Büdcə 2017: Gəlirlərlə yanaşı xərclər də azalır

Fotonun müəllifi Getty Images
Image caption Çərşənbə axşamından başlayaraq Milli Məclisdə 2017-ci ilin dövlət büdcə zərfi müzakirə olunur.

Dövlət büdcə layihəsini təhlil edən iqtisadçılar 2017-ci ili ölkə iqtisadiyyatında "gərgin" il adlandırır.

Noyabr ayında Maliyyə Nazirliyinin saytında yerləşdirilmiş 2017-ci ilin büdcəsinə dair qanun layihəsinə əsasən, ötən ilin təsdiq olunmuş dövlət büdcəsinə nisbətən gəlir və xərclər azalıb.

Ötən il, yəni, 2016-cı il dövlət büdcəsinin gəlirləri 16 milyard 822 milyon manat, xərcləri isə 18 milyard 495 milyon manat məbləğində təsdiq edilib.

2017-ci il dövlət büdcəsinin müzakirə edilən qanun layihəsində isə dövlət büdcəsinin gəlirləri 15 miyard 955 milyon manat, xərcləri 16 milyard 600 milyon manat məbləğində proqnozlaşdırılıb.

Büdcədə 3 bölmədən başqa bütün sahələrin xərcləri azaldılıb. Xərcləri artırılan bölmələr "Müdafiə", "məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq" və "əsas bölmələrə aid edilməyən xidmətlər"-dir.

Bu bölmələrin xərcləri təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat, iqtisadi fəaliyyət kimi digər sahələrin xərclərinin azaldılması hesabına artırılıb.

2017-ci ili iqtisadi cəhətdən gərgin adlandıran iqtisadçılar hesab edirlər ki, təhsil, səhiyyə, sosial müdafiə kimi bölmələrin xərclərinin azaldılması doğru addım deyil.

2016 və 2017-ci il büdcələrində xərclərin müqayisəsi (manatla)
Xərclər 2016 2017
Ümumi dövlət xidmətləri 3.063.698.141,0 2.844.898.155,0
Müdafiə 2.228.834.663,0 2.642.092.672,0
Məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq 1.208.181.941,0 1.213.568.138,0
Təhsil 1.830.212.837,0 1.733.366.848,0
Səhiyyə 830.812.993,0 745.381.258,0
Sosial müdafiə və sosial təminat 2.698.760.194,0 2.053.050.348,0
Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyət 738.632.871,0 282.575.277,0
Mənzil və kommunal təsərrüfatı 447.801.558,0 304.210.693,0
Yanacaq və enerji 5.844.925,0 3.515.000,0
Kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi 684.473.845,0 517.434.245,0
Sənaye, tikinti və faydalı qazıntılar 3.024.648.000,0 2.521.126.000,0
Nəqliyyat və rabitə 129.958.976,0 101.838.073,0
İqtisadi fəaliyyət 360.000.000,0 191.507.755,0
Əsas bölmələrə aid edilməyən xidmətlər 1.243.139.056,0 1.445.435.538,0

Məhkəmə sisteminin önəmliliyi

Yeni dövlət büdcəsi layihəsini BBC Azərbaycancaya şərh edən iqtisadçı Əkrəm Həsənov, 2016-cı ilin büdcəsi ilə müqaisədə gələn ilin büdcəsində əksər bölmələr üzrə xərclərin azaldılmasını manatın devalvasiya və inflyasiyaya məruz qalması ilə əlaqələndirir.

O əlavə edir ki, "bu proses (Manatın devalvasiya və inflyasiyaya uğraması ) davam edir və 2017-ci ildə də edəcək".

Gəlirlər azaldığı üçün, xərclərimiz də azalmalıdır. Buna görə də sahələr arasında bölgü edərkən prioritetlik məsələsi önəmlidir, iqtisadçı deyir.

Onun sözlərinə görə, müdafiə sahəsinə göstərilən diqqət başadüşüləndir, "..müharibə şəraitində belə də olmalıdır", o qeyd edir.

İqtisadçı müdafiə ilə yanaşı ən prioritetli sahələrin məhkəmə sistemi və kənd təsərrüfatı olduğunu vurğulayır.

Kənd təsərrüfatı səhəsini prioritet seçməsinin səbəbini "ölkənin ərzaq təhlükəsizliyi digər iqtisadi sahələrdən daha vacibdir" deyə açıqlayan cənab Həsənov, bu sahənin xərclərinin artırılması ilə ölkənin valyuta gəlirlərinin ərzağın idxalına sərf edilən hissəsinin azalacağını bildirir.

"Demirəm ki, heç xaricə kənd təsərrüfatı məhsulları sataq. Heç olmasa özümüzü təmin edək. Paralel qeyri-neft sektorunun digər sahələrini, o cümlədən sənayeni də inkişaf etdirmək, sahibkarlara dəstək vermək lazımdır", o deyir və əlavə edir ki, bunun ilk şərti məhkəmələrin müstəqil və obyektiv olmasıdır.

"Əks halda heç kəs ölkəyə sərmayə qoymayacaq. Buna görə də məhkəmə sisteminə xərc kəskin artırılmalıdır", o vurğulayır.

İqtisadçı, o cümlədən, hakimlərin əmək haqqının artırılmasının vacibliyindən danışır.

