SOCAR rəsmisi: Qiymət artımı ailələrə problem yaratmamalıdır

Bakı Fotonun müəllifi JACK GUEZ/AFP/Getty Images

Bazar ertəsi Tarif Şurasının təbii qazın qiymətinin artırılması qaz abunəçilərinin sayının artması ilə bağlıdır, Dövlət Neft Şirkətinin (SOCAR) sözçüsü BBC Azərbaycancaya bildirib.

SOCAR-ın mətbuat katibinin sözlərinə görə, bu ayda işlədilən limiti aşmadığı üçün problem yartmamalıdır.

"Mən 1500, heç onun yarısını da işlətmirəm", - Nizaməddin Quliyev deyib.

Təhlilçi İlham Şaban "qənaətcilliyi" dəstəkləsə də, gəliri az olan əhalinin bu qərardan əziyyət çəkəcəyini deyir.

Onun sözlərinə görə əhalidə ödəməyə pul olmadığı üçün "Bakı yenidən qaranlığa qərq olacaq".

Differensiallaşmış tarif

Tarif Şurasının qərarı ilə təbii qaz və elektrik enerjisi ödənişləri üçün Azərbaycanda ilk dəfə olaraq differensiallaşmış tarifə keçirlər.

Bu tarifə əsasən, ay ərzində istifadə ediləcək təbii qazın məbləği 12 manat 50 qəpiyi keçirsə, gələn ilin yanvarın 1-dən başlayaraq əlavə sərf edilən təbii qaz üçün 100 faiz daha çox ödəniş nəzərdə tutulub.

Elektrik enerjisi üçün isə ay ərzində istifadə ediləcək enerjinin məbləği 17 manat 50 qəpiyi keçirsə, əlavə sərf edilən enerji üçün 57 faiz daha çox ödəniş nəzərdə tutulur, İlham Şaban izah edir.

Təbii qazın əhali istehlakçı qrupu üzrə tarifləri 2017-ci il yanvarın 1-dən, qeyri-əhali qrupu üçün, yəni müəssisə və ya şirkət tipli gəlir əldə edən qurumlara isə 2016-cı ilin 1 dekabr tarixindən tətbiq olunacaq.

Fotonun müəllifi VİTTORİO ZUNİNO CELOTTO/ GETTY

Gərək ekonomiya edək

Qiymətlərin artmasını şərh edən Bakı sakinlərindən biri təqaüdlərin qadırılmadığı halda yeni tariflərin ağır yük olduğunu deyib.

"Qiymətlərin qaldırılması çox pis təsir edəcək. Aldığımız nədir ki? Aldığımız 200 manat puldur... Mənim başım çıxmır nə fikirləşir bunlar ki, bu maaşı, pensiyanı qaldırmırlar. Dollar da qalxıb, çıxıb kəllə çarxa. Produktlar da hamısı 100 faiz qalxıb. Məsləhət görərəm ki, buna aidiyyatlı qurumlar tədbir görsünlər", - BBC Azərbaycancaya danışan şəxs bildirib.

Daha bir nəfər isə velə reaksiya verib: "Yəqin pensiyaları artıracaqlar. Yəqin prezident fikirləşəcək. Prezident demədi, bu camaatın birinci xidmətçisi mənəm?...Mənə belə gəlir ki, bu prezidentlik deyil".

"Kondisioner işlədəndə ayda 30 manat veririk, qaza da 10 manata qədər verirəm. Gərək ekonomiya edək", - Bakı sakini deyir.

"İstehlakçı çoxalıb"

SOCAR sözçüsü deyir ki, qərarın məhz bu il verməsinin səbəbi "Azəriqaz-ın itkiləri ilə bağlıdır".

"Qaz abunəçilərinin sayı 3 dəfəyədək artıb və 2 milyona çatıb. Bununla bağlı müraciət olunub, Tarif Şurası da qərar çıxarıb", o qeyd edir.

