Bayram Məmmədov: "Əgər Vətən Heydər Əliyev Fondudursa..."

Bayram və Qiyas Fotonun müəllifi Ramin Deko

Narkotik maddələrin dövriyyəsində ittiham edilmiş gənc fəal Bayram Məmmədova 10 il həbs cəzası verilib.

Bu gün o həmçinin məhkəmədə, həbs müddətini çəkmək üçün aparılmazdan öncə son bəyanatını söyləyib.

"Əgər Vətən Heydər Əliyev Fondudursa, Heydər Əliyev adına Hava Limanıdırsa, Heydər Əliyev adına idman kompleksidirsə, Heydər Əliyev Mərkəzidirsə, Heydər Əliyev Muzeyidirsə, ucsuz-bucaqsız Heydər Əliyev prospektidirsə, Azərbaycanın bütün şəhər və rayonlarındakı saysız-hesabsız Heydər Əliyev parklarından ibarətdirsə, bəli, mən vətənə xəyanət edirəm.

Və bununla fəxr edirəm. Məni vətənə xəyanətə görə də mühakimə edə bilərsiniz.

Axmaqlar haradan bilsinlər ki, əsl vətənpərvərlik xalqı bu hakimiyyətdən qorumağa çalışmaqdır", yerli media Bayram Məmmədovun son sözündən sitat gətirib.

"Fəxr edirəm"

Fəalın atası Fərman Məmmədov BBC Azərbaycancaya bildirib ki, övladına veriləcək həbs cəzası onun üçün gözlənilən olub.

"Biz buna hazır idik, 12 ilə də hazır idik, biz bilirdik ki sıfariş verilib. 10 il, bir ata kimi, [mənim üçün] çoxdur, amma pis əməl üstündə getmədi."

"Azad bir insan öz fikirlərini dedi, yazdı, fəxr edirəm övladımla", o əlavə edib.

Onun sözlərinə görə fəal həmçinin bugün məhkəmədə son söz söyləyib. "O dedi ki, fəxr edirəm, heykəl məsələsinə görə, narkotiklə əlaqəm yoxdur."

Cənab Məmmədov hakimin Bayramın sözlərini tez-tez kəsdiyini də əlavə edib.

BBC Azərbaycancada həmçinin:

Vəkil Elçin Sadıqov BBC Azərbaycancaya bildirdiyinə görə, fəal heykəli yazma səbəblərindən danışarkən hakim onun sözünü kəsib və o son sözünü bitirməmiş məhkəmə müşavirəyə gedib.

"Bu dəfə də hökm elan ediləndə Bayram arxasını hakimə çevirmişdi", vəkil Sadıqov qeyd edib.

Bu qərardan apellyasiya şikayəti verəcəyini söyləyən vəkil hökmü "qanunsuz və əsassız" adlandırır.

Bayram Məmmədov Qiyas İbrahimovla birlikdə, hər il mayın 10-da doğum günündə keçirilən Gül bayramından öncə Milli Bankın önündəki parkda yerləşən mərhum prezident Heydər Əliyevin abidəsinin ətrafına "Qul bayramınız mübarək" şüarları yazıldıqdan sonra həbs edilib.

Baş Prokurorluq açıqlama yayıb ki, hər iki gəncə qarşı qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma maddəsilə cinayət işi başlayıb.

Qiyas İbrahimov da eyni ittihamla 10 il müddətinə həbs edilib.

2 dekabrda keçirilmiş prosesdə onun barəsində məhkəmə istintaqı yekunlaşıb və dövlət ittihamçısı ona 10 il 6 ay iş verilməsini istəyib.

Bu barədə daha geniş