Prokuror Bayram Məmmədova "10 il 6 ay iş istəyib"

Bayram Məmmədov və Qiyas İbrahimov Fotonun müəllifi RAMİN DEKO
Image caption Bayram Məmmədov (solda) Qiyas İbrahimovla birlikdə, mərhum prezident Heydər Əliyevin abidəsinin ətrafına şüarları yazıldıqdan sonra həbs olunmuşdular.

Gənc fəal Bayram Məmmədovun məhkəmə istintaqı yekunlaşıb və dövlət ittihamçısı ona 10 il 6 ay iş verilməsini istəyib, vəkil Elçin Sadıqov BBC Azərbaycancaya deyib.

Onun sözlərinə görə, prokurorun "qanunsuz tələbinə" etiraz olaraq Bayram Məmmədov ona "arxasını çevirib".

"Belə bir sübutlardan sonra qanunun tələblərinə əməl edən prokuror bəraət verməli idi", vəkil vurğulayır.

Bayram Məmmədov Qiyas İbrahimovla birlikdə, hər il mayın 10-da təntənəli şəkildə Gül bayramı keçirilən Milli Bankın önündəki parkda yerləşən mərhum prezident Heydər Əliyevin abidəsinin ətrafına "Qul bayramınız mübarək" şüarları yazıldıqdan sonra "yoxa çıxıb".

Bir müddət sonra Baş Prokurorluq açıqlama yayıb ki, hər iki gəncə qarşı qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma maddəsilə cinayət işi başlayıb.

Vəkil Elçin Sadıqov: "Bayram sol biləyindəki irinləmiş yaranı hakimə göstərdi"

Bayram Məmmədov "aclıq aksiyasına başlayıb"

Vəkil deyir ki, məhkəmə prosesi zamanı tutulma protokolundan tutmuş izahatlara qədər nəinki vəkilin, hətta dövlət tərəfindən təyin olunan vəkilin belə imzası olmayıb və bununla da müttəhimin müdafiə hüquqları kobud şəkildə pozulub.

Cənab Sadıqov əlavə edir ki, Ali Məhkəmə narkotik maddənin yararlı olub-olmamasının müəyyən edilməsi haqqında qərar çıxarmasına baxmayaraq cinayət işində ekpertizanın bununla bağlı rəyi öz əksini tapmayıb.

"Ali Məhkəmənin qərarında deyilir ki, onun narkotik vasitə olması yetərli deyil onun [Bayram Məmmədovun] məhkum olunması üçün. Qanunun tələblərinə baxanda prokuror ittihamdan imtina etməli idi, amma əksini etdi", vəkil qeyd edir.

Gənclərin istintaq dövründə vəkilə verdiyi ifadələrə görə mayın 10-dan başlayaraq polis bölməsində mütəmadi olaraq onlar işgəncələrlə üzləşiblər.

Ombudsman aparatı 19 may açıqlamasında "gənclərin bədənində işgəncə izləri aşkarlamadığını" bildirib.

Vəkilin çıxışı və Bayram Məmmədov son sözü dekabrın 9-na təyin olunan məhkəmədə deyəcək.

Bu barədə daha geniş