Mətbuat icmalı: İlham Əliyevin kortejinə əl yelləyənləri "polisə aparıblar"

Fotonun müəllifi Getty Images

"Azadlıq": Azərbaycanda JEK-lərə elmdən çox pul ayrılır

Müstəqil ekspertlər hesab edirlər ki, bu JEK kimi tanınan Mənzil İstismar sahələrində ixtisarların aparılması mümkündür.

"İqtisadçı Samir Əliyev hesab edir ki, dövlət büdcəsindən hər il milyonlarla manat bu qurumların fəaliyyətinə yönəldilsə də vəsaitin xərclənmə təyinatı ictimaiyyətdən gizli saxlanılır. Samir Əliyev müşahidələrinə əsasən bildirir ki, Mənzil İstismar Sahələri sakinlərdən mənzil haqqı və digər kommunal ödənişlər də yığır. Amma ən xırda problemləri belə mənzil mülkiyyətçisinin öz vəsaiti hesabına həllini tapır.

2009-cu ildə Mənzil Məcəlləsinin mənzil fondunun idarə edilməsinə dəyişiklik olub. Və Mənzil İstismar sahələrini prosesindən kənarlaşdırılıb. Heç bir hüquqi statusu qalmayan Mənzil İstismar Sahələri və JEK-lər niyə hələ də qalır?.." - yazıda deyilir.

Müstəqil müşahidəçilərin fikrincə, Azərbaycanda JEK-lərin hələ də ləğv olunmaması səbəblərindən biri də seçkilərdir. "Bu qurumda çalışanların öhdəliklərindən biri də vətəndaşları seçkilərə aparmaqdır. Karusel, təkrar səsvermə kimi seçki pozuntularında onların da iştirakı və təşkilatçılığı olduğu haqda iddialar da var," deyə yazıda qeyd edilir.

"Azadlıq": İlham Əliyevin kortejinə əl yelləyənləri polisə aparıblar

"Gördük kortej gəlir, istədik prezidentin diqqətini çəkək. Kortejə əl yellədik, polislər üstümüzə tökülüşdü. İki xanımı 9-cu bölməyə apardılar. Hələ də bölmədə saxlayırlar".

Bakıdan və bölgələrdən olan bir qrup dərdli insan uzun illərdir ki, bir parça mələfəni boyunlarına taxıb ölkəiçi qurumlara üz tutub, qarşılaşdıqları ədalətsizliklərə son qoyulmasını tələb edirlər. Onları tez-tez Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin, Prezident Administrasiyasının, Nazirlər Kabinetinin, Ədliyyə Nazirliyinin qarşısında görmək olur.

"Dekabrın 5-də isə onlar yenə Daxili İşlər Nazirliyinin qəbul otağına toplaşıblar ki, nazirin qəbuluna düşsünlər. Ancaq ölkə başçısının nazirliyin yaxınlığından keçən kortejini görəndə, özlərini çölə atıblar.

Hazırda polis bölməsinin qarşısında olan şikayətçi Qorxmaz Əliyev: "Biz səhər o başdan nazirliyin qarşısındaydıq. Nazirin maşınının qabağını kəsmək istəyirdik ki, bəlkə bizi qəbul edər. Polislər əlimizdən onsuz da qəzəbli idilər. Bir də qadınların kortejə əl edib qışqırmaları polisləri lap özündən çıxartdı. Qadınları sürüyüb yaxınlıqdakı bölməyə apardılar. İndi də hədə-qorxu gəlirlər ki, "özünüzü kortejin qabağına atıb prezidentə sui-qəsd etmək istəmisiz"".

9-cu polis bölməsindən AzadlıqRadiosuna bildirilib ki, Nigar Cəfərova və Mətanət Mahmarzayeva prezidentin Daxili İşlər Nazirliyinin inzibati binasının qarşısından keçən kortejinə mane olmaq istəyiblər," - deyə yazıda göstərilir. Polisdən həmçinin bildirilib ki, hər iki qadın izahatları alınandan və xəbərdarlıq olunandan sonra sərbəst buraxılacaqlar.

"Azərbaycan": "Ağ şəhər" layihəsi Yaponiyada da maraqla qarşılanır

Xətai rayonu Tokio prefekturasının Setaqaya şəhəri ilə qardaşlaşacaq.

Xətai Rayonu İcra Hakimiyyətinin başçısı Razim Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti noyabrın 29-dan dekabrın 5-dək Tokioda səfərdə olub. Səfərin məqsədi iki ölkə arasındakı münasibətlər tarixində ilk dəfə paytaxt şəhərlərin rayonları arasında dostluq və əməkdaşlıq münasibətlərinin yaradılması və bu məqsədlə Bakı şəhərinin Xətai rayonu ilə Yaponiyanın Tokio prefekturasının Setaqaya şəhəri arasında əlaqələrin qurulmasıdır.