"Qazlaşdırma genişlənib deyə istehlakçı sayı artıb, hər həftə demək olar ki, bir kənd qazlaşdırılır", o əlavə edir.

Bununla yanaşı cənab Quliyev bildirir ki, qərar "əhalinin aztəminatlı təbəqəsini nəzərə alır".

"1500 kub metrə qədər əvvəlki qiymətlə hesablanacaq, sonra artıq yeni qiymət", deyən qurum sözçüsü 1500 kub metr təbii qazın çox olduğu fikrindədir.

"Bu ailələr üçün heç bir problem yartmamalıdır, mən 1500, heç onun yarısını da işlətmirəm", deyən Nizaməddin Quliyev verilən digər sualları cavablandırmaqdan imtina edib.

Qənaət

Enerji məsələləri üzrə təhlilçi İlham Şaban differensiallaşmış tariflərə keçidi "yaxşı praktika" adlandırır. Onun sözlərinə görə, bu addım "qənaətçilik baxımdan normaldır".

Ancaq təhlilçi bu qərarın məhz 2016-cı ildə verilməsini sorğulayır. Deyir ki, bu qərarı hökumət istəysə idi 5-10 il bundan əvvəl normal menecmentlə tətbiq edə bilərdi.

İlham Şabanın sözlərinə görə, indi bu addımın atılması hökumətin pula ehtiyacının olmasıyla bağlıdır.

"Azərbaycanda ən böyük elektrik enerjisi itkisi 2011-ci ildə, qaz itkisi isə 2009-cu ildə qeydə alınıb. O zaman niyə etmirdik", deyə sual edən təhlilçi əlavə edir ki, hökumətin ehtiyacı olduğu pulu "vətəndaşlar öz ailə büdəcələrindən kəsib ödəməkdə iştirak edəcəklər".

İqtisadi təhlilçi əmək haqqından aşağı gəliri olanları bütün əhali kateqoriyalarının bu qərardan əziyyət çəkəcəyini qeyd edir.

O, bildirir ki, Azərbaycanda mərkəzləşmiş istilik sistemi yoxdur. Paytaxtda isə "bunun yalnız adı var". Regionlarda şaxta daha çox olduğundan insanların aylıq cəmi 125 kub metr təbii qazla həyat keçirə bilməz, o deyir.

"Ayda 500 kub kifayət etmir. Bakıda belə ən qənaətçil adam 300 kub istifadə edir. Rayon yeridir, tövlə var, insanın qapısında bir işığı yanır, toyuq cücə olan yerdə lampa asır ki, qırılmasınlar", deyən təhlilçi əlavə edir ki, insanlarda ödəməyə pul olmalıdır.

"Bakı yenidən qaranlığa qərq olacaq", o qeyd edir.

İtkilər

SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin sözçüsü İbrahim Kərbalayev qurumun 2016-cı il ərzində ciddi itkilərə məruz qaldığını deyir.

O bildirir ki, abunəçilərin sayı 3 dəfə artıb və 2 milyondan çoxdur.

Cənab Kərbalayev deyir ki, Azəriqaz istehsalat və paylayıcı şəbəkələrin artması nəticəsində maliyyə çatışmazlıqları ilə üzləşib.

Bunun əsas səbəbi isə ölkədə satılan təbii qazın müəyyən hissəsinin hasilatın pay bölgüsü sazişlərinə əsasən əməliyyat şirkətlərindən ABŞ dolları ilə satın alınması və sabit tarif əsasında Azərbaycan manatı ilə satılmasıdır.

İbrahim Kərbalayev məsələnin İstehsalat Birliyinin davamlı fəaliyyətini mümkünsüz etdiyini və bu səbəblə Tarif Şurasına müraciət edildiyini açıqlayır.

O, həmçinin əlavə edir ki, təbii qazın illik limiti 1500 kub metrdir. Azərişıq Açıq Səhmdar Cəmiyyətindən məsələ ilə bağlı şərh almaq mümkün olmayıb.

Əlaqəli mövzular

Bu barədə daha geniş