər iki ölkə arasındakı əlaqələri, həmçinin iqtisadi-ticarət, kənd təsərrüfatı, idman və investisiya layihələrində qarşılıqlı münasibətlərin inkişaf perspektivləri sahəsindəki vəziyyəti müzakirə edəcək", Belarus prezidentinin rəsmi saytı yazır.

Danışıqların nəticəsi olaraq bir neçə beynəlxalq sənədlərin imzalanması gözlənilir.

Səfər çərçivəsində cənab Lukaşenkonun Azərbaycanın baş naziri Artur Rasi-zadə ilə də görüşü planlaşdırılır.

Əlaqəli mövzular