Mətbuat icmalı: Dövlət bağçalarında pulun yarısını valideynlər ödəyəcək?

Azərbaycan qəzetləri Fotonun müəllifi Getty Images

"Azadlıq": Maliyyə naziri: "Dövlət bağçalarında pulun yarısını valideynlər ödəyəcək"

Maliyyə naziri Samir Şərifovun sözlərinə görə, məktəbəqədər uşaq bağçalarında müştərək maliyyələşmə mexanizmi tətbiq oluna bilər.

"Biz artıq bazar iqtisadiyyatına keçmişik. Dövlət üzərinə sosial yükü götürüb. Bu da Prezidentin apardığı siyasətdir. Sosial yönümlü siyasət üstünlük təşkil edəcək.

Lakin bəzi xərclərin dövlətlə əhali arasında bölüşdürülməsi, eyni zamanda, həmin xərclərin düzgün, səmərəli həyata keçirilməsinə, ictimai nəzarətin tətbiqinə gətririb çıxarır.

Hazırda pullu və dövlət büdcəsi hesabına maliyyələşən bağçalar var. Burada müştərək maliyyələşmə prinsipləri də tətbiq oluna bilər" -deyə nazir bildirib.

"Azadlıq": Neft Fondu noyabrda 590 milyon dollar itirib

"Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) investisiya portfeli sərəncamında olan valyutaların məzənnələrinin dollarla müqayisədə ucuzlaşması və qızılın qiymətinin düşməsi səbəbindən 2016-cı ilin noyabr ayında daha 590 mln. ABŞ dolları və ya 1,7% dəyərdən düşüb.

Ən böyük zərər avronun dollarla müqayisədə ucuzlaşması nəticəsində yaranıb.

Belə ki, USD/EUR məzənnəsinin düşməsi ARDNF-in 417 mln. dollardan çox zərər etməsinə səbəb olub. Dəyərdən düşən aktivlər arasında 2-ci sırada isə qızıl olub ki, burada azalma 95 mln. dollara yaxındır. Türkiyə lirəsində aktivlər 39 mln. dollar, Yaponiya yeni - 29 mln. dollar, Rusiya rublu - 16,5 mln. dollar, Koreya vonu - 13,3 mln. dollar, Çin yuanı - 7,6 mln. dollar, Avstraliya dolları - 6,3 mln. dollar dəyərdən düşüb," deyə məlumatda göstərilir.

Qeyd edilir ki, Fondun gəlir əldə etdiyi valyuta aktivləri arasında yalnız funt sterlinq yer alıb. Bu valyutada olan aktivlər noyabrda 34 mln. dollardan çox artım göstərib.

"Analitiklər hesab edirlər ki, ARDNF-in 2016-cı ilin yekun investisiya portfeli üzrə hesabatı açıqlananda son iki ayda 1,05 mlrd. dollar həcmində azalma gözlənilir.

"Report"un analitik qrupu yaxın 1-3 il ərzində ABŞ dollarının ARDNF-in investisiya portfelində yer alan bütün valyutalarla müqayisədə möhkəmlənəcəyini proqnozlaşdırır: "Qızılın qiymətinin isə 1 000 dollar/unsiyadan aşağı düşməsi gözlənilir. Bu isə neft qiymətlərinin 30 dollar/barelə qədər azalması halında valyuta gəlirlərinin önəmli şəkildə daralacağını və investisiya portfelində yer alan müxtəlif valyutalarda olan aktivlərin böyük zərərlə dollara konvertasiya olunmasına gətirib çıxara bilər. Məhz bu səbəbdən Fond investisiya portfelindəki dollar aktivlərinin payını təcili şəkildə artırmalıdır," - deyə məlumatda bildirilir.

fins.az: "PAŞA Bank"dan bədbin proqnoz

"PAŞA Bank" ASC-nin İdarə Heyətinin sədri Taleh Kazımov deyib ki, bankın növbəti ildə Azərbaycan üçün inflyasiya proqnozu 7%-dir.

