Azərbaycan: Sərhədsiz Reportyorlar jurnalistlərin saxlanmasını pisləyib

Bakı şəhəri Fotonun müəllifi Getty Images
Image caption Bakı şəhəri

Sərhədsiz Reportyorlar təşkilatı bu ilin noyabr ayında Azərbaycanda üç jurnalistin həbsini və iki xəbər saytının blok edilməsini tənqid edərək, Azərbayan hökümətini ölkədə "media azadlığına qarşı məhdudiyyətləri dayandırmağa" çağırıb.

Xarici İşlər Nazirliyi bəyanatla bağlı BBC Azərbaycancaya bildirib ki, Sərhədsiz Reportyorların bəyanatlarına heç zaman şərh verilmir.

Sərhədsiz Reportyorlarla əlaqə saxlamaq mümkün olmayıb.

Təşkilatın bəyanatında adları çəkilən jurnalistlər - azel.tv saytının baş redaktoru Əfqan Sadıqov, Kanal 13-ün jurnalisti Teymur Kərimov və Yeni Müsavat qazetinin jurnalisti Zamin Hacıdır.

Bəyanatda 22 noyabrda Azel.tv saytının baş redaktoru Əfqan Sadıqov barədə verilən həbs-qətimkan tədbiri barədə qərarın onun jurnalistik fəaliyyəti ilə bağlı olduğu iddia edilir.

Əfqan Sadıqovun yaşadığı Cəlilabad şəhərinində bir qadın tərəfindən yumruqla vurulduğu, amma sonra eyni qadının onun barədə verdiyi şikayət nəticəsində həbs edildiyi deyilir.

Vəkil Elçin Sadıqov BBC Azərbaycancaya bildirib ki, Əfqan Sadıqov yalnız jurnalistik fəaliyyəti və yerli icra hakimiyyəti barədə mediaya verdiyi məlumatlara görə hədəflənib.

Azərbaycanın hüquq-mühafizə orqanları BBC Azərbaycancaya bu iddiaları rədd etdiklərini deyib və Əfqan Sadıqovun həbsi ilə nəticələnən hadisənin artıq avqust-sentyabr aylarından araşdırıldığını xəbər verib.

Image caption Cənab Sadıqov, Əfqan Sadıqovun yalnız jurnalistik fəaliyyəti və yerli icra hakimiyyəti barədə mediaya verdiyi məlumatlara görə hədəfləndiyin deyib

İkinci jurnalist, Kanal 13-dən Teymur Kərimovdur. Bəyanata görə, o, noyabr ayının 25-i Bərdə şəhərində qaçqın ailələrə su təminatı problemi barədə reportaj hazırlayarkən tanımadığı şəxs tərəfindən təqib edilib.

İddia edilir ki, bu şəxs Teymur Kərimovun müsahiblərini hədələyərək onlara "müxalifətçi jurnalistlə danışmamağa" çağırıb və sonra onu fiziki şəkildə dayandırmağa cəhd göstərib.

Məlumatda deyilir ki, bundan sonra polis şöbəsinə gedən Teymur Kərimov eyni şəxs tərəfindən onu təhqir edib döyməklə günahlandırılıb.

On saat saxlandıqdan sonra, Teymur Kərimovun müsahibə qeydləri əlindən alınıb və o, sərbəst buraxılıb. Lakin onun təşkilata verdiyi məlumata görə, artıq iddialara bağlı ona qarşı cinayət işi açılıb.

Təşkilatın adını çəkdiyi üçüncü jurnalist, Yeni Müsavat qəzetinin köşə yazarı Zamin Hacıdır. Bəyanatda qeyd edilir ki, o, noyabr ayının 28-i Facebook sosial şəbəkəsində üstü açlmayan qətllərlə bağlı paylaşdığı şərhə görə saxlanılıb və "bir neçə saatdan sonra buraxılıb".

Bəyanatda həmçinin 28 noyabr və 2 dekabr arası Amerikanın Səsi və Azadlıq Radiosunun saytlarının "blok edilməsi" və 29 noyabrda Milli Məclis tərəfindən internetdə saxta istifadəçi ad və ya hesablardan istifadə edərək böhtan və təhqirlərə yol verməyin cinayət məsuliyyəti sayılması təklifinin qəbul edilməsi də tənqid edilib.

Bu barədə daha geniş