Mətbuat icmalı: "Gələn il maaş və pensiyalar artırılacaq"

Fotonun müəllifi Getty Images

"Azadlıq": "Metroda gediş haqları bahalaşa bilər"

İqtisadçı Qubad İbadoğlu öz "Facebook" səhifəsində yazıb: "Növbəti ildən gözlənilən qiymət bahalaşmalarından biri də metroda sərnişinlər üçün gediş haqqının artırılması ola bilər.

Bunun üçün müəyyən zəmin hələ bu il iyulun 15-dən sonra elektrik enerjisinin qiymətinin artırılması zamanı yaranmışdı".

2017-ci il üçün büdcə layihəsinə görə, metropolitenə 30 milyon manat subsidiya ayrılacaq. Bu da o deməkdir ki, "Bakı Metropoliteni" QSC-yə sərnişindaşımadan yaranacaq zərərin ödənilməsi üçün gələn il üçün büdcədən ayrılacaq subsidiya bu illə müqayisədə 8 milyon manat və ya 22 faiz az proqnozlaşdırılıb:

"Beləliklə də yaranacaq ən azı 8 milyon manatlıq kəsir metroda gediş haqlarının artırılması yolu ilə ödənilə bilər. Çox güman ki, bu artım gələn il yanvarın 1-dən etibarən reallaşacaq.

Yəqin ki, rəsmilər bu qərarı xüsusilə də Avropa və ABŞ-da olan qiymətlərlə müqayisə edib, əsaslandırmağa çalışacaqlar. Həqiqətən də dollarla ifadə olunan belə müqayisələr Azərbaycanda qiymətlər ucuzdur deməyə əsaslar yaradır," deyə iqtisadçı yazıb.

"Azərbaycan": Rusiyanın təhsil və elm naziri Bakıda məktəb direktorları ilə görüşüb

Azərbaycanda səfərdə olan Rusiya Federasiyasının təhsil və elm naziri Olqa Vasilyeva noyabrın 27-də Bakıdakı ümumtəhsil məktəblərinin direktorları ilə görüşüb.

Görüşdə çıxış edən təhsil nazirinin müavini Ceyhun Bayramov Azərbaycanla Rusiya arasında təhsil sahəsində əməkdaşlıq əlaqələrindən, ölkəmizin təhsil müəssisələrində rus dilinin tədrisindən danışıb.

"Azərbaycanda rus dilinin tədrisi ilə yaxından tanış olan O.Vasilyeva Rusiya təhsil sistemi haqqında tədbir iştirakçılarına məlumat verib.

Sonra Azərbaycan-Rusiya təhsil əlaqələrinin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Bakının Səbail rayonundakı 6 nömrəli məktəbdə təşkil olunan tədbirdə Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin iştirak edib," - xəbərdə deyilir.

Qafqazinfo.az: Gələn il maaş və pensiyalar artırılacaq

Gələn il Azərbaycanda minimum əmək haqqının, pensiyaların minimum məbləğinin və yaşayış minimumunun həddinin tədricən artırılması nəzərdə tutulur.

"Bu barədə Milli Məclisə təqdim olunmuş "Azərbaycanın 2017-ci il və gələn üç il üzrə iqtisadi-sosial inkişaf konsepsiyası"nın layihəsində deyilir.

"Layihədə qeyd olunub ki, gələn il həmçinin əlilliyə, ailə başçısının itirilməsinə, sağlamlıq imkanları məhdud uşaqlara, əmək xəsarəti nəticəsində şəxslərə aylıq (və birdəfəlik borc) ödənclərinin, şəhid, müharibə əlilləri, Çernobıl əlilləri, müddətli hərbi qulluqçu və bir yaşına qədər uşağı olan ailələrin aylıq müavinətlərinin, xalq, əməkdar fəxri adları olanların, fərdi təqaüdlərin, Milli Qəhrəmanların, 20 yanvar və digər kateqoriyalardan olan şəhid ailələrinin və müharibə əlillərinin, Prezident təqaüdünün, şəhid ailə üzvlərinə, müharibə veteranlarının aylıq, uşağın doğulması və radiasiya qəzası nəticəsində zərər çəkərək əlil olan şəxslərə birdəfəlik müavinətlərin artırılması istiqamətində tədbirlər həyata keçiriləcək," - məlumatda deyilir.

Əlaqəli mövzular