T. Kazımovun sözlərinə görə, 2017-ci ildə Azərbaycan iqtisadiyyatı 3% geriləyəcək:

"Fikirləşirik ki, gələn il üçün ümumi daxili məhsulun (ÜDM) artım tempi mənfi 3%-dir".

"Yeni Müsavat": Büdcə müzakirələrində ikinci gün-hökumətlə pul davası

Dekabrın 1-də Milli Məclisin daha 5 komitəsi (Səhiyyə, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil, Mədəniyyət və Əmək və sosial siyasət) 2017-ci ilin büdcə zərfini hökumət nümayəndələri ilə birlikdə müzakirə edib.

Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib ki, 2017-ci ilin dövlət büdcəsi sosialyönümlüdür: "Azərbaycanın 2017-ci il üzrə dövlət büdcəsində sosial məsələlərə cari illə müqayisədə 1.8 faiz artıq vəsait ayrılıb. Ümumilikdə bu sahəyə 2 milyard 53 milyon manat vəsait cəlb edilib". Komitə sədri bildirib ki, gələn il pensiya, sosial müavinətlərin, təqaüdlərin, ünvanlı sosial yardımların, həmçinin dövlət büdcəsindən maliyyələşən təşkilatlarda əməkhaqqıların artırılması nəzərdə tutulur.

Maliyyə naziri Samir Şərifovsa deyib: "Devalvasiyalara baxmayaraq, yenə də manatın məzənnəsi təzyiqlərə məruz qalmaqdadır. Xərclərin optimallaşdırılaraq səmərəliliyi daha da artırılması, xarici öhdəliklərin vaxtında və tam yerinə yetirilməsi üçün maliyyə təminatının yaradılması nəzərdə tutulub. Lakin xam neftin qiymətinin daha da ucuzlaşması risk faktorudur. Neftin qiymətinin büdcədə nəzərdə tutulan 1 barel üçün 40 dollardan aşağı düşməsi, qeyri-neft sektorunda artımın nəzərdə tutulan səviyyədə olmaması, artımın gec olması və xarici mühitdəki digər mənfi meyllər nəticəsində dövlət büdcəsinin icrasında çətinliklər mümkündür. Kəsiri bağlamaq üçün xərclərin azaldılması istiqamətində atılacaq addımlar kifayət etmədikdə büdcəyə yenidən baxıla bilər".

S. Şərifov həmçinin bildirib ki, bütün çətinliklərə baxmayaraq, büdcəyə daxilolmalar artıq olacaq. "Bu daxilolmalar isə əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsinin möhkəmləndirilməsinə yönəldiləcək. 2017-ci ildə ehtiyac meyarı 105 manatdan 116 manat səviyyəsində, yaşayış minimumu isə 14,5 faiz artırılaraq 155 manata, əmək qabiliyyəti olan insanlar üçün 164,5 manat, pensiyaçılar üçün 130,2 manat, uşaqlar üçün 136,6 manat səviyyəsində müəyyənləşdiriləcək".

Mədəniyyət komitəsinin sədri Rəfael Hüseynov mədəniyyət sahəsinə ayrılan vəsaitin aşağı olmasına diqqət çəkib: "Maliyyə naziri Samir Şərifov və baş nazir Artur Rəsi-Zadə mədəniyyətə bağlı nəsillərdən çıxıblar və onlar mədəniyyət sahəsinə vəsait ayrılarkən, bu məsələni nəzərə almalıdırlar". O xatırlatdı ki, Azərbaycanın düşmənləri torpaqlarımızı işğal etməzdən öncə mədəniyyətimizi işğal edib: "O baxımdan da nə musiqi məktəbləri, nə də teatrlar bağlanmalıdır! Buna yol vermək olmaz! Mədəniyyət sahəsində hansısa qırılma olanda mütəxəssisi qısa zamanda yetişdirmək mümkün deyil. Odur ki, bu sahəyə diqqət yetirilməlidir. Onlara lazımi səviyyədə vəsait ayrılmalıdır. İqtisadiyyatın dağılmış sahəsini qısa zamanda bərpa etmək olar. Ancaq təhsil və mədəniyyətin dağılmasını bərpa etmək üçün uzun illər tələb olunur," deyə o bildirib.

