Mətbuat icmalı: Parlamentdə ölüm hökmünün bərpası təklif olunub

Fotonun müəllifi Getty Images

"Azərbaycan": "Tarif Şurasının son qərarı vətəndaşların və dövlətin maraqlarının müdafiəsinə xidmət edir"

Yazının müəllifi Rüstəm Kamal hesab edir ki, qaz və elektrik enerjisinin bahalaşdırılması haqda son qərar vətəndaşların maraqlarına xidmət edir:

"...Böhranlı vəziyyətlərdə dövlətlər əhalinin sosial müdafiəsini təmin etməyə borcludur. Çünki əhalinin sosial müdafiəsi təkcə iqtisadi yox, eyni zamanda siyasi məsələdir.

Həm də bu səbəbdən Azərbaycan dövləti hər zaman vətəndaşının yanındadır və əhalinin sosial müdafiəsini təmin etməyi özünün prioritet vəzifəsi hesab edir.

Hər il dövlət büdcəsi tərtib edilərkən buna nə qədər həssas yanaşılmasının şahidi oluruq. Neftin qiymətinin aşağı düşməsi nəticəsində dövlət büdcəsində bir sıra xərclər azaldılsa da, sosial xərclər əvvəlki həcmdə saxlanılır.

...Bazar iqtisadiyyatında artım və azalma, böhran, inflyasiya, devalvasiya qanunauyğun haldır. Belə hallarda dünya iqtisadiyyatına inteqrasiya olunan ölkələr baş verən hadisələrdən kənarda qala bilmir.

Bəzi hallarda qiymət artımı qəbul edilən yeganə düzgün qərar olur. Nə etmək olar, sərbəst iqtisadiyyatın tələbləri sərtdir.

Tarif (qiymət) Şurasının noyabrın 28-də keçirilən iclasında təbii qaz, elektrik enerjisi, soba mazutu, reaktiv mühərrik yanacağının satış qiymətinin tənzimlənməsi ilə bağlı qəbul etdiyi qərar da bu zərurətdən irəli gəlib.

...Tarif Şurası təbii qazın qiymətini artırarkən Dövlət Neft Şirkətinin müraciətini əsas götürüb.

Müraciətdə qeyd edilib ki, son illər şirkət tərəfindən paylayıcı şəbəkələrin genişləndirilməsi, təbii qaz təchizatının davamlığının təmin olunması üçün böyük həcmdə investisiya qoyulub və xidmətin keyfiyyəti artırılıb.

Müraciətdə həmçinin vurğulanıb ki, ölkəmizdə satılan təbii qazın müəyyən hissəsini hasilatın pay bölgüsü sazişinə uyğun olaraq əməliyyat şirkətindən ABŞ dolları ilə alınması və təbii qazın maya dəyərinin ölkədaxili tənzimlənən qiymətlərindən yüksək olması bunu tələb edir.

...Bir sözlə, Tarif Şurasının qərarından da aydın görünür ki, dövlətin əsas məqsədi əhalinin sosial vəziyyətini nəzərə almaqla qiymətlərin bazar iqtisadiyyatının tələblərinə uyğunlaşdırmaq olub", müəllif yazır.

"Yeni Müsavat": Parlamentdə ölüm hökmünün bərpası təklif olunub

Ötən gün deputatlar baş prokuror Zakir Qaralovun təhqir və böhtana qaşı cəzaların sərtləşdirilməsi barədə təşəbbüsünü dəstəkləyiblər. Müzakirələr zamanı deputat Elmira Axundova ölüm cəzasının bərpasını təklif edib.

"Deputat Fazil Mustafa qanun layihəsinin müzakirəyə çıxarılmasını son dərəcə vacib hesab etdiyini bildirdi. Xüsusilə də prezidentin şərəf və ləyaqətinə qarşı yönələn materialların yayıldığını xatırladan deputat bu əməllərə yol verənlərin aşkarlanıb cəzalandırılmasını zəruri saydı.

F.Mustafa dedi ki, əsas hədəf təhqir və böhtan olmalıdır: "Fərqi yoxdur, burada saxta istifadəçi oldu, ya özü oldu".

Deputat Məlahət İbrahimqızı baş prokurora bu layihəni parlamentə göndərdiyi üçün təşəkkür etdi.

Deputat Elmira Axundova ölkə rəhbərinin ünvanına təhqirlər və əxlaqsız sözlər yazanlara qarşı mübarizənin sərtləşdiriməsini təqdir etdiyini dedi.

"Biz bununla KİV-lərə qarşı hər hansı məhdudiyyət qoymuruq"- deyə, o əlavə etdi. E.Axundova qanunun prezidentlə yanaşı, onun xanımına, həmçinin prezident ailəsinin üzvlərinə də tətbiq edilməsini təklif etdi.

Deputat həmçinin ölkədə qəddarlıqla həyata keçirilən cinayətləri xatırladıb ölüm cəzasının bərpasını təklif etdi. Ancaq vitse-spiker Bahar Muradova "mən düşünürəm ki, buna qayıtmağa ehtiyac yoxdur" söylədi," - yazıda qeyd edilir.

Əlaqəli mövzular