Əkrəm Həsənov sənaye, tikinti və faydalı qazıntılar, habelə nəqliyyat və rabitə bölmələri üzrə xərclərin nisbətən daha çox azaldılmasının mümkün olduğunu deyir.

"Çünki indiki şəraitdə bu sahələrin effekti olmayacaq. Sahibkarlıq üçün lazımi şərait olmadan onsuz da onları real və səmərəli inkişaf etdirmək mümkün olmayacaq", o qeyd edir.

Gəlirlərin azalması

İqtisadçı Vüqar Bayramov büdcə xərclərinin azaldılmasının "müsbət hal" olmadığını deyir.

Onun sözlərinə görə, bütövlükdə büdcə xərclərində qənaət rejimi tətbiq edilir. İqtisadçı deyir ki, növbəti ildə Dövlət Neft Fondu tərəfindən büdcəyə transferlərin həcmi 7, 6 milyard manatdan 6,1 milyard manata qədər, yəni 1 milyard manatdan çox azalacaq.

Cənab Bayramov yeni büdcə layihəsində üç xətt istiqaməti üzrə, yəni təhsil, səhiyyə və sosial müdafiə sahələrində azalmaların olmasını məqsədəuyğun hesab etmir.

"İqtisadi çətinlik dövründə belə bu xərclərin qorunub saxlanılmasına ehtiyac var idi", o deyir.

O bildirir ki, qiymət artımlarının baş verməsi fonunda əmək haqqı və pensiyaların daha çox artırılmasına ehtiyac var və bu səbəbdən sosial xərclərin azaldılması deyil artırılması vacibdir.

Bununla yanaşı iqtisadçı ümumi dövlət xidməti xərclərinin azaldılmasını doğru sayır.

Onun sözlərinə görə, gələcəkdə bu xərclərin daha çox azaldılmasına ehtiyac var.

"Dövlət strukturu nə qədər kiçilirsə, xərclənən vəsaitlərin həcmi az olur. Bu daha çevik qərarların verilməsi və daha şəffaf idarəetmə anlamına gəlir", o bildirir.

Dövət borclarının ödənilməsi

İqtisadçı Azər Mehtiyev 2017-ci ili ölkə iqtisadiyyatı üçün "çox gərgin" il adlandırır.

"Dövlət büdcəsi hökumət siyasətinin güzgüsüdür", o deyir və əlavə edir ki, 2017-ci ilin büdcəsində son illərlə müqaisədə ümumi dövlət xidmətləri, müdafiə və təhlükəsizlik üzrə xərclər xüsusi çəkiyə malik olur.

"Əvvəllər bunlar büdcənin 20 faizinə qədərini əhatə edirdisə, artıq bu 2 dəfə artıb və 40 faizlik həddi keçib. Bu o deməkdir ki, dövlət bu sahələri prioritet olaraq diqqətdə saxlayır", o vurğulayır.

İqtisadçı açıqlayır ki, xərclərin 17 faizi ümumi dövlət xidmətləri bölməsinə aiddir. Bu vəsaitin yarısından çoxu isə dövlətin daxili və xarici borclarına xərclənir.

O, ötən ildən başlayaraq xarici borcların ödənilməsinə yönəldilən vəsaitin ildən ilə artmaqda olduğunu da bildirir və deyir ki, bu hal ölkəyə neft gəlirlərinin daxil olmasının azalması dövründə hökumətin sürətlə borclanmasını əks etdirir.

Əhalinin gözləntiləri

Azər Mehtiyevin sözlərinə görə, əhali inflyasiya və qiymət qalxmalarından qorxub.

"… iqtisadi böhran, iş yerlərinin azaldılması və qiymətlərin qalxması fonunda əhalinin sosial müdafiəsinin təşkil edilməsi xüsusi önəm kəsb edir", o qeyd edir və əlavə edir ki, "görünür ki bu istiqamətdə dövlət büdcəsinin imkanları elə də geniş deyil".

"Dövlət ən yaxşı halda vəsaitlərin mövcud səviyyəsini qoruyub saxlamağa daha çox diqqət yetirir. Gələn il iflyasiyanın səviyyəsinə uyğun olaraq əmək haqlarının, pensiyaların, sosial müavinətin belə kompensasiya olunmağı məhdud görünür", deyən iqtisadçı bu vəziyyəti hökumətin iqtisadi imkanlarınını məhdudluğu ilə bağlayır.

Azər Mehtiyev vurğulayır ki, gələn ilin büdcəsindən gözləntilər ən çox iqtisadi islahatlarla bağlıdır.

Onun sözlərinə görə, ölkədə islahatlar həyata keçirlməlidir ki, böhran aradan qaldırılsın.

Qeyd: Azərbaycan iqtisadiyyatında zəifləmə 2014-cü ildə neftin qiymətinin aşağı düşməyə başlamasından sonra müşahidə olunur.

2015-ci ilin fevralında Mərkəzi Bank dolların məzənnəsini 1 manat 5 qəpik səviyyəsində müəyyən edib. Həmin ilin dekabrın 21-də isə qurum Azərbaycan valyutasını üzən məzənnə rejiminə keçdiyini açıqlayıb. Həmin vaxt dolların məzənnəsi 47 faizdən çox artaraq, 1 manat 55 qəpiyə çatıb.

Mərkəzi Bankın son məlumatına görə, 1 ABŞ dolları 1 manat 73 qəpiyə bərabərdir.

Əlaqəli mövzular