Azərbaycan və Ermənistan XİN rəhbərləri görüşəcəkmi?

Elmar Məmmədov Fotonun müəllifi GERARD CERLES AFP GETTY

Azərbaycanın xarici işlər naziri gələn həftə Hamburqda keçiriləcək ATƏT XİN rəhbərlərinin toplantısı çərçivəsində ermənistanlı həmkarı ilə görüşə hazır olduğunu bildirib. Ermənistan görüşün nəzərdə tutulmadığını desə də, onu istisna etmir.

Şənbə günü Azərbaycanda işgüzar səfərdə olan Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə keçirilən görüşdən sonra Elmar Məmmədyarov Emənistandan xəbər almadığını deyib.

"Mən dünən Hamburq görüşü ilə bağlı Anjey Kaspşiklə danışdım, Ermənistandan hələ də bir xəbər yoxdu".

Yerevan Bakının son bəyanatını şərh etməyib.

Lakin ötən gün Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan ATƏT XİN Rəhbərləri Şurasının (8-9 dekabr tarixində gözlənilən) Hamburq iclası çərçivəsində Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında görüşün nəzərdə tutulduğunu təsdiqləməyib.

"Mən bunu [görüşün baş tutacağını] istisna etmirəm, lakin bu görüş hələ təsdiq olmayıb ", - Yerevanda jurnalistlərin bu barədə sualına cavab verərkən cənab Nalbandyan qeyd edib.

O həmçinin deyib ki, Azərbaycan tərəfinin mövqeyi Qarabağ münaqişəsi üzrə danışıqlarda "irəliləyiş gözləməyi qeyri-mümkün edən bir mərhələyə gətirib".

Bakıda jurnalistlərlə görüşən Elmar Məmmədyarov Ermənistanın danışıqlardan yayındığını deyib.

"Ermənistan tərəfi isə görüşlərdən qaçır. Deməli, sözləri yoxdur", - APA agentliyində nazirin sözlərindən iqtibas verilir.

Ötən ay Ermənistan xarici işlər nazirinin müavini Şavarş Koçaryan danışıqlar prosesində tərəqqi olmamasını Bakının Vyana və Peterburq razılaşmalarını yerinə yetirməməsi ilə əlaqələndirib.

Fotonun müəllifi RIA NOVOSTI
Image caption Tərəflər aprel ayında baş vermiş şiddətli toqquşmalara görə bir-birini ittiham edir.

"Döyüş əməliyyatlarının yenidən başlanması təhlükəsi mövcud olan bir vaxtda, tərəflər arasında etimad yoxdursa, neçə ki atəş açılır, təmas xəttində provokasiyalar yaradılır - budur aprel müharibəsindən sonra Vyana sammitində qeyd olunan reallıq. Və danışıqlar ilk növbədə bu istiqamətdə aparılmalıdır ki, atəşkəs haqqında 1994-cü il sazişi həyata keçirilə bilsin", - Şavarş Koçaryan deyib.

Aprelin əvvəlində təmas xəttində baş verən şiddətli döyüşlərdən sonra Ermənistan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə danışıqların başlanmasından əvvəl Azərbaycanın "3 şərt"ə əməl etməsini istəyib.

İyun ayında Sankt-Peterburq şəhərində Azərbaycan və Ermənistan prezidentlərinin iştirakı ilə üçtərəfli görüşdən sonra Rusiya Prezident Administrasiyası bildirib ki, prezidentlər münaqişənin həllinə dair müntəzəm əlaqə qurulmasının əhəmiyyətini qeyd edib və ATƏT-in Minsk qrupunun işinə əlavə olaraq danışıqları bu formatda davam etdirmək barədə razılığa gəliblər.

ATƏT Minsk Qrupu həmsədrləri Azərbaycan və Ermənistan prezidentləri səviyyəsində görüş təşkil etməyə çalışırlar. Bu istiqamətdə aparılan iş barədə oktyabr ayının sonunda Minsk Qrupunun amerikalı həmsədri James Warlick bildirib. Hələlik görüşün təşkili üzrə səylər nəticə verməyib.

Əlaqəli mövzular

Bu barədə daha geniş