Deputat Jalə Əliyeva da mədəniyyətin inkişafı və təbliği üçün büdcə vəsaitlərinin artırılmasını zəruri sayıb.

Tanınmış ürək cərrahı, deputat Rəşad Mahmudov xəstələrin xaricə axın etməsinə diqqət çəkib:

"Elə edək ki, Azərbaycandan xəstələr xaricə çox da getməsin və kapital da ölkədən çıxmasın". R. Mahmudov səhiyyə sahəsində, əsasən özəl tibb müəssisələrində olan Əlavə Dəyər Vergisinin (ƏDV) yüngülləşdirilməsini də təklif edib:

"ƏDV-nin yüksəkliyi xəstə insanlar üçün problemlər yaradır. ƏDV-nin 18 faizdən 8-ə endirilməsi əslində xəstələrdən gələn gəlirləri və büdcə daxilolmalarını artıracaq. Vergi yükü azalsa, xəstələrin də ödəmə qabiliyyəti yüksələr".

Fotonun müəllifi Getty Images

"Azərbaycan": Diferensial tarif siyasəti sosial ədalət prinsipinə söykənir

"Azərbaycanda sosial xidmətlərə görə tarif siyasəti həmişə əhalinin potensial imkanları nəzərə alınmaqla həm vətəndaşların, həm də dövlətin maraqlarının müdafiəsi prinsipi üzərində qurulur. Bu baxımdan da ötən illər ərzində ölkədə sosial xidmətlərə görə tariflərdə radikal artıma yol verilməyib, bu sahədə həyata keçirilən siyasət maksimal şəkildə vətəndaşların sosial durumu ilə uzlaşdırılıb.

Əslində, tariflərin elektrik enerjisi və təbii qazın istifadəsinin həcmi əsasında həyata keçirilən diferensiallaşdırılması sosial ədalət prinsipinin təminatına xidmət edir. Belə ki, hesablamalara görə, əhali abonentlərinin təxminən 62 faizi ildə 1500 kubmetrdən az qaz işlədir. Odur ki, təbii qazın əhali üzrə pərakəndə satış tarifi ildə məhz 1500 kubmetr qaz istifadə edən istehlakçılar üçün əvvəlki qaydada qalıb, yəni bir kubmetr üçün 10 qəpik səviyyəsində saxlanılıb. Yanvarın 1-dən yalnız illik qaz istehlakı 1500 kubmetri ötəndə hər kubmetr üçün 20 qəpik ödəmək lazım gələcək ki, bu da böyük evləri, obyektləri olan imkanlı şəxslərə təsir göstərəcək," deyə müəllif Flora Sadıqlı yazır.

"Xalq qəzeti": İlham Əliyev ABŞ Ticarət Nazirliyinin nümayəndələrini qəbul edib

Prezident İlham Əliyev dekabrın 1-də ABŞ-ın ticarət nazirinin Avropa, Orta Şərq və Afrika üzrə müşavirinin müavini Maykl Lallinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə iştirak edən ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Robert Sekuta Bakıda keçirilən ilk Azərbaycan-ABŞ biznes forumunun əhəmiyyətini qeyd edərək bu tədbirin ölkələrimiz arasında biznes əlaqələrinin qurulması üçün yaxşı imkanlar yaratdığını deyib. O, bu forumda əsas məqsədlərdən birinin Azərbaycanın üzləşdiyi çağırışların həlli yollarının müzakirəsindən ibarət olduğunu bildirib.

Prezident İlham Əliyev ABŞ-ın orta və kiçik sahibkarlıqla məşğul olan şirkətlərinin Azərbaycanı daha çox tanımaları ilə bağlı təqdimatların keçirilməsinin əhəmiyyətini vurğulayıb.

Əlaqəli mövzular