Mətbuat icmalı: "Deputatların maaşları artırılacaq"

Fotonun müəllifi Getty Images

"Azadlıq": Deputatların maaşları artırılacaq

Gələn il Milli Məclisə dövlət büdcəsindən ümumilikdə 23 mln. 89,7 min manat vəsaitin ayrılması proqnozlaşdırılıb.

Milli Məclis üzrə əməyin ödənişi xərclərinə 16 mln. 664,8 min manat və ya ümumi xərclərin 72,2%-i həcmində vəsait yönəldilməsi nəzərdə tutulub.

"Hesablama Palatası "Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinə verdiyi rəy qeyd olunub ki, bu, 2016-cı ilin gözlənilən icrasından 1 mln. 979,1 min manat və ya 13,5% çoxdur və əsasən yeni komitələrin yaradılması ilə bağlı ştat vahidinin artımı ilə əlaqədar əməyin ödənişi xərclərinin artması hesabınadır.

Fotonun müəllifi Getty Images

"Azərbaycan Respublikasının Milli Məclisi üzrə proqnozlaşdırılmış xərclərin strukturunda əməyin ödənişi xərcləri üstünlük təşkil edir", - deyə rəydə qeyd olunub.

Bununla yanaşı, aparatın saxlanılması xərclərinin tərkib hissəsi olan malların (işlərin və xidmətlərin) satın alınmasına 5 mln. 160,9 min manat və ya ümumi xərclərin 22,4%-i (2016-cı ilin gözlənilən icrası ilə müqayisədə 752,6 min manat və ya 17,1% 147 çox), təqaüd və sosial müavinətlərə 98,4 min manat və ya xərclərin 0,4%-i (2016-cı ilin gözlənilən icrası ilə müqayisədə 12,5 min manat və ya 14,6% çox), digər xərclərə 742,7 min manat və ya xərclərin 3,2%-i (2016-cı ilin gözlənilən icrası ilə müqayisədə 80,3 min manat və ya 12,1% çox) və qeyri-maliyyə aktivlərinin alınmasına 423,0 min manat və ya xərclərin 1,8%-i (2016-cı ilin təyinatı ilə müqayisədə 225,0 min manat və 34,7% az) həcmində vəsait proqnozlaşdırılıb," - xəbərdə deyilir.

"Yeni Müsavat": Qiymət artımından sonra yaranan suallara ekspertin cavabları

Azərbaycan Tarif (qiymət) Şurasının 2016-cı il 28 noyabr tarixində keçirilmiş növbəti iclasında təbii qaz, elektrik enerjisi, soba mazutu, reaktiv mühərrik yanacağının satışı tariflərinə baxılıb və müvafiq tarif tənzimlənməsi aparılıb.

Qərarı oxumaqla qiymətin necə hesablanacağı, aylıq xərclərinin artıb-artmayacağını dərhal anlamaq olmur. Bu səbəbdən qəzet iqtisadçı Natiq Cəfərlidən qərarı şərh etməsini xahiş edib.

Ekspert deyib: "Tarif Şurasının qərarı qəliz formada yazılıb, anlaşılan deyil, hətta insanları çaşdıran açıqlamadır. Gərək rəsmi şəxslərdən kimsə telekanallar vasitəsilə vətəndaşlara vəziyyəti asan dillə başa salardı, amma bunu edən yoxdur.

Məsələnin asan anlama üsulu belədir. Əgər siz ayda qaz üçün ortalama 12,5 manatdan artıq pul ödəyirsinizsə, deməli yanvarın 1-dən sonra, bu məbləği keçən qaz sərfinin ikiqatını ödəyəcəksiniz. Yəni hər kubmetrə görə 20 qəpik... Burada bir məsələ var. Bir il üçün 1500 kubmetr qaz limiti qoyulub. Əgər siz bu limiti 1 ildən tez doldursanız, ondan sonrakı istifadə etdiyiniz hər kubmetr qaza görə 20 qəpik ödəməli olacaqsınız. Əgər limiti 1 il ərzində aşmasanız dəyişən bir şey olmayacaq. Nəzərə alsaq ki, bu limiti qışda dolurmaq ehtimalı daha çoxdur, deməli yay aylarında ödənişlər artacaq.

Elektrik qiymətlərində məsələ belədir - Burada aylıq limit qoyulub, 250 kilovat-saat... Əgər siz bu aylıq limiti keçsəniz, hər kv-a görə 11 qəpik ödəməli olacaqsınız. Əgər siz ayda 17,5 manatdan çox işıq pulu verirsinizsə, deməli yanvarın 1-dən sonra bu məbləğdən artıq sərfiyyata 55 faiz daha çox ödəniş edəcəksiniz. Yəni siz 20 gün ərzində limiti keçsəniz, qalan 10 gün üçün işıq sərfiyyatınız 11 qəpikdən hesablanacaq".

İqtisadçı bildirib ki, qaz və elektrik enerjisinin qiymətinin artması digər sahələrdə də artıma yol açacaq. "Təbii ki, bu artım olacaq. Çörək və digər un məhsullarında bəlkə də qiyməti artırmamaq üçün məhsulun çəkisini azaltdılar. Amma digər yerlərdə bu mümkün deyil. Məsələn, su, süd məhsullarında qiymət artımı ola bilər. Hətta fermerlər belə məhsullarının qiymətini artıra bilərlər. Nəzərə almaq lazımdır ki, onlar parniklər üçün qazdan istifadə edirlər. Bu da qiymətə təbii ki, təsir edəcək. Kommersiya və xidmət sahələrində xərclər artırsa, deməli qiymətlər də artacaq. Belə getsə elə bir vəziyyət yarana bilər ki, insanlar kommunal xərclərini ümumiyyətlə ödəyə bilməzlər," deyə o qeyd edib.

"Azərbaycan": Prezident İlham Əliyev A.Q. Lukaşenkonun "Heydər Əliyev" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb

Noyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Belarus Respublikasının prezidenti Aleksand Lukaşenkonun "Heydər Əliyev" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir: "Belarus Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə Belarus Respublikasının Prezidenti Aleksandr Qriqoryeviç Lukaşenko "Heydər Əliyev" ordeni ilə təltif edilsin."

Əlaqəli mövzular

Bu barədə daha geniş