Nümayəndə heyətinin tərkibinə deputat Hüseynbala Mirələməov və rayon icra hakimiyyəti ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov daxil idi.

Səfər çərçivəsində nümayəndə heyətinin üzvləri... Tokio prefekturasının Tullantıların Emalı Mərkəzinin və 2020-ci ildə Tokioda keçiriləcək Olimpiya və Paralimpiya Oyunlarının təşkilat komitəsinin yarışlara hazırlıqla bağlı fəaliyyəti ilə də tanış olublar.

Setaqaya şəhərinin ekologiya məsələlərinə xüsusi diqqət yetirdiyini qeyd edən mer N.Hosaka, Xətai rayonundakı "Ağ şəhər" layihəsinin bu istiqamətdə təcrübə mübadiləsi üçün əhəmiyyətli olacağını bildirib.

"Yaponiya parlamentinin müşavirlər palatasının üzvü xanım Akiko Santo Xətai rayonunda salınmış "Yapon bağı"nın qarşılıqlı dostluq münasibətlərinin inkişafına müsbət təsirini qeyd edib, Azərbaycanda yapon mədəniyyətinə göstərilən diqqətə görə minnətdarlığını bildirib. İki dost ölkənin regionları arasında yeni münasibətlərin qurulması təşəbbüsünü alqışlayarq, bu istiqamətdə daim dəstək göstərməyə hazır olduğunu qeyd edib," deyə məlumatda qeyd edilir.

lent.az: İlham Əliyev Özbəkistanın yeni prezidentini təbrik edib

Fotonun müəllifi Reuters
Image caption Sabiq baş naziri Şavkat Mirziyoyev 88,61 faiz səslə Özbəkistanın prezidenti seçilib.

Azərbaycan prezidenti İlham Əliyev Şavkat Mirziyoyevi Özbəkistan prezidenti seçilməsi münasibəti ilə təbrik edib.

Prezidentin məktubunda deyilir:

"Hörmətli Şavkat Miromonoviç, Özbəkistan Respublikasının prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə sizi səmimi qəlbdən təbrik edirəm. Əminəm ki, birgə səylərimiz xalqlarımızın mənafeyi, regionda sülh, sabitlik və təhlükəsizlik naminə Azərbaycan ilə Özbəkistan arasında strateji tərəfdaşlığın, hərtərəfli əməkdaşlığın və çoxsahəli qarşılıqlı fəaliyyətin daha da inkişaf etdirilməsinə və möhkəmlənməsinə yönələcək. Hörmətli Şavkat Miromonoviç, sizə möhkəm cansağlığı, firavanlıq və qardaş Özbəkistan xalqının rifahı naminə dövləti fəaliyyətinizdə uğurlar arzu edirəm".

fins.az: Azərbaycan icbari tibbi sığortada Estoniya modelini öyrənir

Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mütəxəssisləri Sadiq Mədətov və Tural Qulu 1-2 dekabr tarixlərində Estoniyanın Tallin şəhərində Mərkəzi, Şərqi və Cənub-Şərqi Avropa ölkələri üçün təşkil olunmuş Səhiyyə Sistemlərinin Müştərək Şəbəkəsinin 2-ci görüşündə iştirak ediblər.

"İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının, Qlobal Fondun, Ümumdünya Səhiyyə Təşkilatının və Estoniya Sosial İşlər Nazirliyinin birgə dəstəyi ilə təşkil edilən görüşün məqsədi iştirakçı ölkələrin maliyyə, səhiyyə və icbari tibbi sığorta üzrə mütəxəssisləri ilə dövlət büdcəsindən səhiyyəyə maliyyə resursları ayrılarkən meydana çıxan məsələlərin və səhiyyə sisteminin maliyyə dayanıqlılığını təmin etmək üçün hazırlanan effektiv siyasət sənədlərinin müzakirəsi olub.

Görüşdə həmçinin, səhiyyə sistemlərinin fəaliyyətinə əsaslanan maliyyələşməsi, hesabatı və monitorinqi, səhiyyəyə ayrılan maliyyə resurslarının xərclənməsinə nəzarət mexanizmləri, müzakirə olunmuş və müxtəlif Avropa ölkələrinin bu sahədə təcrübələri öyrənilib," deyə məlumatda qeyd edilir.

Agentliyin nümayəndələri Estoniya Tibbi Sığorta Fondunda görüşlər keçiriblər.

Bu barədə daha geniş