Mətbuat icmalı: "Taksi sürücülərinə növbəti qadağa tətbiq ediləcək"

Fotonun müəllifi Getty Images

"Azadlıq": 10 ayda kredit qoyuluşu 6 milyard azalıb

Mərkəzi Bank bu ilin 10 ayı üzrə statistik göstəriciləri açıqlayıb.

"İlk devalvasiyadan ötən 18 ay ərzində kreditlərin həcmi 3 milyard manata (17%) yaxın azalıb.

Bu ilin ilk 10 ayı ərzində ölkədə 15 milyard 820 milyon manatlıq kredit qoyuluşu olub. Bunun 719 milyon manata yaxınını manat, 531 milyon manata qədərini dollar təşkil edib.

Ötən il isə qoyulan kreditin məbləği 22 milyarda yaxın olub. 2015-ci illə müqayisədə, bu ilin sonuna doğru kredit qoyuluşunda fərqin 5-6 milyard civarında olacağı ehtimal edilir," - məlumatda deyilir.

Mərkəzi Bankın açıqladığı statistikanın təhlilindən görünür ki, iqtisadi regionlar üzrə kreditin faiz dərəcəsi bölgələrə görə fərqli olub. "Əgər Bakıda krediti 9 faizlə veriblərsə, regionlarda bu, ən aşağı 13, ən yuxarısı 22.9 faiz olub. Ölkə üzrə orta faiz dərəcəsi 11 götürülüb.

Ancaq ötən illə müqayisədə bu il faiz dərəcələri aşağı salınıb. 2015-ci ildə ölkə üzrə kreditlərə tətbiq edilən faiz dərəcəsi 13 olub. Ötən il Bakıda 11, Lənkəranda 23 faizlə kredit verilib," - məlumatda qeyd edilir.

"Azadlıq": Masallı sakinləri aksiya keçiriblər

Masallı rayon sakinləri sosial problemlərlə bağlı aksiya keçirib. Rayonun Xoşçobanlı kənd sakinləri yaranan problemlərə görə rayon icra hakimiyyətini günahlandırırlar. "Azadlıq"ın saytında kənddən hazırlanmış videoreportaj yerləşdirilib.

"Azərbaycan": Bir daha publik hüquqi şəxslər barədə

Son aylar ərzində prezident İlham Əliyev bir sıra publik hüquqi şəxslərin yaradılmasına dair sərəncamlar imzalayıb.

Publik hüquqi şəxs bir struktur kimi Azərbaycan üçün yeni olduğundan hüquqşünasların onun izahı ilə bağlı KİV-də müəyyən açıqlamaları olub.

Qəzet "geniş oxucu kütləsinin marağını nəzərə alaraq" publik hüquqi şəxs məsələsinə bir daha aydınlıq gətirib.

Qəzet izah edir ki, "icra hakimiyyəti orqanları qanunla təsərrüfat idarəçiliyi ilə məşğul olmaq, gəlir götürmək və pullu xidmətlər göstərmək səlahiyyətinə malik deyillər. Bu səbəbdən dövlət onlardan gəlir götürmək məqsədilə heç bir ödəniş tələb edə bilməz".

Amma Azərbaycanda artıq bir çox dövlət orqanlarının pullu xidmətlər göstərdiyinə görə "çıxılmaz vəziyyət yaranır", çünki belə götürdükdə pullu xidmət göstərən dövlət strukturlarının adi hüquqi şəxs statusu olmalıdır."

"Publik hüquqi şəxs doktrinası məhz qarşıya çıxan bütün hallarda bu problemlərin qanuni həll yoludur," - deyə yazıda qeyd edilir.

"Eləcə də publik hüquqi şəxsin əməkdaşları dövlət qulluqçuları, bağladığı müqavilələr isə mülki yox, dövlət orqanlarının bağladıqları müqavilələr kimi inzibati müqavilə ola bilər. Adi hüquqi şəxslərdən fərqli olaraq, publik hüquqi şəxs üçün məhdudiyyətlər yoxdur," - deyə qəzet yazır.

fins.az: Taksi sürücülərinə növbəti qadağa tətbiq ediləcək

Azərbaycanda taksi fəaliyyəti ilə bağlı yeni qadağa tətbiq ediləcək.

Bununla bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi təklif edilib.

