Rəşad Şirinin bloqu: Liberal demokratiya bitdimi?

Mitinq Fotonun müəllifi Revan Seyfulla

Demokratiya bitdimi? Hal-hazırda Avropa və Amerikada bir çoxumuzu düşündürən suallardan biri də budur.

Oxford Universitetindən olan professor Jan Zelionka deyir ki, "1989 inqlabının" sonudur və ya əks inqlab başlayıb. Nə idi axı "89 inqlabı"?

Bu inqlab yeni dövrə yol açan ciddi dəyişiklik idi - həm geopolitik həm də daxili dəyişikliklər baxımından.

Əsas məqamı isə o idi ki, dünyanın bir çox bölgəsində ideologiya ciddi şəkildə dəyişdi. Sovet İttifaqı o məkanlardan biri və ən vacibi idi.

Azadlıq eşqi

1989-dan sonra hamı demokratiyanın əvəzolunmaz, mütləq bir qayda olduğuna inandı. Həyat tərzi kimi, idarəetmə forması kimi, keyfiyyət kimi və bir sıra digər məsələlərə münasibətdə demokratiya zamanın ruhuna çevrildi.

Eyni zamanda bu demokratiya liberal idi. Yəni azadlıqlara üstünlük verirdi, azadlıq haqqda danışırdı hamı.

Azadlıq şüarları xırda-xırda bərabərlik şüarlarını tarixə qovuşdurdu.

Liberal-demokratiyanın ruhu millətləri, cəmiyyətləri, fərdləri həyəcana gətirirdi və elə o zaman da liberal dünyanın əsas prinsipləri formalaşır.

Nədir bunlar? Beynəlxalq və daxili kontekstdə siyasi açıqlıq/aşkarlıq, bazar iqtisadiyyatına inam, konstitusiya, azad və ədalətli seçkilər, təmsilçilik, şəffaflıq, siyasi dözümlülük və s.

Bu dəyərlər o qədər inandırıcı səslənirdi ki, kommunist ideologiyasından çıxmış bir çox əqidəli insan heç düşünmədən yeni ideologiyaya sarıldı.

Burada çox vacib bir məqam var ki, kommunizm dövründə ideologiyanın insanların həyatındakı rolu ciddi və güclü olduğu üçün, daha sonra da insanlar ideoloji şüarlara həssas idilər.

Bir çox məfhumlar, terminlər, fikirlər, konsepsiyalar, nəzəriyyələr, insan adları və s. eyforikcəsinə, romantikcəsinə leksikonumuza daxil olur, bizi öz cazibəsi ilə sonsuz demokratiyaya doğrü çəkib aparırdı.

Kommunizmlə nirvanaya çata bilməyən saf Sovet insanı bu yola liberalizm vasitəsi ilə davam etdi.

Təəssüf ki, hər eşq bir gün bitirmiş, sonradan öyrəndik. Millətlərin demokratiyaya hazır olmadığını öyrənmək uzun çəkmədi.

Yeni ideallar

Amma sadəcə post-Sovet millətlərimi hazır deyildi? Professor Zelionka əslində fərqli görür bunu. Söhbət ümümən dünyada liberal qaydanın pozulmasından gedir. Bir əks inqilabdır bu.

Liberal dəyərlərin yerini orta sağdan uclara doğru uzanan yeni ideallar alır. İqtisadi patriotizm, milli dövlətin səhnəyə qayıtması, dövlətin iqtisadiyyata müdaxiləsi, seçicilərlə birbaşa və emosional təmasın qurulması, miqrasiyanın inkar olunması və s. - bunlar əks inqlabın simptomlarıdır.

Avropa nəhənglərindən Britaniya bu yolun yolçusudur artıq. Ehtimal var ki, Almaniya və Fransa da qoşulacaq bu axına, çünki bu ölklərdəki siyasi ovqat buna işarə edir.

Amerika Birləşmiş Ştatlarında bu, Donald Trump-ın seçilməsi ilə özünü göstərdi. Amerika əhalisinin yarısına yaxını yeni bir Amerika istəyir - qloballaşan dünyanın gətirdiyi neqativ təsirlərin azalmasını istəyirlər. Bunlara miqrasiya və yerli insanlar üçün işlərin azalması da daxildir.

Görünən odur ki, 80-lər və 90-ların yaratdığı daxili və beynəlxalq qayda hal-hazırda əks-inqlabi oyunçular və güclər tərəfindən hücuma məruz qalıb və bu hadisə ancaq yeni yaranan dövlətlər deyil, həm də köhnə dövlətlərə aiddir.

Demokratiya və liberalizm təcrübəsi az olan ölkələrin misalında bu, çox bariz görünür. Türkiyə ən gözəl nümunədir bu baxımdan.

80-ci illərdən bəri formalaşan kövrək azadlıq mühiti sürətlə məhv olur və Türkiyədəki demokratlar getdikcə özlərini küncə sıxılmış hiss edirlər.

Keçən həftə Tbilisidə iştirak etdiyim bir beynəlxalq konfransda şəxsən şahidi oldum bunun. Türkiyənin Tbilisidəki səfiri tədbirə gələndən sonra hiss etdim ki, Türkiyədən olan iştirakçılar çox narahat oldular və Türkiyə ilə bağlı son dərəcə ehtiyatlı danışdılar.

Türkiyənin səfiri isə söz istədi və Türkiyənin mövcud hökumətinə və orada olanlara haqq qazandırmaq məqsədi ilə uzun-uzun danışdı.

"Yeni dövrə qədəm qoyuruq"

Yaxşı, bəs bu işlərin axırı nə olacaq? Əgər dünya tarixinin dövrlərdən ibarət olduğunu düşünsək, bu o deməkdir ki, ehtimal var ki, yeni bir dövrə qədəm qoyuruq.

Məsəl üçün, qədim Yunanıstanda sadəcə bir neçə şəhərdə demokratiya vardı və bu quruluş o qədər də rəğbətlə qarşılanmırdı. Sonrakı dövrlərdə demokratiya heç yada da düşmürdü və onun yenidən meydana gəlməsi daha çox 20-ci əsrə aid bir olaydır.

Məncə burada zəmanənin ruhu anlayışı çox vacibdi. Liberal demokratiyaya müxalif olan siyasi qüvvələr üstünlük qazanmaq üçün mövcud ideoloji və siyasi sistemi gözdən salırlar ki, mübarizədə qalıb gəlsinlər.

Təbii ki, cəmiyyətin ovqatı da buna imkan verir. Liberalizmin kommunizm üzərindəki qələbəsi xalqlar tərəfindən dəstəkləndi, necə ki indi istər Amerika və ya Britaniyada, istərsə də Türkiyə və ya Macarıstanda anti-demokratik hərəkatlar cəmiyyətlərin əhəmiyyətli hissəsinin dəstəyi və rəğbətinə arxalanır.

Özümüz üçün onu da müəyyən etməliyik ki, biz demokratiyaya niyə inanırıq. İnsan (cəmiyyətinin) səadəti üçün ideal bir quruluş olduğu üçünmü? Yoxsa 90-cı illərdə qabaqcıl ölkələrin demokratik olduğunu gördüyümüz və onlar kimi olmaq istədiyimiz üçünmü?

Üzərində düşünməli olduğumuz məsələ həm də odur ki, son tendensiya və hadisələr əks-inqilabın qələbəsi ilə nəticələnəcəkmi? Və nəticələnəcəksə yeni qayda nədən ibarət olacaq?

Bu suallar hələ də açıq suallardır.

Yaşayarıq görərik, necə deyərlər.

Rəşad Şirindən digər yazılar:

Bu barədə daha geniş