"Məcəlləyə əlavəyə əsasən, taksilərin xüsusi olaraq müəyyən edilmiş və 5.14 nişanı ilə işarələnmiş duracaq yerlərindən kənar yerlərdə sifariş qəbul etmək məqsədi ilə durması qadağan edilir. Bu qaydanı pozanlar 40 manatdan 50 manata qədər cərimə ödəməli olacaqlar.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub," deyə məlumatda qeyd edilir.

fins.az: Əvəz Ələkbərov: "Görünür, neftdənkənar sektora daha çox diqqət göstərmək lazım imiş"

1999-2006-cı illərdə Azərbaycanın maliyyə naziri vəzifəsində çalışmış Əvəz Ələkbərov "Report"a müsahibə verib:

"Mənim vaxtımda neft 100-120 dollara satılmırdı, onun hər barelinin qiyməti 18 dollar ətrafında dəyişirdi. O vaxt neft 23-25 dollara satılanda sevinirdik. Amma hökumətdə qəti fikir ondan ibarət idi ki, neft daimi deyil, tədricən onun hasilatı azalacaq, yerini təbii qaz tutacaq, odur ki, neftdən əldə olunan gəlirlər gələcək nəsillərə saxlanılmalıdır. Beynəlxalq təşkilatlarla keçirilən müzakirələrdə, görüşlərdə həmişə qeyri-neft sektorunun inkişafı məsələsi diqqət mərkəzində olub," deyə sabiq nazir bildirib.

Ə.Ələkbərov nəhəng neft gəlirlərinin ölkə iqtisadiyyatına təsiri barədə belə deyib: "Azərbaycanda gözəl infrastruktur quruldu, elektrik enerjisi, təbii qaz xətləri yeniləndi, abadlıq işləri görüldü. Eyni zamanda, qeyri-neft sektorunun inkişafına da pul qoyuldu. Sahibkarlığa Kömək Milli Fondu yaradılaraq iş adamlarına güzəştli kreditlər verildi. Amma görünür, neftdənkənar sektora daha çox diqqət göstərmək lazım imiş."

"ABB-nin fəaliyyəti ilə bağlı narahatlıq o vaxtlar da olub. Mən nazir olanda tez-tez banka məktublar göndərirdik, iradlarımızı bildirirdik. Bu vəziyyət olmamalı idi. Bankın səlahiyyətli İdarə Heyəti olub, o, yaxşı idarə etməli idi, riskli kreditləşməyə getməməli idi, buna isə Müşahidə Şurası nəzarət etməli idi. Bəri başdan bilmək lazım idi ki, intizamsız atılan addımlara görə gec-tez haqq-hesab soruşacaqlar. İndi ABB-nin vəziyyəti yaxşı olsaydı, bütün bank sektorunda vəziyyət yaxşı olardı," deyə sabiq nazir Azərbaycan Beynəlxalq Bankı ilə bağlı suala cavab olaraq deyib.

"Yeni Müsavat": Bakıda öldürülən radikal islamçı Emin Cami kimdir?

"Dekabrın 3-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) həyata keçirdiyi əməliyyat nəticəsində Cami Emin Əzizağa oğlu Bakı ətrafındakı ictimai yerlərdən birində öldürülüb. Məlumatda bildirilir ki, E. Caminin saxlanılması üzrə əməliyyat tədbiri həyata keçirilərkən, sonuncu müqavimət göstərərək üzərində olan "şəhid kəməri"ni partlatmağa cəhd edib, cavab tədbiri olaraq xüsusi əməliyyat qrupu tərəfindən məhv edilib.

1978-ci il təvəllüdlü E. Cami 2007-ci ildə zərərsizləşdirilmiş "Əbu Cəfər" ləqəbli Naif əl-Bədəvinin rəhbərlik etdiyi terrorçu təşkilatın tərkibində fəaliyyət göstərdiyinə görə məhkum olunubmuş.

...DTX-nın rəsmi məlumatda bildirilir ki, E. Cami bu ilin əvvəlində azadlığa buraxılıb.

...Amma DTX-nın məlumatından bu nəticəyə gəlmək olar ki, o, azadlığa çıxdıqdan sonra yenidən qeyri-qanuni fəaliyyətlə məşğul olub. Məlumatda deyilir ki, E. Caminin ölkə ərazisində odlu silahdan və partlayıcı qurğulardan istifadə etməklə terror-təxribat törədilməsini planlaşdırmasına əsaslı şübhələr olub. Güman ki, həbsdən çıxdıqdan sonra o, yenə də izlənib.

Onun zərərsizləşdirilməsinə gəlincə, burada cavabını gözləyən suallar var ki, yəqin, bunlara yaxın günlərdə rəsmi aydınlıq gələcək. Doğrudur, DTX böyük bir təhlükəni dəf edib və terroristi insanlarımıza xətər yetirmədən zərərsizləşdirib və qətliamın qarşısını alıb," deyə qəzet yazır.

"Lakin burada ortaya çıxan əsas sual budur ki, E. Caminin təhlükəli əməlləri haqda məlumat olduğu halda, niyə o, əhalinin kütləvi toplaşdığı məkana getməzdən əvvəl zərərsizləşdirilməyib. Yada salaq ki, oktyabrın 26-da DTX əməkdaşları terrorçuluq fəaliyyətində şübhəli bilinən 21 yaşlı A. Quliyevi də Bakı-İstanbul avtobusunda üzərində olan əl qumbarasını partlatmaq istərkən zərərsizləşdirmişdi," deyə qəzet sual edir.

Bu barədə daha geniş